BANK

Banklar yenə vergi güzəştləri istəyir
06 MAY
406

Banklar yenə vergi güzəştləri istəyir

2016-05-06 14:41:00

Azərbaycan bankları əldə etdikləri mənfəətin kapitallaşmaya yönəldilən hissəsinin 3 il müddətinə vergidən azad olunması üçün hökumətə müraciət edəcək. Fins.az “Trend”ə istinadən xəbər verir ki, bu barədə bank sektorundan bildirilib. Güzəşt müddətinin 2018-ci ilin sonuna qədər olması təklif edilir. Mənbənin sözlərinə görə, bu təkliflərlə Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Banklar Assosiasiyasına müraciət edib. 

Azərbaycanda oxşar addım 2008-ci ildə, maliyyə-iqtisadi böhran zamanı atılıb. Əsas məqsəd maliyyə sektorunda inkişaf templərinin sürətləndirilməsi, bank və sığorta sektorunda keyfiyyətin artırılması, şirkətlərin kapitallaşma səviyyəsinin artırılması olub. Buna görə də, 2009-cu ilin yanvarında banklar, sığorta və təkrarsığorta şirkətləri mənfəətlərindən kapitala yönəltdikləri məbləğə görə vergilərin ödənilməsindən azad edilib. 

Vergi tətilləri 2011-ci ilin sonuna qədər davam edib. Həmin vaxt hökumət vergi güzəştinin müddətini artırmağı məqsədəuyğun saymayıb. Hökumətdə hesab edirdilər ki, bankların aktivləri sürətlə artıb və onlar bu aktivlərin bazarda yerləşdirilməsi problemi ilə üz-üzə qalıblar. 

Bununla yanaşı, banklar üçün müəyyən edilmiş güzəştlər saxlanılıb. 2011-ci ilin dekabrında Konstitusiya Məhkəməsi bankların və sığorta şirkətlərinin səhmdarlarına ödənilən dividentdən 10% vergi tutulmasına dair qərarı ləğv edib. Məhkəmənin qərarına görə, hüquqi şəxslərin təmiz mənfəətinin təkrar kapitallaşmaya gedən hissəsi divident kimi qəbul edilməlidir. 

2015-ci ilin fevral ayında manatın 34%-lik devalvasiyası baş verəndən sonra Azərbaycan banklarının məcmu kapitalı azalmağa başlayıb. Arada məcmu kapital göstəricisində cüzi artım olsa da, 2016-ci ilin fevral ayının sonuna qədər azalma 17%, bu ilin  ilk 2 ayında isə 16% və yaxud 3,6 milyard manat olub. 

Kapital azalmasının səbəbləri arasında devalvasiyadan sonra əhalinin kredit yükünün artması əsa rol oynayıb. Çünki ilk devalvasiyadan keçən 1 il ərzində ölkədə vaxtı keçmiş kreditlər 16,8% artıb. Qanunvericiliyə görə, banklar həmin kreditlər üçün kapitalları hesabına ehtiyatlar yaratmalıdır. Son nəticədə bəzi bankların məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi tələbdən – 50 milyon manatdan da aşağı düşüb. 

Odur ki, bankların mənfəətinin kapitallaşmaya yönəldilən hissəsinin vergidən azad olunması onların maliyyə yükünün azaldılmasında müsbət addım ola bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275