BANK

Bankların xilası üçün təkliflər - AÇIQLANDI
11 İYUL
728

Bankların xilası üçün təkliflər - AÇIQLANDI

2016-07-11 15:34:00

İqtisadçı ekspert Samir Əliyev Bankların bəzilərinin düşdüyü çətin durumdan çıxmağın yollları haqqında təkliflər planını hazırlayıb.

İqtisadçı bildirib ki, bank sektorunda ixtisarlar, filialların bağlanması tendensiyası müşahidə edilir. İqtisadiyyatın kiçilməsi bankların sayının çoxluğunu daha qabarıq şəkildə göstərir, onların gəlirlərini azaldır. Belə vəziyyətdə əksər ölkələrdə olduğu kimi Azərbaycanda da bankalra dövlət dəstəyinin olması  məsələsi gündəmə gəlir. Bir qayda olaraq böhran dövründə əksər ölkələrdə dövlət bank sektoruna müxtəlif formalarda dəstək verərək ölkənin maliyyə dayanıqlığını qoruyur.

Bankların xilası üçün beynəlxalq təcrübədə aşağıdakı tədbirlərindən istifadə olunur.

  1. Maliyyə qurumlarında problemli aktivlərin sağlamlaşdırılması məqsədilə keyfiyyətsiz (zərərli) aktivlərin alınması – Almaniya, İrlandiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Böyük Britaniya, Fransa kimi ölkələrdə həyata keçirilib. ABŞ-da Toksik aktivlərin sağlamlaşdırılması üçün xüsusi proqram (Troubled Assest Relief Program – TARP) qəbul edilib. ABŞ-ın mərkəzi bankı olan Federal Ehtiyat Sistemi Fannie Mae və Freddie Mac korporasiyalarının ipoteka istiqrazlarını alıb. ABŞ hökuməti zərərli aktivlərin alınmasına 1 trilyon dollar, Britaniya hökuməti isə 600 milyard funt sterlinq xərcləyib.

Zərərli aktivlərin alınmasının mahiyyəti belədir ki, əvvəlcə, xüsusi dövlət şirkəti yaradılır. Sonra həmin şirkət tərəfindən alınacaq aktivlərin həcmi və proqrama cəlb ediləcək maliyyə təşkilatlarının siyahısı müəyyənləşdirilir. Prosesin əsas elementi alınacaq aktivlərin dəyərinin müəyyənləşdirilməsidir. Alış qiyməti balans dəyəri, bazar dəyəri və ya hər ikisinin orta səviyyəsi götürülə bilər.  Alış əks hərrac (ən aşağı qiymətə alış) prinsipi ilə aparılır.

  1. Rekapitalizasiya (səhmlərin alınması yolu ilə, o cümlədən subardinasiya borcu şəraitində mülkiyyətdə iştirak etməklə əlavə kapitalın cəlbi) – Rekapitalizasiyanın əsas məqsədi bankların ödəmə qabiliyyətinin yaxşılaşdırılması və kredit aktivliyini dəstəkləməkdir. Rekapitalizasiya Niderland, Belçika, Yaponiya, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, Portuqaliya, İsveçrə, Cənubi Koreya kimi ölkələrdə həyata keçirilib.

Əsas antiböhran strategiyası qismində əksər ölkələr bankların səhmlərinin dövlət tərəfindən alınması siyasətinə üstünlük veriblər. Bu siyasət daha çox iri banklara, yəni bağlanması ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyini təhlükə altına ala biləcək maliyyə təşkilatlarına münasibətdə atılıb. Rekapitalizasiya mexanizmi hər bir ölkədə özünəməxsus aparılıb. Məsələn, Böyük Britaniyada hökumət ən böyük banklara, Çində ən böyük bank olan Aqrar banka, Yaponiyada isə real sektoru maliyyələşdirən banklara dəstək göstərilib. Böyük Britaniyada dövlət tərəfindən dəstək kommersiya əsasında aparılıb və müvəqqəti xarakter daşıyıb.

Yaponiyada maliyyə təşkilatlarının yenidənkapitallaşması proqramına 222 milyard dollar, Çində 29 milyard dollar, Böyük Britaniyada 50 milyard funt sterlinq, ABŞ-da 700 milyard dollara qədər vəsait xərclənib

  1. Əmanətlərin sığortalanması. Bu mexanizmin əsas məqsədi əhalinin banklara inamını artırmaqdır. Praktiki olaraq bütün ölkələr bankların ödəmə qabiliyyəti itəcəyi təqdirdə əmanətləri qaytarmaq üçün əmanətləri sığortalanma mexanizmi yaradıblar. ABŞ-da bank əmanətlərinin sığortalanması məbləği 100 min dollardan 200 min dollara qədər artırılıb.
  1. Digər öhdəliklərə zəmanət verilməsi (yeni borc qiymətli kağızları buraxılışı yolu ilə borcun konvertasiyası) – Bank qurumlarına inamı artırmaq, banklardan əmanət çıxarılmasının qarşısını almaq və ya öhdəliklərin vaxtından əvvəl icrası tələblərinin yaranması ilə əlaqədar əksər ölkələrdə dövlətin maliyyə resursları hesabına bankların borclarına zəmanət verilməsi təcrübəsi mövcuddur. Məsələn, ABŞ-da likvidliyin artırılması üçün FES banklararası kreditlərlərə və digər bank borclarına zəmanət verib. Britaniyada da hökumət banklararsı ssudalara zəmanət verib. Belə proqramların maliyyələşdirilməsinə ABŞ hökuməti 700 milyard dollar, Britaniya 250 milyard funt sterlinq, Rusiya isə 50 milyard dollar sərf edib.

Mexanizmlər bunlarla məhdudlaşmır. Geniş olmasa da rekapitalizasiyanın digər forması – dövlətin dəstəyi ilə bankın xarici investor tərəfindən alınması mexanizmidə mövcuddur. Bundan başqa prudensial tənzimləmənin məhdudlaşdırıcı  normalarını, aşağı likvidli istiqrazların daha liberal qiymətləndirmə formasını tətbiq etmək olar. Belə tədbirlər bir tərəfdən bankın kapitallaşmasını gəlirlər vasitəsilə artırmağa imkan versə də, digər tərəfdən bu, zəruri aktivlərin silinməsinin ləngiməsinə və əməliyyatların şəffaflığının azalmasına gətirib çıxara bilər.

Qeyd etmək yerinə düşər ki, İrlandiya, İsveç, Böyük Britaniya və ABŞ kimi ölkələrdə maliyyə intervensiyasının ümumi həcmi ÜDM-in 50%-i səviyyəsində olub. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının ölkələrinin yarısında belə intervensiyaların həcmi ÜDM-in 10%-i həddində olub.

Azərbaycanda hələki beynəlxalq təcrübədə geniş yayılmış təcrübələrin 2-sindən yararlanıb. Onlardan biri əmanətlərə dövlət zəmanətinin verilməsi, digəri isə Beynəlxalq Bank nümunəsində zərərli aktivlərin dövlət tərəfindən sağlamlaşdırılmasıdır.

Xarici ölkələrdə maliyyə sektorunda aparılan sağlamlaşdırma əməliyyatlarında əsas diqqəti cəlb edən məqamlardan biri zamandır. Qlobal maliyyə böhranı baş verən andan bir neçə ay ərzində hökumətlər maliyyə sektorunu xilas etmək üçün xilasedici proqramlar hazırladılar. Azərbaycanda isə ilk devalvasiyanın vurduğu zərərdən ilyarım zaman ötsə də hökumət tərəfindən hələki hansısa kompleks tədbirləri özündə ehtiva edən xilas paketi yoxdur. Bir-iki bankı çıxsaq ümumilikdə kredit təşkilatlarının dəstəklənməsi addımları isə daha çox Mərkəzi Bank tərəfindən devalvasiyanın zərərlərini azaltmağa yönəlik epizodik təşəbbüslərdən ibarətdir. Bu təşəbbüslər təəssüf ki, bank aktivlərinin təsnifləşdirilməsi qaydalarının yumşaldılması, ehtiyat normalarının azaldılması ilə məhdudlaşır.  Halbuki neft pullarının yaratdığı “parnik istiliyi”nə uyğunlaşmış banklarımız açıq hava şəraitində  “donmağa” məhkumdurlar. Əvvəl Mərkəzi Bankın, sonrasa Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditləşməsinə dair qəbul etdikləri məhdudlaşdırıcı tədbirlər (məsələn, aylıq gəlirlərkə aylıq kredit ödənişi arasında asılılıq, istehlak kreditllərin faiz dərəcələrinə limit tətbiqi) və zamanında tətbiq edilməyən məhdudiyyətlər (məsələn, manatla gəliri olanlara xarici valyutada istehlak kreditlərinin verilməsinin qadağan edilməsi) bankların immunitetini daha da azaltdı.

Qeyd etməliyəm ki, bankların problemləri fonunda kölgədə qalan bank olmayan kredit təşkilatlarının vəziyyəti daha acınacaqlıdır.

Azərbaycanda bank sektoruna edilən dəstəyin narahatedici digər məqamı prosesdə şəffaflığın və açıqlığın olmamasıdır. Beynəlxalq Banka dövlət büdcəsi hesabına edilən maliyyə yardımı qapalı şəraitdə aparılır. Bank Standartın sağlamlaşdırılması forması və mexanizmi hələ də cəmiyyətə məlum deyil. Mərkəzi Bank tərəfindən banklara verilən kredit dəstəyi haqqında məlumatlar ictimaiyyətə açıqlanmır. Bankların sağlamlaşdırılması prosesində Mərkəzi Bankla Palatanın səlahiyyət çərçivəsi tam aydın deyil.

Bankların xilası üçün hökmətin vahid strategiyasının olmaması aparılan tədbirləri sistemsiz etməklə yanaşı onun səmərəliliyini aşağı salır. Bu baxımdan maliyyə sektorunun dayanıqlığının artırılması, bank sektorunun sağlamlaşdırılması üçün Təcili Tədbirlər Paketi hazırlanmalıdır. Fikrimcə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının timsalında hökumət  bankların rekapitalizasiyası imkanlarını nəzərdə keçirməlidir. Tədbirlər Paketinin səmərəliliyini artırmaq üçün mülkiyyət formasından asılı olmayaraq banklar şərti olaraq 3 kateqoriyaya (sistem əhəmiyyətli banklar, orta səviyyəli banklar, zəif və sistem üçün təhlükə yaradan banklar) bölünə bilər.  Sistem əhəmiyyətli və orta səviyyəli bankların xilası üçün zərərli aktivlərinin alınmasına və bankların səhmlərində dövlətin iştirakına üstünlük verilir. Zəif və sistem üçün təhlükə yaradan bankların isə ləğvi və ya birləşdirilməsi məsələsi əsas götürülməlidir.  Hər bir halda dövlət dəstəyi bütün banklara şamil edilməməlidir. Əsas dəstək yerli kapitalın üstünlük təşkil etdiyi banklara verilməlidir.

Ümumilikdə Təcili Tədbirlər Paketi çərçivəsində bank sektorunun xilası üçün aşağıdakı addımların atılması məqsədəuyğun olardı.

- Dövlətin iştirakı ilə Maliyyə Bazarlarında Sabitlik Fondu yaradılır və dövlət bankların  səhmlərində müvəqqəti olaraq payçı qismində iştirak edir. Dövlət iştirakçılığı zamanla limitləşdirilməli, müəyyən müddətdən sonra (5-10 il) dövlət öz payını özəl sektoruna xeyrinə azaltmalıdır.

- Bankların konsolidasiya prosedurlarının sadələşdirilməsi, konsolidasiya təşəbbüslərinin stimullaşdırılması üçün dövlət tərəfindən yardım və güzəşt paketinin təqdim edilməsi

- Yerli bankların xarici maliyyə institutlarından cəlb etdikləri kreditlərə dövlət zəmanətlərin verilməsi

- Banklarda hökumət depozitlərinin,  o cümlədən Neft Fondunun vəsaitinin müəyyən hissəsinin depozit şəklində yerləşdirilməsi

- Büdcə təşkilatlarının hesablarının banklar arasinda bölüşdürülməsi və onların uzunmüddətli və ucuz maliyyə vəsaitlərinə çıxışının təmin edilməsi

- Milli valyutada cəlb edilmiş əmanətlərin sığortalanma faizlərinin 12%-dən 15%-ə yüksəldilməsi, belə əmanətləri devalvasiyadan qorumaq üçün indeksasiya sisteminin tətbiqi və əmanətlərin vaxtından əvvəl götürülməsinə bir müddət qadağa qoymaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272