BANK

Beynəlxalq Bankla əlaqədar - YENİ KOMİSSİYA YARADILDI - QƏRAR
26 İYUN
1223

Beynəlxalq Bankla əlaqədar - YENİ KOMİSSİYA YARADILDI - QƏRAR

2016-06-26 12:56:00

Azərbaycan hökuməti Azərbaycan Beynəlxalq Bankının (ABB) problemli aktivləri ilə bağlı problemlərin həlli yolunu dəqiqləşdirib. Belə ki, ABB-nin «Azərkredit»ə ötürülən problemli aktivləri müqabilində təqdim edilən əmlaklar (girovlar) müsabiqə yolu ilə satılacaq və kənar idarəçilərə idarəetməyə veriləcək. 

Fins.az-ın məlumatına görə, bu Nazirlər Kabinetinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti  Bank olmayan  Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə qərarında nəzərdə tutulur.

Qərara əsasən, “Aqrarkredit” QSC tərəfindən Beynəlxalq Bankdan alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilən daşınar və daşınmaz əmlakların  satılması və kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilməsi məqsədi ilə Müsabiqə Komissiyası  yaradılacaq.

Müsabiqə Komissiyasına maliyyə nazirinin  müavini Azər Bayramov rəhbərlik edəcək.  Komissiyanın üzvləri  İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini Bayram Rzayev, Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi  müdirinin müavini, daxili audit sektorunun müdiri Mehman Səfərov,  Əmlak  Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi Tehran Mehdiyev və  “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini Cahangir Kərimov təyin ediliblər.

Qərarda Müsabiqə Komissiyasının fəaliyyət Qaydası da təsdiqlənib. Qaydaya əsasən Müsabiqə Komissiyasının kargüzarlığının, təsərrüfat işlərinin və fəaliyyəti ilə bağlı digər işləri “Aqrarkredit” QSC həyata keçirəcək. Müsabiqə Komissiyası isə “Aqrarkredit” QSC tərəfindən verilən təklifləri müzakirə edərək qərarlar qəbul edir.

Qaydalara görə, problempli  aktivlər müqabilində alınmış əmlvaklar (girovlar) ixtisalaşdırılmış hərraclarda satıla, digər şəxsçlərə idjarəetməyə verilə bilər. Bu zaman əmlakın idarəçilərə idarəetməyə verilməsinin üsulları fərqli ola bilər - birbaşa müqavilə və ya müsabiqə əsasında.

Bu prosesəç kənar məsləhətçilər də cəlb edilə biləcək.  Belə ki, Müsabiqə Komissiyasına  əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsini təmin etmək, əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etmək, əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə  qərar qəbul etmək tapşırılıb. Müsabiqə Komissiyası ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı “Aqrarkredit” QSC-nin məlumatlarına da baxmalı və tövsiyələrini verməlidir.

 

*****

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 252

 

№ 252                                    Bakı şəhəri, 22 iyun 2016-cı il

 

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti  Bank olmayan  Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyasının yaradılması barədə

 

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanının     5.2-ci bəndinə əsasən “Aqrarkredit”  Qapalı Səhmdar Cəmiyyəti  Bank olmayan  Kredit Təşkilatının idarəetməsinə verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti  Bank olmayan Kredit Təşkilatı  (bundan sonra “Aqrarkredit” QSC) tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən (bundan sonra - “Azərbaycan Beynəlxalq Bankı” ASC ) alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilən daşınar və daşınmaz əmlakların (bundan sonra - əmlaklar) satılması və kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul edilməsi məqsədi ilə aşağıdakı tərkibdə Müsabiqə Komissiyası  yaradılsın:

 

Komissiyanın sədri

 

Azər Bayramov          -           Azərbaycan Respublikası maliyyə nazirinin  müavini

 

Komissiyanın üzvləri:

 

Bayram Rzayev          -           Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Mənzil-kommunal şöbəsinin müdir müavini

Mehman Səfərov        -           Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsi                                                    müdirinin müavini, daxili audit sektorunun müdiri

Tehran Mehdiyev       -           Azərbaycan Respublikasının Əmlak  Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının

                                        özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin böyük məsləhətçisi

Cahangir Kərimov      -           “Aqrarkredit” QSC-nin İdarə Heyəti sədrinin müavini.

 

2. “Aqrarkredit” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Müsabiqə Komissiyasına tapşırılsın ki:

3.1. “Aqrarkredit” QSC-nin əsaslandırılmış təklifləri əsasında:

3.1.1. əmlakların satılması və ya kənar idarəçilərə idarəetməyə verilməsi barədə qərar qəbul etsin;

3.1.2. satılmasına dair qərar qəbul edilmiş hər bir əmlak üzrə seçilmiş nüfuzlu müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, ilkin satış qiyməti barədə müvafiq qərar qəbul etsin;

3.1.3. əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsini təmin etsin;

3.1.4. əmlakların kənar idarəçilərə idarəetməyə verilməsinin üsullarını (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtlərini, tələblərini və müddətini müəyyən etsin;

3.1.5. əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə  qərar qəbul etsin.

3.2. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı “Aqrarkredit” QSC-nin məlumatlarına baxsın və tövsiyələrini versin;

3.3. işini bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş fəaliyyət qaydasına uyğun olaraq təşkil etsin və zərurət yarandıqda, öz işinə dair reqlamentlər və digər tənzimləyici qərarlar qəbul etsin.

4.  “Aqrarkredit” QSC-yə tapşırılsın ki:

4.1. əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi məqsədi ilə hazırlıq işləri aparsın, həmin əmlakın qiymətləndirilməsi və satışı üçün müstəqil qiymətləndirici, ekspert, əmlakın növündən və mürəkkəbliyindən asılı olaraq isə kənar məsləhətçi cəlb edilməsi ilə bağlı tədbirlər həyata keçirsin;

4.2. hər bir əmlakın satışı üzrə tələb olunan məlumatları, o cümlədən əmlakın tərkibi, vəziyyəti, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri Müsabiqə Komissiyasına təqdim etsin;

4.3. ipoteka (girov) predmeti olan və borc tələbi yönəldilmiş əmlakların satılması vəziyyəti ilə bağlı mütəmadi olaraq Müsabiqə Komissiyasına məlumat versin;

4.4. əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi zamanı qanunvericiliyə uyğun olaraq tələb olunan hüquqmüəyyənedici sənədlərin hazırlanmasını təmin etsin, zərurət yarandıqda, bu məqsədlə kənar hüquq məsləhətçilərini cəlb etsin;

4.5. Müsabiqə Komissiyasının iclaslarının çağırılmasını və keçirilməsini təşkil etsin, iclasların nəticələrinin rəsmiləşdirilməsinə dair katiblik funksiyalarını həyata keçirsin.

5. Müsabiqə Komissiyasına və “Aqrarkredit” QSC-yə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin və ildə 1 (bir) dəfə görülmüş işlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim etsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı  il 22 iyun

tarixli 252 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

 

“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti  Bank olmayan  Kredit Təşkilatıtərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş vərəsmiləşdirilmiş əmlakların satılması və kənaridarəçilərə idarəetməyə verilməsi

üzrə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət

 

QAYDASI

 

  1. 1.   Ümumi müddəalar

 

1.1.  Bu Qayda  “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Aqrarkredit” QSC-nin  idarəetməsinə verilmiş problemli aktivlər üzrə ödənilməmiş borcların əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakların (bundan sonra - əmlaklar) satılması və kənar idarəçilərə idarəetməyə verilməsi prosesində bir sıra məsələlərin tənzimlənməsi məqsədi ilə yaradılmış Müsabiqə Komissiyasının fəaliyyət qaydasını müəyyən edir.

1.2.  Müsabiqə Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Qaydanı rəhbər tutur.

1.3.  Müsabiqə Komissiyasının kargüzarlığının, təsərrüfat işlərinin və fəaliyyəti ilə bağlı digər işlərinin təşkili “Aqrarkredit” QSC tərəfindən həyata keçirilir.

 

  1. 2.    Müsabiqə Komissiyasının fəaliyyət qaydası

 

2.1.  Müsabiqə Komissiyasının tərkibi Azərbaycan Respubli-kasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

2.2.  Müsabiqə Komissiyası üzvlərinin sayı 5 nəfərdən ibarətdir. Komissiya üzvləri ictimai (əvəzi ödənilmədən) əsaslarla fəaliyyət göstərir.

2.3.  Müsabiqə Komissiyası “Aqrarkredit” QSC tərəfindən hazırlanmış əmlakların satılması və kənar idarəçilərə idarəetməyə verilməsi ilə bağlı müvafiq təklifləri və ona əlavə olunmuş aşağıdakı sənədləri müzakirə edərək qərarlar qəbul edir:

2.3.1.       əmlakların ilkin satış qiyməti barədə əsaslandırılmış təklif və onun barəsində müstəqil qiymətləndiricinin rəyini;

2.3.2.       əmlakların açıq hərraclarda satışı məqsədi ilə ixtisaslaşdırılmış təşkilatların seçilməsi, əmlakın kənar idarəçilərə idarəetməyə verilməsinin üsulları (birbaşa müqavilə və ya müsabiqə əsasında), şərtləri, tələbləri və müddəti barədə əsaslandırılmış təklif və qərar layihəsini;

2.3.3.      əmlakların növündən və mürəkkəbliyindən asılı olaraq, onların satılması və ya kənar idarəçilərin idarəetməsinə verilməsi zamanı muzdla kənar məsləhətçinin cəlb edilməsi barədə qərar layihəsini;

2.3.4.  hər bir əmlakın satışı və ya idarəetməyə verilməsi üzrə tələb olunan məlumatları, o cümlədən, əmlakın tərkibinə dair siyahını, texniki parametrləri və ilkin satış qiymətinin formalaşmasına dair digər əsaslandırılmış göstəriciləri;

2.3.5.   hər bir əmlak üzrə həmin əmlakın əldə edilməsinirəsmiləşdirən sənəd əlavə olunmaqla, onun satılması və ya idarəetməyə verilməsi barədə əsaslandırılmış təklif və qərar layihəsini.

2.4.  Müsabiqə Komissiyasının iclaslarının gündəliyi və növbəliliyi “Aqrarkredit” QSC tərəfindən hazırlanır və Komissiyanın sədri ilə razılaşdırılır.

2.5.  Müsabiqə Komissiyası bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş məsələlərə Komissiya üzvlərinə məlumatlar təqdim edildikdən sonrakı10 (on) iş günü ərzində  baxaraq, keçirilən iclaslarda müvafiq qərarlar qəbul edir.

2.6.  Müsabiqə Komissiyası üzvlərinin azı 4 (dörd) üzvü iclasda iştirak etdikdə, Komissiya qərar qəbul etmək hüququna malik olur. Komissiyanın qərarları açıq səsvermə və iştirakçıların sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Müsabiqə Komissiyasının sədrinin səsi həlledici hesab olunur.

2.7.  Müsabiqə Komissiyasının qərarı iclasda iştirak edən bütün Komissiya üzvləri tərəfindən imzalanır. Qərarla razı olmayan komissiya üzvü öz imzası qarşısında qeyd etməklə, xüsusi rəyini qərara əlavə edir.

2.8.  Müsabiqə Komissiyasının iclasları müvafiq qaydada protokollaşdırılır, sədr və katib tərəfindən imzalanır.

2.9.  Müsabiqə Komissiyasının sədri:

2.9.1.  Müsabiqə Komissiyasının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

2.9.2. Müsabiqə Komissiyasının iclaslarına sədrlik edir;

2.9.3. Müsabiqə Komissiyasının iclaslarının protokollarını, Komissiyanın qəbul etdiyi reqlamentləri və digər tənzimləyici qərarları imzalayır.

2.10.  Müsabiqə Komissiyası fəaliyyəti barədə ildə 1 (bir) dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə hesabat təqdim edir.

                                                 

  1. 3.  Yekun müddəalar

 

3.1. Müsabiqə Komissiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ləğv edilir.

3.2. Müsabiqə Komissiyası ləğv edildikdən sonra onun fəaliyyəti ilə bağlı sərəncamında olan sənədlər qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət arxivinə təhvil verilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272