BANK

Zaminlikdən necə imtina etmək olar? - ARAŞDIRMA
10 MAY
4373

Zaminlikdən necə imtina etmək olar? - ARAŞDIRMA

2016-05-10 16:19:00

Kredit üzrə zamin dayanan şəxs, borcalanın özü qədər məsuliyyət daşıyır. Çox zaman insanlar kor-koranə, sırf yaxınlarının xahişlərini yerə salmamaq xətrinə zaminlik müqaviləsini imzalayır. Borcalan kredit borcunu ödəmə iqtidarında olmadıqda və ya borc ödəməkdən yayındıqda, bank, borcu zamindən tələb edir. Zamin kreditə görə bütün əmlakı ilə məsuliyyət daşıyır.

Zamin müqaviləni vaxtından əvvəl poza bilərmi? 

Bəzən insanlar zaminlik müqaviləsini imzalasalar da, ya sonradan məsələnin ciddiliyini başa düşərək, ya zamin dayandıqları adamın intizamsızlığını gördükdə, ya da sadəcə, həmin şəxslə münasibətləri  pisləşdiyinə görə, zaminlikdən imtina etmək fikrinə düşürlər. Bəs bu mümkündürmü? Azərbaycan Banklar Assosiasiyasının (ABA) hüquqi ekspert qrupunun rəhbəri Qorxmaz  Ağayev Fins.az-a bildirdi ki, müqavilə müddəti başa çatmayana qədər zamin bu müqavilədən imtina edə bilməz. Onun sözlərinə görə, zaminlik məsələsi Mülki Məcəllənin 470- 477-ci maddələri ilə tənzimlənir. Doğrudur, şəxs zaminliyin ləğvi üçün məhkəmədə iddia qaldıra bilər. Belə ki, zaminliyə xitam verilməsi ilə bağlı imkanlar Mülki Məcəllənin 477-ci maddəsində əksini tapıb. Digər hallarla yanaşı, bu maddədə göstərilib ki, əgər kreditor (yəni bank)  borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə zamin olan şəxs zaminliyin ləğv edilməsi barədə iddia qaldıra bilər. «Amma  təcrübə göstərir ki, nəticə demək olar ki, bütün hallarda perspektivsiz olur»-deyə Q.Ağayev bildirir. 

Eləcə də bax: Palatadan zaminlərlə bağlı - QƏRAR

Dollar kreditlərinin zaminləri üçün şans 

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, əgər kredit müqaviləsinə zaminin xəbəri olmadan dəyişikliklər edilibsə, zaminliyə xitam verilə bilər: «Zaminin xəbəri olmadan müqaviləyə dəyişiklik edildikdə, yəni əgər kredit müddəti uzadılarsa və bununla da faizlər artırılarsa artıq zaminlik qüvvədən düşmüş sayılır, zamin artıq zamın hesab olunmur. Məsələn, devalvasiydan sonra kreditlərin müddətinin uzadılmasını buna misal kimi göstərmək olar.

Bundan başqa, borcalan kredit müddəti bitdikdən sonra, 1 il ərzində zaminə kredit ödənişi ilə bağlı tələb irəli sürmədikdə haminlik başa çatır: «Bank kredit müddəti bitdikdən sonra 3 il ərzində borcalandan, 1 il müddətində isə zamindən borcu tələb etməlidir. Kredit müqaviləsi bitdikdən sonra kredit borcunun üzərinə 5% gəlir».  

Eləcə də bax: «Banklar bunu zaminə demirlər» - ZAMİNLƏR ÜÇÜN SÜRPRİZ

Zamini aldadıblarsa müqavilə qüvvədən düşür 

Ə.Həsənovun sözlərinə görə, əgər müqavilə imzalanarkən zamini aldatma faktı varsa, bu müqavilənin ləğvi üçün əsas ola bilər: «Məsələn əgər zaminə girovun olduğunu bildiblər, əksinə isə belə bir şey yoxdursa bu artıq qanunsuz hesab olunur. Zamin borcu ödədikdən sonra, girovun müəyyən hissəsini tələb edə bilər».

Eləcə də bax: Azərbaycanda kredit götürənə zamin duran həbs edildi

«Mənim pulum yoxdur, zaminlikdən çıxıram»

Ə.Həsənov bildirir ki, əgər zamin borcu ödəmək qabiliyyətində deyilsə və gəlirləri yoxdursa, Vergilər Nazirliyinə müraciət edərək, gəlirlərinin olmaması, vergi ödəməməösi haqqında sənəd ala bilər: «Belə halda borca görə zamini narahat etmək düzgün sayılmır və məhkəmə buna görə müvafiq olaraq nazirliyi düzgün məlumat verməməkdə ittiham edir». 

Zamini borcalan özü dəyişə bilər

Zaminin dəyişməsi də mümkündür. Bir şərtlə ki, onu müqavilədə başqa zamin əvəz etsin. Bu məsələni də zamin özü yox, borcalan qaldıra bilər və yalnız bankın razılığı ilə zamin başqa şəxslə əvəzlənə bilər. 

Zamin ödənişlərdən imtina edə bilərmi? 

Azərbayan qanunvericiliyinə görə, zaminin məsuliyyətə cəlb olunması müqavilə şərtlərindən asılıdır. Q.Ağayev bildirir ki, ümumiyyətlə qanunvericiliyə görə, zamin subsidiar və ya solidar məsuliyyət daşıyır. Subsidiar məsuliyyət zamanı, zamin borclu ilə eyni məsuliyyət daşımır. Solidar məsuliyyət isə odur ki, zaminlə borclu bank qarşısında eyni məsuliyyət daşıması deməkdir. Yəni bu halda borcun birinci zamindən və ya borcalandan tələb olunmasına bank qərar verir. 

Zamin borcalanı məhkəməyə verə bilər 

Beləliklə, müqavilə imzalandığı vaxtdan etibarən zaminbank qarşısında məsuliyyət daşıyır. Əgər borclunun krediti ödəmək imkanı yoxdursa, bundan imtina edirsə, ümumiyyətlə hər hansı səbəbdən onu borcunu ödətdirmək mümkün olmursa, borcu ödəmək vəzifəsi zaminin üzərinə düşür. Amma məsələnin başqa tərəfi var - zamin kredit məbləğini tam ödədikdən sonra, borcgötürəni məhkəməyə verə və ondan baka ödədiyi məbləği tələb edə bilər.  

Bankın zaminə güzəşt etmək öhdəliyi yoxdur 

Ölkə qanunvericiliyinə görə, bank zaminə güzəşt etməyə borclu deyil – onunla borcu olan kimi rəftar olunacaq. Bununla yanaşı, bank zaminin vicdanlı münasibətini, borcu ödəmək üçün atdığı addımları, maliyyə vəziyyətini nəzərə almaqla zaminə güzəştlər edə bilər. Güzəşt dedikdə isə, kredit müddətinin uzadılması və bu yolla aylıq məbləğin azaldılması, cərimənin təxirə salınması nəzərdə tutulur. 

Əkər hallarda məhkəmə qərarı zaminin əleyhinə olur

Hüquqşünaslar bildirir ki, bəzi zaminlər borc ödəməmək üçün müxtəlif vasitələrə əl atırlar. Borcu gecikdirmək, məhkəmə çəkişmələri və s. Q.Ağayev bildirir ki, adətən bu addımlar zaminin vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirir. Çünki bir qayda olaraq məhkəmə qərarları zaminin əleyhinə olur. Üstəlik, əlavə addımlar onların xərclərini daha da artırır. Belə ki:

1.      Zamin borcu ödəmədikdə kredit borcu şişməyə başlayır. Belə ki, fazilər və cərimələr artır.

2.      Məhkəmə işləri üzrə xərclər artır. Yəni, vəkil tutulması və s.məsələlər əlavə xərcə səbəb olur.

3.      Həmçinin, məhkəmə icraatçılarına görə, borcun üzərinə əlavə 7% gəir.

4.     Həmçinin bank əgər zaminin məhkəmə işinini vaxtı uzatmaq məqsədilə açdığını aşkar edərsə, zamin cinayət məsuliyyətinə cəlb edilə bilər. 

«Müflisləşmə barədə qanun lazımdır»

Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycanda fiziki şəxslərin müflisləşməsi ilə bağlı qanunvericilik mövcud olmadığına görə, belə hallar yaranır: «Təssüfki, qərb ölkələrində olduğu kimi, ölkəmizdə özünü müflisetmə haqqında qanun yoxdur. Belə bir qanunun mövcudluğu, zaminlik müqaviləsinə birbaşa son qoya bilər. Lakin, yaxın 1-2 il ərzində qanunun ölkəmizdə də qüvvəyə minəcəyi gözlənilir» -deyə hüquqşünas əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272