BANK

Bu kartlar Azərbaycana 70 milyon fayda verib
26 APREL
502

Bu kartlar Azərbaycana 70 milyon fayda verib

2016-04-26 17:59:00

“Visa” – beynəlxalq ödəniş sistemi dünyanın 70 ölkəsində, 2011-2015-ci illərdə elektron ödənişlərin iqtisadi artıma təsiri ilə bağlı “Moody's Analytics1” şirkətinə sifariş etdiyi araşdırmanın nəticələrini elan edib. Fins.az-ın məlumatına görə, araşdırma nəticəsində məlum olub ki, kredit, debit və digər ödəniş kartları ilə aparılan əməliyyatlar həmin ölkələrdə ümumi daxili məhsulun (ÜDM) 296 milyard dollar artmasına səbəb olub. İstehlak xərclərinin illik artımı isə 0,18% təşkil edib. Bundan başqa, “Moody's” iqtisadçılarının qiymətləndirməsinə görə, nağdsız hesablaşmaların inkişafı ildə orta hesabla 2,6 milyon yeni iş yerinin açılması deməkdir. 

Araşdırma bütün dünya üzrə ÜDM-də ümumilikdə 95% paya malik olan ölkələri əhatə edib. Siyahıda bəzi MDB, Mərkəzi və Şərqi Avropa ölkələrinin, o cümlədən Azərbaycanın də adı var. Son 5 ildə ölkəmizdə elektron ödəniş vasitələrindən istifadə həcminin ildə orta hesabla 70 milyon dollar artdığı və istehlak xərclərini 0,06% artırdığı bildirilir. 2011-2015-ci illərdə nağdsız əməliyyatların  hesabına açılan yeni iş yerlərinin sayı isə ildə orta hesabla 1130 olub. 

“Moody’s Analytics” şirkətinin baş iqtisadçısı Mark Zindi bildirib ki, elektron ödənişlərdən istifadə istehlakı, sənaye məhsullarınımn istehsalını, iqtisadi artımı və yeni iş yerlərinin açılmasını stimullaşdıran əsas amillərdən biridir. Onun sözlərinə görə, ödəniş kartlarından yüksək səviyyədə istifadə edən ölkələr yüksək iqtisadi artım nümayiş etdirirlər.

Araşdırmada qeyd olunub ki, elektron ödənişlərin tətbiqi biznes üçün daha sabit və açıq şəraitin yaradılması deməkdir. Bu həm də nağd hesablaşmalarla və hesabatsızlıqla səciyyələnən kölgə iqtisadiyyatının payının azaldılmasına  xidmət edir. Elektron pulların daha bir müsbət cəhəti odur ki, onun hesabına vergi daxilolmaları artır, nağd vəsaitlərin saxlanmasına və onunla görülən işlərə çəkilən xərclər azalır, istehlakçılara maliyyə xidmətlərinə geniş çıxış əldə etməyə imkan verir. Nağdsız hesablaşmalar  ticarət-xidmət müəssisələri üçün də sərfəlidir. Çünki, onlar təqdim etdikləri əmtəə və xidmətlərin haqqını almaqda zəmanət əldə edirlər. 

“Visa”nın baş direktoru Çarli Şarf isə deyir ki, araşdırmanın nəticəsi bir daha göstərir ki, elektron ödəmələr bütün dünyada iqtisadi inkişafa tövhə müsbət təsir edir. Onun sözlərinə görə, nağdsız hesablaşmaların dövlət siyasətinin tərkib hissəsi olması açıq, rəqabət qabiliyyətli ödəniş sistemlərinin formalaşmasına, iqtisadi artımın təmin olunmasına və yeni iş yerlərinin açılmasına səbəb ola bilər: “Biz “Visa” olaraq bir sıra ölkələrdə hökumət qurumları, maliyyə institutları, ticarət-xidmət müəssisələri və texnologiya şirkətləri ilə əməkdaşlıq edirik. Məqsədimiz odur ki, innovativ ödəniş sistemi və xidmətlər yaradılsın. Bütün bunlar elektron ödənişlərin, kommersiyanın inkişafına, kartla ödənişlərin insanların böyük əksəriyyəti üçün hər yerdə əlçatan olmasına kömək edəcək”. 

Qlobal araşdırmanın əsas nəticələri: 

İqtisadi artım imkanları: 

2011-2015-ci illərdə bütün dünya üzrə istehlak xərcləri 2,3% artıb. Bu artımın 0,01%-i ödəniş kartlarının hesabına təmin olunub. İstehlakın artımı isə 0,4% olub. Elektron ödənişlər inkişaf etmiş ölkələrdə daha yaxşı effekt verib və iqtisadi artım inkişaf etmiş ölkələrə nisbətən yüksək olub. 

Kartlardan istifadə 

ÜDM-nin artımı ödəniş kartlarından istifadənin maksimal dərəcədə artdığı ölkələrdə daha yüksək olub. Bu göstərici Macarıstanda 0,25%, Birləşmiş Ərəb Əmirliklərində 0,23%. Çilidə 0,23%, İrlandiyada 0,2%, Polşada 0,19%, Avstraliyada 0,19% təşkil edib. MDB məkanından isə Rusiyada ödəniş kartlarından istifadə 0,33% artım nümayiş etdirib. Ukrayna, Azərbaycan və Qazaxıstanda isə artım müvafiq olaraq 0,07%, 0,03% və 0,02% olub. Söhbət kartların hesabına qeydə alınan artımdan gedir. 

Məşğulluğun artmasında oynadığı rol:

2011-2015-c i illərdə kartlardan istifadənin artması hesabına Çində 427 min, Hindistanda 336 min yeni iş yeri yaradılıb. MDB ölkələrindən isə Rusiyada yeni iş yerlərinin sayı 235 min olub. Növbəti yerdə 13520 iş yeri ilə Ukrayna qərarlaşıb. Qazaxıstan və Azərbaycanda isə elektron ödənişlər müvafiq olaraq 2080 və 1130 yeni iş yerinin yaradılmasında səbəb olub. 

İnkişaf edən və etmiş ölkələr 

2011-2015-ci illərdə elektron ödənişlərin genişlənməsi hesabına inkişaf etməkdə olan ölkələrdə istehlak xərcləri 0,2%, inkişaf etmiş ölkələrdə isə 0,14% artıb. ÜDM-in artımı isə müvafiq olaraq 0,11% və 0,08% olub. 

Artım perspektivi

“Mood,s” ekspertlərinin gəldiyi qənaətə görə, elektron ödənişlərdən istifadənin 1% genişlənməsi istehlak xərclərinin dünya üzrə ildə 104 milyard dollar artması deməkdir. Əgər nağdsız hesablaşmalar indiki kimi artmaqda davam etsə, yaxın gələcəkdə kartların hesabına artım ildə orta hesabla 0,04% olacaq. 

Bununla yanaşı, araşdırmada qeyd oluinub ki, ölkədə rifah halının yüksəlməsi üçün ödəniş kartları ilə əməliyyatlarınb genişləndirilməsi kifayət etmir – maksimal effekt əldə etmək üçün maliyyə sistemi inkişaf etməli, iqtisadiyyat sabit olmalıdır. Elektron ödənişlərə keçidi sürətləndirmək üçün isə etibarlı maliyyə sisteminin yaradılmasına və istehlakın stimuallaşdırılmasına imkan verən siyasət aparılmalıdır. 

“Qeyd etməliyik ki, istehlakçıların böyük əksəriyyəti nağdsız ödəniş üsullarına meyllidir. Son 5 ildə Azərbaycanda ödəniş kartlarından istifadə sabit şəkildə artıb və bu da, ÜDM-in 70 milyon dollar həcmində artmasını şərtləndirib” – deyə “Visa”nın Azərbaycan. Belorus və Moldova üzrə regional meneceri bildirib. 

Onun sözlərinə görə, buna dövlət orqanları, tənzimləyicilər və “Visa”nın Azərbaycandakı tərəfdaş bankları ilə yaxın əməkdaşlıq hesabına nail olunub. “Biz  Azərbaycan iqtisadiyyatının inkişafı naminə elektron ödənişlərdən istifadənin  genişlənməsi ilə bağlı qarşımıza qoyduğumuz ümumi məqsədə çatmaq üçün yaxın əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindəyik”. 

        Eləcə də bax: Влияния электронных платежей на экономический рост - Исследование Moody's

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275