BANK

“Bank Standard”ın vəziyyəti belə idi - RƏQƏMLƏR
03 MAY
1378

“Bank Standard”ın vəziyyəti belə idi - RƏQƏMLƏR

2016-05-03 15:38:00

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, mayın 3-dən etibarən QSC “Bank Standard” KB-na müvəqqəti inzibatçı təyin edilmişdir. Həmçinin Palata  6 ay ərzində banka 15 mln. manat həcmində dəstək verəcək.

Palatadan bildirilib ki, son dövrlər “Bank Standard” KB-nın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdır. MBNP “Bank Standard” KB-da yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün yoxlama təyin etmişdir. Palatanın qiymətləndirməsi göstərmişdir ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyillər. Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün dövlət tərəfindən məlum qərar qəbul olunub.

Hazırda bankda mövcud olan kritik likvidlik probleminin həlli üçün dövlət “Bank Standard”a yetərli həcmdə maliyyə vəsaitləri ayırmış və bu vəsaitlər artıq bankın hesabına köçürülüb.

Bankın likvid aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdır (moratorium qoyulmuşdur).

Bir ay müddətində dövlət dəstəyinin həcmi tam müəyyənləşdikdən sonra əmanətçilər öz depozitlərindən istifadə edə biləcəklər.

Müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması ilə də məşğul olacaq. Belə ki, MBNP bank tərəfindən verilmiş kreditlərin xidmət olunmasında borcalanları öhdəliklərini yüksək intizamla icra etməyə dəvət edir.

"Bank Standard" ötən ilin Sentyabr ayından bəri maliyyə göstəricilərini açıqlamır. Bankda hansı məbləğdə əmanətin olduğu barədə son məlumat ictimaiyyətə məlum deyil.

Qeyd edək ki,  "Bank Standard"ın 2015-ci ilin 9 ayı üzrə maliyyə nəticələri barədə məlumat yaymışdı. Mövzunun gündəmdə olduğunu nəzərə alaraq həmin məlumatı yenidən diqqətinizə çatdırırq. 

30 Sentyabr 2015-ci  tarixinə “Bank Standard”ın cəmi aktivləri 1 milyard 187 milyon 109.77 min manat olmuşdur ki, bu da, ötən ilin sonu ilə müqayisədə 5,3% çoxdur.

Bankın aktivlərinin 899 milyon 502.80 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. İlin əvvəlindən Bankın kredit portfeli təxminən 89 milyon manat və ya 11% artıb. Güman edilir ki, aktiv və kredit portfelinin artması Fevral ayındakı devalvasiya ilə bağlıdır. Xarici valyutadakı aktivlər yeni məzənnə ilə qiymətləndirdiyindən artım yaranır.

ŞİRKƏTLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

Bankın kredit portfelinin 746 milyon 183.93 min manatını və ya 83%-ni hüquqi şəxslərə verilmiş kreditlər, 153 milyon 318.87 min manatını və ya 27%-ni isə fiziki şəxslərə verilmiş kreditlər təşkil edib. Bu ilin 9 ayında hüquqi şəxslərə verilən kreditlər 14,5% artıb, fiziki şəxslərə verilən kreditlər isə 3,6% azalıb.

ƏHALİ ƏMANƏTLƏRİNİ AZALDIB

30 Sentyabr 2015-ci il tarixinə Bankın depozit portfeli 715 milyon 784.98 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə cüzi çoxdur.

Bu ilin 9 ayında “Bank Standard”da əhalinin əmanətləri 565 milyon 419.27 min manatdan 544 milyon 414.01 min manata geriləyib, hüquqi şəxslərin depozitləri isə 142 milyon 714.02 min manatdan 171 milyon 370.97 min manata qalxıb. Qeyd edək ki, əhalinin əmanətləri bankların çoxunda azalır.

KAPİTALI AZALIR

 “Bank Standard” 75 milyon manat nizamnamə kapitalına malik olsa da, yanvar-sentyabr aylarında Bankın məcmu kapitalı 3,7% azalaraq 52 milyon 693.45 min manatdan 50 milyon 743.82 manata enib. Kapitalın azalması zərər ilə bağlıdır.  

91 MİLYON MANATDAN ÇOX GƏLİRİ OLUB

2015-ci ilin yanvar-sentyabr aylarıda "Bank Standard"ın cəmi gəlirləri 91 milyon 737.81 min manat, o cümlədən faiz gəlirləri 68 milyon 561.12 min manat, qeyri-faiz gəlirləri isə 23 milyon 176.69 min manat təşkil edib.

91 milyon 737.81 min manat  cəmi gəlirə qarşı, Bankın cəmi xərcləri 92 milyon 974.80 min manat olub. Nəticədə də, Bankın 1 milyon 236.99 min manatlıq zərəri yaranıb.

Qeyd edək ki, “Bank Standard” 2014-cü ilin 9 ayını 2 milyon 859.82 min manat zərər, tam 2014-cü ili isə 519.96 min manat xalis mənfəət ilə başa vurmuşdu.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275