BANK

Üçüncü devalvasiya olacaqmı?- Eskpert rəyləri
08 İYUN
2822

Üçüncü devalvasiya olacaqmı?- Eskpert rəyləri

2016-06-08 19:26:00

Məlum olduğu kimi son günlərdə manat dollar qarşısında möhkəmlənib. Dolların hər gün bir az daha ucuzlaşması bir yandan da narahatlıqların yaranmasına səbəb olur.Hamının bildiyi kimi üçüncü devalvasiya Novruz bayramı ərəfəsində gözlənirdi. Artıq iki ay keçib və hələ də dolların qiymətində kəskin bahalaşma müşahidə olunmur.

Devalvasiya təhlükəsi çəkildimi, yoxsa bu sadəcə fırtına qabağı səssizlikdir?

Suallarımıza cavab axtarmaq üçün ekspertlərə müraciət etdik.

İqtisadçı ekspert Samir Əliyev məsələ ilə bağlı bildirib ki, mən devalvasiya təhlükəsi görmürəm. Əslində manatın güclənməsi üçün iqtisadi bir səbəb yoxdur, bu daha çox Mərkəzi Bankın atdığı inzibati metodların göstərcisidir. Düzdür ki, birinci devalsiyadan sonra ölkədə güclü dollarlaşma oldu və devalvasiya baş verdi. Məlum olduğu kimi, Azərbaycanda manata təzyiq göstərən əsas 2 amil var: Neftin qiyməti və kapital axını.

Həmin dövrdə neft ucuz oldu, güclü kapital axını baş verdi. Bu da təbii ki, manatı təzyiq altında saxlayırdı.

İndi kapital axını müəyyən qədər səngiyib, neftin qiymətində sabitlik var. Bu səbəbdən Mərkəzi Bank da bir tərəfdən manat kütləsini sıxıb.

Müşahidələr göstərir ki, dolların alışında azalma baş verib. Odur ki, bu gün devalvasiya barəsində danışmaq tezdir.

Mən devalvasiya təhlükəsi görmürəm. Qeyd edim ki, üzən məzənnəyə keçid olandan bəri əslində devalvasiyaya baxış dəyişib. Çünki, bazarda manatın göstəriciləri arta və ya azala bilər. Bunlar ani dəyişmələrdi. 

Söhbət əslində manatın dollar qarşısında olan vəziyyətindən gedə bilər. Mənim gözləntim isə dəyişməyib. Düşünürəm ki, payıza qədər manatın məzənnəsi 1.50-1.65 arasında dəyişə bilər.

Hal-hazırda dolların ucuzlaşmasını müvəqqəti hesab edirəm və dollar yenidən 1.50-yə qalxacaqdır.

Düşünürəm ki, FED-in iyun ayında baş tutacaq iclasından çox şey asılıdır.  Bu iclasda uçot dərəcələri qaldırılarsa, manat dəyərini itirə bilər. Lakin bu zaman da kəskin fərqin olacağını güman etmirəm.

İqtisadçı-ekspert Fikrət Yusifov isə söyləyib ki, hər hansı bir kəskin dəyişikliyin baş verməsi gözlənilən deyil. Manatın məzənnəsi ətrafındakı söhbətlər öz aktuallığını bu günə qədər saxlasa da əslində onun bu ilin sonuna qədər kəskin dəyişəcəyi gözlənilən deyil. Bəzi mütəxəsisslərin milli valyutanın məzənnəsində ehtimal etdikləri kəskin məzənnə dəyişikliyi gözləntiləri, ilk növbədə neft gəlirlərinin kəskin azaldığı bir şəraitdə, ölkə iqtisadiyyatının real sektorundan ixracın həcminin aşağı olması ilə izah olunur. Bəli, bu gün real sektordan ixracın həcmi kifayət qədər deyil. Lakin son 5-6 il ərzində ayrı-ayrı sahələrdə daxili istehsalın artması hesabına bir çox məhsulların idxalının azalması amilini də nəzərdən qaçırmaq olmaz.

Əgər biz hansısa məhsula olan tələbatımızı daxili istehsal hesabına tam və ya qismən ödəməyə başlamışıqsa, deməli həmən məhsulların ölkəyə idxalını və bununla da ölkədən çıxarılan valyutanın həcmini də azaltmışıq. Digər tərəfdən, son 7-8 ay ərzində real sektorun inkişafı istiqamətində hökumətin atdığı addımları və bu sahədəki pozitiv dəyişiklikləri də görməmək olmaz. İnhisarçılığın aradan qaldırılması, gömrük sistemində şəffaflığın təmin edilməsi və son aylar ərzində bütövlükdə iş adamlarının, sahibkarların fəaliyyət meydanını münbitləşdirən onlarla yeni qərarlar artıq ğz bəhrəsini verməyə başlayıb.

Başqa bir məsələ isə neft amili ilə bağlıdır. Bəli iqtisadiyyatımız hələ ki, neftdən asılılığını istədiyimiz səviyyəyə çatdıra bilməmişik. Bu səbəbdən də manatın məzənnəsinin taleyi eyni zamanda bundan sonra dünya bazarlarında neftin qiymətlərinin necə dəyişəcəyindən də asılı olacaqdır. Burada isə hələki pozitiv nəticələr görünməkdədir. Son 4 ay ərzində bu qiymətlər 75%-ə qədər arta bilib. Başqa variant mümkün də deyildi. Neft ölkələri artıq 2 ilə yaxındır ki, neft sənayesinə yatrım etmirlər. Neft sənayesinə isə yatrımlar etmədən hasilatı sabit saxlamaq mümkün deyil. Deməli, bu ilin sonuna qədər neftin qiymətlərində baş verən pozitiv dəyişikliklər davam edəcəkdir. Belə olan halda, neft satışından valyuta gəlirləri bir barell üçün 25 dollar hesabı ilə deyil, bundan ən azı iki dəfə çox olacaqdır.

Bu isə o deməkdir ki, Neft Fondu proqnozlaşdırdığından 2 dəfəyə qədər çox valyuta gəliri əldə edə biləbcəkdir. Bu fakt özlüyündə manatın məzənnəsi ətrafındakı narahatçılıqları qabaqlayır.

Başqa bir məsələ isə Mərkəzi Bankın manatın tənzimlənən üzən məzənnəsinə müxtəlif formalarda təsir imkanlarının mıvcud olmasıdır. O, bunu ilk növbədə dövrüyyədə olan nağd pul kütləsinin həcmini artırıb azaltmaqla edə bilir.

Manatın məzənnəsinin son aylar ərzində sabitləşməsi fonunda MB dövrüyyədə olan nəqd pul kütləsini tədricən artırmağa başlayıb. Pul təklifinin artırılmasını isə iqtisai dirçəlişin işartılarının başlanğıcı kimi qiymətləndirmək olar. Bütün bu amillər əsas verir bir daha təsdiq edək ki, yaxın dövrlərdə manatın məzənnəsində hər hansı bir kəskin dəyişikliyin baş verməsi gözlənilən deyil.

İqtisadçı ekspert Məhəmməd Talıblı isə verdiyi açıqlamasında qeyd edib ki, növbəti devalvasiya üçün ehtimallar hələ də qalır. 

Dolların dəyər itirməsi epizodik haldır. Bu belə davam etməyəcək. Valyuta bazarında belə nisbi dəişikliklər ciddi iqtisadi tendensiyalardan xəbər vermir. Sadəcə bazarda müəyyən tələb-təklif proporsiyasında bəzi dəişiklikləri özündə ehtiva edir. Bu baxımdan bunun uzunmüddətli trend olacağını düşünmürəm.

Amma növbəti devalvasiya üçün ehtimallar hələ də qalır. Çünki, bir tərəfdən valyuta ehtiyatlarımız azalır, digər tərəfdən neftin qiymətinin ucuzlaşması səbəbindən ölkəyə dollar daxilolmaları azalır. Ölkədə iqtisadi hərarətlənmə kifayət qədər aşağı düşüb. İşgüzar aktivliyin azalması fonunda bazarda durğunluq hökm sürür.

Yalnız ərzaq bazarında müəyyən mənada əvvəlki situasiyaya oxşar situasiya mövcuddur. Qeyri-ərzaq bazarında, mal və xidmətlər bazarında bütövlükdə dinamizm hiss olunmur. Əksinə tənəzzül elementləri daha da güclənir. Bu artıq milli valyuta inamın azlığı, invetisiya iqliminin kifayət qədər cəlb edici olmaması və iqtisadiyyatın özündə müəyyən riskdoğrusu faktorların hələ də qalmasıdır.

Buna görə, ölkədə əvvəlki iqtisadi əhəngdarlıq bərpa edilməsə, çox çətin olacaq. Eyni zamanda ölkə iqtisadiyyatının qan-damar sistemi üçün əlavə "maddələrə" ehtiyac var. Bu ilk növbədə maliyyə və valyuta bazarı üçün resurs çatışmazlığını təmin etməkdir.

Hüquqşünas Əkrəm Həsənov sözügüdən mövzu ilə əlaqədar bildirib ki, dolların bahalaşması qaçılmazdır.  

Dəqiq statistik məlumatların olmaması qısamüddətli proqnozların verilməsini çətinləşdirdiyi üçün düşünürəm ki, uzunmüddətli perspektivdə devalvasiya qaçılmazdır. Yəni 2017-ci ilin sonunadək. Səbəb sadədir: Neft qiymətlərinin artımı gözlənilmir və neft hasilatımızın həcmi düşür. Deməli, dollar gəlirlərimiz azalmağa davam edəcək və valyuta ehtiyatlarımız enəcək. Bu da dolların bahalaşmasını qaçılmaz edir.

banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275