BANK

İpoteka kreditləri belə veriləcək – YENİ ŞƏRTLƏR
22 İYUN
2912

İpoteka kreditləri belə veriləcək – YENİ ŞƏRTLƏR

2016-06-22 20:10:00

Xəbər verildiyi kimi, Azərbaycanda ipoteka kreditlərinin qaydaları dəyişir. Fins.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında» fərmanda bildirilir.

Bu fərmanla Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi qaydaları da təsdiqlənib. Həmin qaydalarda digər məsələlərlə yanaşı, güzəştli ipoteka kreditlərinin kimlərə veriləcəyi müəyyən edilib.

Qaydalara əsasən ipoteka kreditləri aşağıdakı şərtlərlə veriləcək:

1. kredit Azərbaycan manatı ilə verilməlidir;

2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

3. kredit 3 ildən 25 ilədək, güzəştli ipoteka krediti isə 30 ilədək müddətə verilməlidir;

4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;

5. kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir;

6. kreditin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləği ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən edilir (maksimal məbləğ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi Bakı şəhəri üzrə 7-ci zonada yerləşən, sahəsi 100 kvadratmetr olan təmirli yaşayış sahəsinin 1 kvadratmetrinin orta bazar qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır);

7. kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri Cəmiyyətin Müşahidə Şurası tərəfindən müəyyən olunur;

8. güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);

Eləcə də bax: Güzəştli ipotekanı bu şəxslər ala biləcək – SİYAHI - YENİ QAYDA

9. güzəştli ipotekaya aid olmayan kreditin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);

10. ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır;

11. kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddindən çox olmamalıdır;

12. kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;

13. ipoteka ilə yüklü edilən yaşayış sahəsini müstəqil qiymətləndirici qiymətləndirməlidir;

14. ipotekasaxlayanın hüquqları qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;

15. kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;

16. borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.
Qeyd edək ki, Fərmanın keçid müddəalarına görə, Fondun Müşahidə Şurası tərəfindən kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270