BANK

Beynəlxalq Bank işi barədə rəsmi məlumat yayıldı
23 İYUN
588

Beynəlxalq Bank işi barədə rəsmi məlumat yayıldı

2016-06-23 16:35:00

“Azərbaycan Beynəlxalq Banki” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulmasi faktı üzrə cinayət təqibini həyata keçirən istintaq qrupu məlumat yayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Fins.az-a verilən xəbərə görə, məlumatda bildirilir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması faktına görə başlanmış cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb.

Aparılmış istintaqla 2001-2015-ci illərdə Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etməsinə, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesablarının açılması və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verməsinə, eləcə də C.Hacıyev və cinayətin digər iştirakçılarının Müşahidə Şurasının qərarı olmadan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəmələrinə və beləliklə, Səhmdar Cəmiyyətə ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Qeyd edilən epizodlar üzrə C. Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq  maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan olunub. 

Hazırda təqsirləndirilən şəxslər və onların müdafiəçiləri iş materialları ilə tanış edilir və cinayət prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi məhkəməyə göndərilmək ərəfəsindədir. 

Eyni zamanda, istintaq prosesində ölkə daxilində və bir sıra xarici dövlətlərdə müxtəlif layihələrin həyata keçirilməsi adı altında yaradılmış 100-dən çox müəssisə və şirkət vasitəsilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən götürülmüş külli miqdarda pul vəsaitlərinin mənimsənilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən ayrıca icraatda cinayət işi ayrılıb.

İş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270