BANK

“Azərbaycan Sənaye Bankı”nın kreditdən gəlirləri kəskin azalıb
08 İYUL
184

“Azərbaycan Sənaye Bankı”nın kreditdən gəlirləri kəskin azalıb

2016-07-08 10:37:00

“Grant Thornton” şirkəti “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) 2015-ci il üzrə maliyyə fəaliyyətinin nəticələrini təsdiq edib.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, ASB 2015-ci ili 4,55 milyon manat xalis mənfəət ilə başa vurub. Bank 2014-cü ildə də təxminən bir o qədər – 4,51 milyon manat xalis mənfəət əldə etmişdi.

Ötən il ASB-nin cəmi gəlirləri təxminən 26,48 milyon manat, o cümlədən faiz gəlirləri 19,12 milyon manat, qeyri-faiz gəlirləri 7,36 milyon manat təşkil edib.

2014-cü illə müqayisədə Bankın faiz gəlirləri təxminən 40% azalıb.  2014-də ASB 31, 67 milyon manat faiz gəliri əldə etmişdi.

Ötən il Bankın xalis qeyri-faiz gəlirləri “Xarici valyuta ilə əməliyyatlar üzrə xalis gəlir” hesabına artıb.

Keçən il ASB gəlirinin 6,19 milyon manatını faiz gətirən aktivlər üzrə ehtimal edilən zərər üçün ehtiyatların bərpa olunmasına ayırıb. Bank 2014-də ehtiyatlara 12,39 milyon manat ayırmışdı.

İl ərzində Bankın əməliyyat gəliri 12,9 milyon manat, əməliyyat xərci isə 7,45 milyon manat təşkil edib. ASB 606,5 min manat mənfəət vergisi ödəyib.

AKTİVLƏRİ 65% ARTIB

31 Dekabr 2015-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 686,76 milyon manat, o cümlədən kredit portfeli 162,34 milyon manat, banklardan alınacaq vəsaitlər 469,68 milyon manat təşkil edib. Ötən il Bankın aktivləri təxminən 65% və ya 270, 16 milyon manat artıb. Artımın əsas səbəbi digər banklardan alıncaq vəsaitlərin 213,68 milyon manatdan 469,68 milyon manata yüksəlməsidir. Bankın kredit portfeli isə cüzi artıb.

ÖHDƏLİKLƏRİ DƏ KƏSKİN ARTIB

Keçən il ASB-nin öhdəlikləri 76,7% və ya 265,6 milyon manat artaraq 346,34 milyon manatdan 611,95 milyon manata yüksəlib. Səbəb Bankda müştərilərin depozitlərinin 220,1 milyon manatdan 431,32 milyon manata yüksəlməsidir.

Qeyd edək ki, böyük ehtimalla, “Azərbaycan Sənaye Bankı”nın aktiv və öhdəliklərinin kəskin artması  biznesin genişlənməsi ilə deyil, xarici valyutada olan aktivlərin yeni məzənnə ilə qiymətləndirilməsi nəticəsində yaranıb.

Ötən ilin sonunda Bankın cəmi kapitalı 74,81 milyon manat təşkil edib.

“Azərbaycan Sənaye Bankı”nın səhmdarları “Anadolu İnvestment Kompani” MMC (94.25%),” Azərbaycan Sənaye Sığorta” ASC 5.17% və “Azərbaycan Sənaye Lizinq” MMC-dir (0.58%). 31 dekabr 2015-ci və 2014-cü il tarixlərinə Bankda son nəzarətçi tərəfi Leyla Gözəl olmuşdur.

“Azərbaycan Sənaye Bankı”nın maliyyə hesabatı ilə daha ətraflı buradan tanış ola bilərsiniz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272