BANK

Banklar kredit verməkdənsə, istiqraz almağı üstün tuturlar
16 İYUN
489

Banklar kredit verməkdənsə, istiqraz almağı üstün tuturlar

2016-06-16 12:50:00

Azərbaycanda kreditlərin qaytarılması ilə bağlı problemlər, eləcə də bu sahədəki məhdudiyyətlər və əlavə tələblər nəticəsində ölkə bankları kredit verməkdənsə vəsaitlərini istiqrazlara yatırmağa üstünlük verirlər. Bu barədə fins.az-a «Kapital Menecment» investisiya şirkətinin icraçı direktoru Cəfər İbrahimli bildirib.  Onun sözlərinə görə, əsas maraq  Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarınadır: «Dövlət istiqrazları risklərin olmaması, gəlirlilik və kapitala müsbət təsir etmək baxımından daha sərfəlidir».

Cəfər İbrahimli bildirir ki, bankların kreditə marağının azalması başa düşüləndir: «Əhaliyə kredit verilməsi hazırda  risklidir. Banklar kredit verilməsində faizlərdən yüksək gəlir götürsələr də, bu kapitalın azalmasına gətirib çıxarır. Həmçinin isitqraz alınması prosesindən fərqli olaraq, kreditin verilməsi ehtiyat ayrılması hesabına baş verir. Ona görə də  banklar hələ bir müddət kredit verilməsində maraqlı olmayacaqlar».

Belə vəziyyətdə bankların istiqrazlara meyilli olmağı düzgün yanaşmadır: «Banklar risklərin dağıdılmaı üçün gəlirlilik az olsa belə, müxtəlif bazarlara, müxtəlif maliyyə alətlərinə və ölkələrə müraciət etməlidirlər». 

Həmçinin ekspert Maliyyə Nazirliyinin təklif etdiyi istiqrazların cəlbediciliyini də vurğulayıb: «Hərraclar zamanı investorların tələbi təklifi üstələyir. Yəni, adətən qiymətli kağızlar satışa çıxarıldığından 2-3 dəfə çox sifariş olunur».

Bununla yanaşı, Cəfər İbrahimlinin sözlərinə görə korporativ istiqrazlara hazırda maraq aşağıdır. Bunun əsas səbəbi isə bankların aktivlərini dollarda saxlamasıdır.  Qısamüddətli (3, 6, 12 ay) istiqrazlar üçün minimum 10% gəlirlilik banklar və digər investorlar üçün cəlbedici hesab olunur. Qısamüddətli qiymətli kağızlar üçün faizlər 9-17% arasında dəyişir. 

Ekspert bildirir ki, istiqraz almaq fiziki şəxslər üçün də sərfəli ola bilər: «Hətta əmanətlər sərfəlilik baxımından istiqrazlarla müqayisə oluna bilməz. İstiqrazların fiziki şəxslər üçün gəlirliliyi 12-15% arasında dəyişir». Onun sözlərinə görə, vəsaitin istənilən vaxt çıxarıla bilməsi və təkrar satışın mümkünlüyü baxımından istiqrazlar fiziki şəxslər üçün daha sərfəlidir.  Sadəcə, bu sahədə maariflənmənin az olması və hərracda qiymətli kağızlara tələbin çoxluğu-yəni kağızın kifayət qədər olmaması fiziki şəxslərin istiqrazlara marağının az olması ilə nəticələnib. Buna görə də istiqrazlar əhali arasında elə də populyar deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275