BANK

“AGBank” beynəlxalq bazara çıxacaq - AÇIQLAMA
11 MAY
324

“AGBank” beynəlxalq bazara çıxacaq - AÇIQLAMA

2016-05-11 09:21:00

Bu ilin birinci yarısında “AGBank”ın səhmdarlarının nizamnamə kapitalında payları dəyişib, eyni zamanda Qazaxıstan vətəndaşı olan Marçenko Qriqoriy 8.30% pay ilə Bankın səhmdarları sırasına daxil olub. Dəyişiklik nizamnamə kapitalının 77,2 milyon manat artırılaraq 25 milyon manatdan 102,2 milyon manata qaldırılması ilə bağlı olaraq baş verib. Bundan sonra, bir sıra saytlar Bankın səhmdarlarından Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və “Kazimir Partners” şirkətinin paylarının azalmasını düzgün şərh etməyiblər.

“AGBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Əfqan Cəlilov bildirib ki, nisbətin dəyişməsi, səhmdarların nizamnamə kapitalında iştirak edib-etməməsinə görə baş verib. Nizamnamə kapitalı, sərmayə yatıran səhmdarlar hesabına artdığından, yeni sərmayə yatırmayan səhmdarların payı aşağı düşüb. Buna görə, bəzi səhmdarların nizamnamə kapitalında payını azaltdığı barədə deyilənlər tamamilə yanlışdır:

Eləcə də bax: AG Bankın super səhmdarı kimdir? - MARAQLI FAKTLAR

“AGBank”ın nizamnamə kapitalı 25 milyon manat idi. Məsələn, Bankın kapitalında Beynəlxalq Maliyyə Korporasiyasının payı 17.5%, “Kazimir Partners” şirkətinin 10% payı var idi. Sonra Bankın kapitalının artırılması zərurəti yarandı və bu barədə bütün səhmdarlara məlumat verildi. Amma, bütün səhmdarlar kapitalın artırılmasında iştirak edilməyə məcbur edilə bilməz. Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir Partners” şirkəti də kapitalın artırılmasında iştirak etmədi. Digər səhmdarlar hesabına nizamnamə kapitalı 25 milyon manatdan 102,2 milyon manata yüksəldiyindən, avtomatik olaraq nizamnamə kapitalının artırılmasında iştirak edən səhmdarların payı artdı, iştirak etməyənlərin payı isə aşağı düşdü. “AGBank”ın səhmdarlarından qaçan yoxdur, sadəcə nizamnamə kapitalının yenidən artırılmasında iştirak etməyiblər.

Vaxtilə Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda bankların nizamnamə kapitallarında iştirak etməsi ölkənin maliyyə bazarının inkişafına yönəlmiş bir addım idi. Və qeyd etmək istərdim ki, İFC-n "AGBank"ın kapitalında iştirakı bizim banka maliyyə resursundan daha çox institusional yardım əhəmiyyəti daşıyırdı. Belə ki, 2006-2007-ci illərdə, bizim maliyyə bazarlarına “Risk managment” anlayışı yeni daxil olarkən, "AGBank"da İFC-n texniki dəstəyi nəticəsində mükəmməl bir sistem qurulmuşdur. Hazırda, İFC Azərbaycana inkişaf etməkdə olan ölkə kimi baxmır və hesab edirlər ki, ölkə özü kifayət qədər maliyyə resurslarına malikdir. Buna görə, hazırda İFC yerli bankların nizamnamə kapitallarında iştirak etmir. Öz strategiyasına uyğun olaraq, vaxtı çatanda bankların səhmdarı olmaqdan da çıxa bilər. Tutaq ki, Avropada bir səhmdar tapıb, payını ona sata bilər. Bu, təbii prosesdir ”.

“MARÇENKO QRİQORİYİN ÖZ MARAQLARI VAR”

Əfqan Cəlilov qeyd edib ki, yeni səhmdar olan Marçenko Qriqoriyin Azərbaycan bazarında öz maraqları var:

“O hesab edir ki, Azərbaycanda perspektivdə bazarın inkişafı gözlənilir. Marçenko Qriqoriy iki dəfə Qazaxıstan Mərkəzi Bankının sədri vəzifəsində iştirak edib. Ola bilsin ki, Qazaxıstan ilə bir oxşarlıq görür. Qazaxıstanın vaxtilə keçdiyi bir sıra prosesləri biz indi keçirik. Marçenko Qriqoriyə görə, bu proseslərdən sonra yaxşı inkişaf gözlənilir və bu inkişafdan qazanmaq olar”.

Əfqan Cəlilov əlavə edib ki, “AGBank”ın əsas səhmdarı olan Çingiz Əsədullayev nəyinki ölkəmizdə, xaricdə də yaxşı tanınır və onun əlaqələri genişdir, Marçenko Qriqoriyin “AGBank”ın səhmdarı olmasına bu faktor da təsir edib.

“AGBANK” YENİ SƏHMDARININ ƏLAQƏLƏRİNDƏN İSTİFADƏ EDƏCƏK

Bankın sədri qeyd edib ki, Marçenko Qriqoriy yaxşı əlaqələrə malikdir və hazırda fond rəhbəridir:

“Marçenko Qriqoriy səhmdar olmaqdan başqa Bankın Müşahidə Şurasının üzvü də seçilib. Bu şəxsin şaxələnmiş əlaqələri var. 2 dəfə Qazaxıstan Mərkəzi Bankınını sədri vəzifəsində, tanınmış siyasətçilərin konsultantı kimi işləyib, xarici fondlar ilə yaxşı əlaqəyə malikdir. Hazırda isə fondlardan birini idarə edir. “AGBank”, Marçenko Qriqoriyin şəxsi münasibətlərindən və əlaqələrdindən istifadə edərək beynəlxalq bazarlardan vəsait cəlb etməyi planlaşdırır. Bu yeni investorların və ya kreditlərin cəlb edilməsi şəkilində ola bilər”.

"BİZ İSTƏYİRİK Kİ, ONLARIN PAYINI AKTİV İNVESTOR ALSIN"

Əfqan Cəlilov, 100 milyon manat nəzərdə tutulmuş emissiyanın 77,2 milyon manatının yerləşdirilməsinə də aydınlıq gətirib:

“Nəzərdə tutulmuş emissiyanın 22,8 milyon manatı açıq saxlanılıb. Ola bilsin ki, hər hansı xarici investor cəlb etdik. Qeyd etdiyim kimi, Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir Partners” şirkəti bankın idarə edilməsində bir o qədər də aktiv iştirak etmirlər, yəqin ki, bu da bu təşkilatların öz strategiyalarından irəli gəlir. Biz istəyirik ki, gələcəkdə onların payını aktiv bir investor alsın və Bankın maliyyələşdirilməsində və instusional quruluşunda yaxından iştirak etsin”.

Qeyd edək ki, Beynəlxalq Maliyyə Korporasiyası (4,28%), Kazimir Partners şirkəti (2,45%), Əsədullayev Çingiz (31,68%), Yusufov Fərzulla (5,79%), Marçenko Qriqoriy (8.30%) “AGBank”ın iri səhmdarlarıdır. Səhmdarların ümumi sayı 85, minaritariyaların sayı 84 onların ümumi payları 68,32%-dir.

Mənbə: "Marja"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272