BANK

Kredit təşkilatları çətin durumdadır – “HƏFTƏLİK HESABAT VERİRİK”
05 İYUL 2016
453

Kredit təşkilatları çətin durumdadır – “HƏFTƏLİK HESABAT VERİRİK”

2016-07-05 11:32:00

Kreditlərin qaytarılmasında yaranmış problemlər Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarını (BOKT-lar) çətin vəziyyətə salıb. Bunu Fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Asossiyasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib. Onun sözlərinə görə, hazırda BOKT-lar kreditlərin geri qaytarılmaması riski ilə üz-üzə qalıblar: «BOKT-ların əsas problemi riskdə olan kredit portfeli ilə bağlıdır». 

Problemli kreditlər 30%-ə çatıb 

AMFA rəhbərinin sözlərinə görə, hazırda mikromaliyyə qurumlarının kredit portfeli təqribən 650 milyon dollar təşkil edir. Ötən illə müqayisədə kredit portfeli təqribən 2 dəfə azalıb. Amma hətta bu azalmadan sonra da kreditlərin qaytarılmasında ciddi çətinliklər var. İndi mikrokreditlərin tərkibində problemli hissənin payı 30%-i keçib.  İcraçı direktorun fikrincə, kreditlərin qaytarılmasındakı gecikmənin əsas səbəbi əhalinin ödəmə qabiliyyətinin pisləşməsidir ki, buna da mövcud makroiqtisadi vəziyyət təsir edir. 

İnvestorlar da narahat olmağa başlayıb 

Kreditlərlə bağlı yaranmış problemlər isə BOKT-ların xarici investorlarla münasibətlərini gərginləşdirib: «Kreditlərin qaytarılmasında problemlər olduğuna görə, öz növbəsində BOKT-lar da xarici investorlar qarşısında öhdəliklərini yerinə yeirə bilmirlər».

Təbii ki, bu vəziyyət xarici investorları qane etmir. Nəticədə vəsaitlərinin qayıtmayacağından narahat olan investorlar işlərin gedişatı ilə daha yaxından maraqlanmağa və kredit təşkilatlarına qarşı yeni tələblər irəli sürməyə başlayıblar. Bəzi investorlar BOKT-lardan işlərin vəziyyəti ilə bağlı həftəlik hesabatlar istəyirlər: «Xarici tərəfdaşlar tərəfindən monitorinqlər daha sərt keçirilir, daha təfərrüatlı və ərin hesabatlar istənilir. Bu da onların fəaliyyətində müəyyən çətinliklər yaradır». 

Təkrar maliyyələşmə kəsilib

Xarici investorların narazılığı özünü də göstərib: «Hazırda investorlar tərəfindən ikinci maliyyələşmənin aparılması xeyli çətinləşib».  Jalə Hacıyeva bildirir ki, hazırda xarici investorların bir hissəsi Azərbaycandakı kredit təşkilatlarına təkrar maliyyə ayırmağa tələsmirlər: «Hələlik xarici investorlar vəsait ayırmırlar, bu proses dayanıb, bunun hansı müddətə dayandırılması hələlik məlum deyil». İcraçı direktorun sözlərinə görə, investorlar öz risklərini də nəzərə almağa başlayıblar: «Hər bir investorun risk limiti var. Limit böyük olanda onlar təkrar maliyyələşmə ilə bağlı qərarları ləngidirlər və ya vermirlər». 

İcraçı direktor hesab edir ki, hazırda BOKT-ların qarşısında duran əsas məsələ yeni investorların cəlbi və təkrar maliyyələşməyə nail olmaqdır. 

Pul əvəzinə texniki dəstək verirlər  

Bəzi investorlar isə maliyyələşmə əvəzinə BOKT-lara kreditilərin daha yaxşı yığılması üçün texniki dəstək təklif edirlər: «Məsələn, başqa ölkələrdə problemli borcların necə yığıldığı barədə təcrübənin öyrənilməsi üçün səfərlər təşkil edirər. Əməkdaşlarımız mütamadi olaraq xarici ölkələrə səfər edərək maliyyə problem ilə üzləşən təşkilatların təcrübəsi ilə yaxından tanış olurlar. Bu yaxınlarda Bosniyada səfərdə olan qrup kritik maliyyə vəziyyətdən çıxış yollarını öyrəniblər».

Bəzi təşkilatlar isə yeni texnologiyaların tətbiqi, məsələn xərclərin azaldılması üçün yeni üsullar barədə dəstək verirlər. Amma texniki dəstək BOKT-lara kifayət etmir: «Kreditləşmə çox zəif templə gedir. BOKT-lar əsasən kediti geri ödənilən vəsait hesabına verir». Nəticədə BOKT-ların kredit portfeli sürətlə azalmaqdadır.

«Hələ ki, bağlanmaqdan söhbət getmir» 

Jalə Hacıyeva bildirir ki, hələlik, BOKT-lar bağlanma haqqında fikirləşmirlər: «BOKT-ların bağlanması o halda baş verir ki, artıq onlar özləri də ümidlərini itirmiş olsun. Amma ölkədəki kredit təşkilatları bucür maliyyə problemləri ilə birinci dəfə deyil ki, üzləşirlər. Qazanılmış təcrübə onlara vəziyyəti idarə etməkdə kömək edir»-deyə icraçı direktor bildirir.

Bununla yanaşı, bəzi BOKT-lar əməkdaşlarının sayını azaltmalı olublar: «İxtisarlar ajiotaj xarakterli deyil, mərhələ-mərhələ aparılır. Amma ümumiyyətlə optimallaşdırma gedir. Əsas məsələ bazarda qalmaq, müştəriləri əldə saxlamaq, kredit ödənişlərini stimullaşdırmaq və s.-dir». 

«Yeni məhsullar təklif etməliyik»

Jalə Hacıyeva həçinin qeyd edib ki, BOKT-lar hazırda daha kreativ, müştərilərin işini asanlaşdıran metodların tətbiq edilməsinə fokuslanıblar: «İnvestorlar da bu mövzuda məsləhətlərini bölüşür və texniki dəstək verirlər». 

Yeri gəlmişkən, son vaxtlar kreditlərə tələbatın artması hiss olunmağa başlayıb: «Əkin mövsümü ilə əlaqədar olaraq fermerlərin – BOKT-ların əsas müştərilərinin – kreditlərə tələbatı artıb: «Onlara texnika, su və digər məsələləri həll etmək üçün kredit lazımdır. Ona görə də bu sahədə müəyyən canlanma var». 

İlin sonuna kimi vəziyyət düzəlməlidir 

İcraçı direktor inanır ki, 2016-cı ilin sonuna kimi BOKT-ların vəziyyətində kiçik də olsa müsbət dəyişikliklər olacaq: «Buna Maliyyə Platasına Nəzarət Palatasının məsuliyyətli kreditləşmənin tətbiq olunması ilə bağlı qərarıdır. Prudensial normaların cari portfelə tətbiqi də bu işə öz müsbət təsirini göstərəcək». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8490
  • ₽ RUB
    0.0303