BANK

«Banklar müştəriləri intihar həddinə çatdırırlar» – ANTİKOLLEKTOR  ŞİRKƏTİ
05 MAY
733

«Banklar müştəriləri intihar həddinə çatdırırlar» – ANTİKOLLEKTOR  ŞİRKƏTİ

2016-05-05 14:56:00

Martın 1-dən fəaliyyətə başlayan Azərbaycanda ilk Antikollektor şirkətinə indiyədək banklarda kredit problemi olan 500-dən artıq vətəndaş müraciət edib. Bu barədə fins.az-a Antikollektorun şirkətin təsisçisi, hüquqşünas Əkrəm Həsənov bildirib. 

Ən çox müraciətlər banklarla bağlıdır 

Əkrəm Həsənovun sözlərinə görə, müraciətlər əsasən banklar və bank olmayan kredit təşkilatları ilə bağlıdır. Bununla yanaşı, lombardlara, lizinq şirkətlərinə, ticarət nöqtələrinə, alqı-satqı müəssisələrinə borcu olanlar da müraciət edənlər arasında kifayət qədərdir. Hətta ayrı-ayrı sələmçilərə borcu olanlar da «Antikollektor»dan yardım almaq üçün müraciət edirlər. 

Əsas problem dollar kreditləridir 

Hüquqşünas qeyd etdi ki, əsas problem dollar kreditləri ilə bağlıdır. Vətəndaşlar dollar kreditlərinin ödənilməsindəki çətinliklər və kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı kömək istəyirlər. Lizinq və alqı-satqı ilə məşğul olan şirkətlərdə əksinə, proses dollarla aparılmadığından, burada vəziyyət fərqlidir: «Yəni biz insanlara izah edirik ki, belə şirkətlərin sizdən dollarla kredit tələb etməsi tamamilə qanuna ziddir və siz ödənişi milli valyuta ilə həyata keçirməlisiiniz». 

Hər 10 nəfərdən 9-u Bakı sakinidir

Problemli borcu olan və bankların təzyiqləri ilə üzləşərək şirkətə müraciət edənlərin 90%-i Bakı  sakinləridir. Ekspert bildirib ki, müraciət edələrin təxminən 10%-i müxtəlif regionları təmsil edir. Onlar arasında isə, şimal və cənub regionları, xüsusilə Gəncə sakinləri üstünlük təşkil edir. 

«Məsləhət pulsuzdur, məhkəmə işi ödənişli» 

Ə.Həsənov bildirib ki, şirkətə müraciət edənlərin sənədləri ilə tanış olduqdan sonra onlara pulsuz məsləhət verilir. Amma iş məhkəməyə çatırsa, bu zaman məhkəmə işinin aparılması üçün ödənişli xidmət göstərilir. Əkrəm Həsənovun sözlərinə görə, indiyədək edilən müraciətlərin yalnız 15%-də iş məhkəməyə gedib çatıb. "Qalan 85%-ə məhkəməyə müraciət etməyi tövsiyə etmirik. Artıq xərcə düşməsinlər deyə. Çünki onların onsuz da gəliri və əmlakı yoxdur, müflisdilər. Onlara məsləhət verib sakitləşdiririk və bildiririk ki, bank onları məhkəməyə versə belə və məhkəməni udsa da, onlara heç nə edə bilməyəcəklər. Ən çoxu icra məmurlarının qanunsuz əməllərindən müdafiəyə etiyac ola bilər". Bəzi hallarda isə vətəndaşın imkansızlığını görən şirkət onu məhkəmədə də pulsuz təmsil edib. Şirkət bu yaxınlarda belə bir elan verib ki, qanunsuz borca görə həbs edilənlərin işi ilə tam ödənişsiz məşğul olacaq.

Amma hələlik başa çatan məhkəmə işi və qərarı yoxdur: «Dollar kreditləri ilə bağllı məhkəmə işləri kifayət qədər çətin və uzun olduğu üçün, hələ ki, proseslər davam edir və məhkəmə qərarı yoxdur». 

«Banklar bəzi vətəndaşları intihar həddinə çatdırırlar» 

Əkrəm Həsənov bildirib ki, şirkətə müraciət edən bəzi vətəndaşların hüquqi dəstəkdən çox psixoloji dəstəyə ehtiyacı var. Çünki banklardan borclulara mütəmadi zəng edərək onların həbs və başqa hədələrlə narahat edirlər.Belə hallarda şirkət vətəndaşlara lazımı psixoloji köməyi edir: «Şirkətimizin əsas uğuru müraciət edənlərə hərtərəfli psixoloji dəstəyin göstərilməsidir. İntihar etmək həddinə çatmış insanları, bu yoldan döndərə biliriksə, bunu artlq uğur hesab etmək olar». Ə.Həsənov bildirir ki, əslində, qanunla da müəyyən olunub ki, əgər borclu öz borcunu ödəmək iqtidarında deyilsə, onda bankın ona hədə qorxu gəlməsi tamamilə qanuna zidd bir haldır: «Təəssüf ki, belə hallara tez-tez rast gəlinir, borcluların hətta döyüldüyü hallar da var».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270