BANK

«Öz xoşu ilə» işdən çıxmaq niyə sərfəli deyil? – ARAŞDIRMA
01 AVQUST
3503

«Öz xoşu ilə» işdən çıxmaq niyə sərfəli deyil? – ARAŞDIRMA

2016-08-01 15:50:00

Son  günlər  bağlanan bankların əməkdaşlarının işdən azad olunması ilə bağlı mübahisələr yaranıb. Onların fins.az-a müraciətlərindən məlum olub ki, bank rəhbərləri əməkdaşlara öz xahişləri ilə işdən azad olunmaqla bağlı ərizə yazmağı tapşırıb. 

Bank əməkdaşları isə bunun  qanunauyğun olmadığını, onların gələcəkdə  müavinət almaqla bağlı problemlərinin yaranacağını əsas gətirərək bundan imtina edirlər. Bağlanan bankların əməkdaşlarına və ümumiyyətlə, son aylarda  bu və ya digər səbəbdən iş yerini itirən vətəndaşlara  kömək məqsədilə qanunvericiliyin tələblərini araşdırdıq. 

İşsizlik status kimə verilir? 

Qeyd edək ki, ixtisar  və ya müəssisənin, şirkətin, bankın və s. ləğv olunması ilə iş yerini itirən vətəndaşlar məşğulluq mərkəzlərində işsiz kimi  qeydiyyata alınırlar.

İşsizlərin qeydiyyatı 2 istiqamətdə aparılır: iş axtaranlar və işsizlər. Başqa sözlə, indiyədək  heç bir yerdə işləməyən və  sosial ödənişləri etməyən vətəndaş işsiz sayılmır.  Onlar iş axtaran kimi qeydiyyata alınır və mövcud vakansiyalar onlara təklif  edilir. Onlar iş tapdıqdan sonra siyahıdan çıxarılır.

İşsiz   statusu  yalnız ixtisarlar, ləğvetmə hadisələri ilə  əlaqədar işdən azad edilən vətəndaşlara verilir. Başqa sözlə, hansısa müəssisənin bağlanması və ya orada aparılan ixtisarlar nəticəsində işini itirən insanlar məşğulluq orqanlarında qeydiyyata alınır və onlara işsizlik statusu verilir. Bu statusun alınması üçün  əmək müqavilələrinin olması mühüm şərtdir. Yəni,  xidmət müqaviləsi və digər qarşılıqlı razılıqlar əsasında  işləyən vətəndaş  işini itirdikdə   işsiz statusu ala bilməyəcək. 

Eyni zamanda öz ərizəsi ilə işdən azad edilən şəxslərə də bu status verilmir. Ona görə də bank işçiləri bu məsələdə diqqətli olmalıdırlar.

İşsizlər nə qədər müavinət alır?

Hüquqşünas Elnur Əliyev bildirib ki, işsiz kimi qeydiyyata alınan hər bir şəxs  işdən çıxmağının səbəblərindən asılı olmayaraq işsizlik müavinəti almaq hüququna malikdir. Lakin ixtisarla və ya müssisənin ləğv edilməsi ilə bağlı  işdən çıxarılan işçilərə daha üstün maddi təminat nəzərdə tutulur: “Belə ki, ixtisar nəticəsində əmək müqaviləsinə xitam verilmiş işçiyə orta aylıq əmək haqqı miqdarında işdən çıxma müavinəti və növbəti iki ayda orta aylıq əmək haqqı miqdarında müavinət verilir. Həmin müavinət məşğulluq xidmətində qeydiyyata alındıqdan sonra verilən işsizlik arayışına əsasən ödənilir”.

Hüquqşünas qeyd edib ki, işçi  26 həftə, yəni 6 ay ərzində işlədiyi müddətdə aldığı əməkhaqqının 70 faizi həcmində müavinət ala biləcək. Məsələn,  əgər siz hər hansı şirkətdə və  bankda öz ixtisasınızla məşğul  olaraq  500 manat maaş alırdınızsa, işsizlik statusu aldıqdan sonra  hər ay 350 manat müavinət alacaqsız. 

İşsizlik müavinəti 6 ay müddətində  verilir.  İşsiz qalan  şəxsin himayəsində 18 yaşına çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği bir qədər də artır. Hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində əlavə ödəniş edilir. Lakin artım hissəsi müavinətin əsas hissəinin 50 faizindən artıq olmamalıdır. Məsələn, müavinət 350 manatdırsa, artım 175 manatı keçməməlidir.

Əgər işsizlik statusu alan şəxsə 2 ay müddətində layiqli iş təklif eidlməzsə, o ixtisar nəticəsində işsizliyə görə müavinət ala bilər. Bu müavinətin məbləği də əvavəlki ay olduğu kimi, əmək haqqının 70%-i qədər olacaq. Bütün bu məsələlər “Məşğulluq haqqında” qanunla və işsizlik müavinətinin hesablanması qaydaları ilə tənzimlənir.

Qeyd edək ki, hazırda işsizliyə görə minimal müavinət 75 manatdır.

Əlavə müavinətlər də ala bilərsiz 

«BSC Company»nin hüquqşünası Təhminə Dəmirova bildirib ki, ixtisarlar və ya iş yerinin bağlanması səbəbindən işsiz qalan şəxslərə iş yerindən verilən müavinətlər «Əmək Məcəlləsi»nə uyğyn olaraq hesablanır:

«Əmək Məcəlləsinin 77-ci və 78-ci maddələrinə əsaslanaraq ixtisarın   əmək qanunvericiliyinin tələblərinə uyğun  olaraq aparılması üçün  proses  aşağdakı mərhələlərdən ibarət olmalıdır: 

1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. 

2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

3. İşəgötürən  xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər”. 

Bundan əlavə olaraq “Əmək Məcəlləsi”nin 77-ci maddənin 3-cü bəndinə əsasən, işçiyə aşağdakı əlavə müavinatlar ödənilməlidir:

orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti; 

işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. 

Hüquqşünas qeyd edib ki, burada  nəzərdə tutulan orta əmək haqqı məşğulluq mərkəzlərindən verilən işsizlik arayışları  əsasında ödənilir.

Həmin arayış işdən çıxan gündən bir ay müddətində məşğulluq xidmətində qeydiyyata alınan şəxslərə verilir. Bu ödəmələr işəgötürən, müəssisə ləğv edildikdə isə onun əmlakının yeni mülkiyyətçisi (əmlakın operativ idarəçiliyini həyata keçirən hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. 

Hüquqlarınızı məhkəmədə tələb edə bilərsiz                      

İşdən ixtisar edilən şəxslərin öz hüquqlarını məhkəmədə tələb etməlk haqqı da istisna edilmir. T. Dəmirova bildirib ki, «Əmək Məcəlləsi»nin  296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 

«Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271