BANK

Kredit verilməsi üzrə – YENİ QAYDALAR - TAM MƏTN
20 MAY
830

Kredit verilməsi üzrə – YENİ QAYDALAR - TAM MƏTN

2016-05-20 09:49:00

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü, 49-cu və 49-1-ci maddələrinə əsasən hazırlanmış və Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən banklara kreditlərin verilməsi qaydalarını müəyyən edir.

1.2.  Mərkəzi Bank banklara aşağıdakı növ kreditlər verir:

1.2.1. Yenidənmaliyyələşdirmə kreditləri;

1.2.2. Sonuncu instansiya kreditləri;

1.2.3. Məqsədli kreditlər.

1.3. Yenidənmaliyyələşdirmə kreditləri banklara aşağıdakı müddətlərlə verilə bilər:

1.3.1. 30 günədək;

1.3.2. 360 günədək;

1.3.3. 360 gündən yuxarı.

1.4. Məqsədli kreditlər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddəsinə müvafiq qaydada verilir.

1.5. Banklara kreditlər birdəfəlik və ya kredit xətti formasında verilir.

2. Anlayışlar

2.1. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. Birbaşa hərrac - Mərkəzi Bank tərəfindən kreditin faiz dərəcəsinin elan olunması üsulu ilə həyata keçirilən hərrac;

2.1.2. Dolayı hərrac - Mərkəzi Bank tərəfindən veriləcək kreditin ümumi məbləğinin elan olunması üsulu ilə həyata keçirilən hərrac;

2.1.3. Faiz dərəcələri dəhlizi - Mərkəzi Bankın açıq bazarda apardığı əməliyyatlar üzrə faiz dərəcələrinin müəyyən olunmuş aşağı və yuxarı həddi arasında dəhliz.

3. Yenidənmaliyyələşdirmə kreditləri

3.1. 30 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri

3.1.1. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir.

3.1.2. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birbaşa və ya dolayı hərraclar vasitəsilə verilir.

3.1.3. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə faiz dərəcələri dəhlizinin yuxarı həddi arasında müəyyən edilmiş faiz dərəcəsi ilə verilir.

3.1.4. Kredit hərraclarının keçirilmə tezliyi və forması, hərraca çıxarılan kreditlərin həcmi, müddəti və birbaşa hərrac üzrə faiz dərəcələri Mərkəzi Bankın daxili reqlamentinə uyğun olaraq müəyyən edilir.

3.1.5. Kredit hərracının keçirilməsinə dair məlumat hərracın keçirildiyi gündən ən azı 3 (üç) iş günü əvvəl Mərkəzi Bankın internet səhifəsində elan olunur. Elanda aşağıdakı məlumatlar göstərilir:

3.1.5.1. Hərracın keçirilmə yeri, tarixi və vaxtı;

3.1.5.2. Hərracın növü (birbaşa və ya dolayı hərrac);

3.1.5.3.  Kreditin müddəti;

3.1.5.4. Birbaşa hərracda - kreditin faiz dərəcəsi;

3.1.5.5. Dolayı hərracda - hərraca çıxarılacaq məbləğ.

3.1.6. Hərracda iştirak etmək istəyən bank ən geci hərracın keçirildiyi gündən bir iş günü əvvəl bu Qaydaların 5-ci hissəsində müəyyən olunmuş tələblərə uyğun olan təminat barədə məlumatı Mərkəzi Banka yazılı və ya elektron formada təqdim etməlidir. Təminatla bağlı məlumat vaxtında və tələb olunan qaydada təqdim edilmədikdə və ya təminat bu Qaydaların tələblərinə uyğun olmadıqda bankın hərracda iştirakına yol verilmir.

3.1.7. Hərrac zamanı hər bir bank yalnız bir sifariş verə bilər. Bank kreditin alınması üçün verdiyi sifarişi hərracın keçirildiyi müddət ərzində dəyişdirə və ya geri götürə bilər.

3.1.8. Birbaşa hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda sifarişlər mütənasib qaydada təmin edilir.

3.1.9. Dolayı hərracda banklar tərəfindən verilmiş sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olmadıqda sifarişlər tam həcmdə, sifarişlərin həcmi hərraca çıxarılan məbləğdən artıq olduqda, daha yüksək faiz dərəcəsi ilə verilən sifarişlər ardıcıllıqla təmin olunur. Dolayı hərracda eyni faiz dərəcəsi ilə verilmiş sifarişlər mütənasib qaydada təmin edilir.

3.1.10. Yenidənmaliyyələşdirmə kreditləri aşağıdakı aktivlərlə təmin olunmalıdır:

3.1.10.1. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir);

3.1.10.2. Kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər.

3.1.11. 30 günədək yenidənmaliyyələşdirmə kreditləri birdəfəlik kredit formasında verilir və müddəti uzadılmır.

3.1.12. Təminat hərracın keçirildiyi gündən 5 (beş) iş günü ərzində rəsmiləşdirilmədikdə kreditin verilməsindən imtina olunur.

3.2. 360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri

3.2.1. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın pul siyasətinin həyata keçirilməsi məqsədilə verilir.

3.2.2. 360 günədək yenidənmaliyyələşdirmə kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir.

3.2.3. 360 günədək verilən yenidənmaliyyələşdirmə kreditləri aşağıdakı aktivlərlə təmin olunmalıdır:

3.2.3.1. dövlət zəmanəti;

3.2.3.2. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir);

3.2.3.3. kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər;

3.2.3.4. daşınmaz əmlak;

3.2.3.5. qızıl külçə formasında bank metalı.

3.3. 360 gündən yuxarı müddətə verilən yenidənmaliyyələşdirmə kreditləri

3.3.1. Makroiqtisadi vəziyyət nəzərə alınmaqla 360 gündən yuxarı müddətədək yenidənmaliyyələşdirmə kreditləri verilə bilər.

3.3.2. Bu növ kreditlərin verilməsi barədə qərar Mərkəzi Bankın İdarə Heyəti tərəfindən qəbul edilir. Belə kreditlərin verilməsi şərtləri hər bir halda Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə müəyyən edilir.

4. Sonuncu instansiya kreditləri

4.1. Mərkəzi Bank bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 6 (altı) aydan artıq olmayan müddətə sonuncu instansiya kreditləri verə bilər.

4.2. Mərkəzi Bank müraciət daxil olduqdan sonra 2 (iki) iş günündən gec olmayaraq kreditin verilib-verilməməsi barədə qərar qəbul edir.

4.3. Mərkəzi Bankın İdarə Heyəti sonuncu instansiya kreditinin verilməsinə dair qərar qəbul edərkən aşağıdakıları nəzərə alır:

4.3.1. Pul siyasəti hədəfləri;

4.3.2. Kreditin məbləği, müddəti və ödəmə qrafiki.

4.4. Sonuncu instansiya kreditləri Mərkəzi Bankın uçot dərəcəsi ilə verilir.

4.5. Sonuncu instansiya kreditinin verilməsi forması, müddəti və ödəniş şərtləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən olunur.

4.6. Sonuncu instansiya kreditləri aşağıdakı aktivlərlə təmin olunmalıdır:

4.6.1. Dövlət zəmanəti;

4.6.2. Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar (bu siyahı Mərkəzi Bankın internet saytında yerləşdirilir);

4.6.3. Kredit alan bankın Mərkəzi Bankda ABŞ dolları, Avro və İngilis funt sterlinqində olan müxbir hesablarındakı vəsaitlər;

4.6.4. Daşınmaz əmlak;

4.6.5. Qızıl külçə formasında bank metalı.

4.7. Sonuncu instansiya kreditinin verilməsi üçün barəsində müraciət olunan bankın sistem əhəmiyyətini və sektorun maliyyə sabitliyinin qorunmasına təsirini nəzərə alaraq, Mərkəzi Bankın İdarə Heyəti bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət çərçivəsində digər şərtlərlə də sonuncu instansiya kreditinin verilməsi barədə qərar qəbul edə bilər.

5. Kreditlər üzrə təminata dair tələblər

5.1. Kreditlər üzrə təminat predmetinin kredit öhdəliyinə (əsas və faiz borcu) nisbəti ən azı aşağıdakı kimi olmalıdır:

5.1.1. Dövlət zəmanəti və dövlət qiymətli kağızları - 100%;

5.1.2. Müxbir hesablardakı vəsaitlər, dövlət qiymətli kağızları istisna olmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən siyahısı təsdiq olunmuş qiymətli kağızlar və qızıl külçə formasında bank metalı - 110%;

5.1.3. Daşınmaz əmlak - likvid qiymətinin 150%-i.

5.2. Təminat qismində təklif edilən daşınmaz əmlak barədə müstəqil qiymətləndiricinin rəyində təminatın bazar və likvid qiyməti göstərilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272