BANK

Onlar üçün kreditsiz həyat başlayır - AZƏRBAYCANDA
22 APREL
639

Onlar üçün kreditsiz həyat başlayır - AZƏRBAYCANDA

2016-04-22 12:27:00

“Qadağan etmək heç bir zaman çıxış yolu deyil, bəzi məhdudiyyətlərlə təqaüdçülərə kredit verilməsini davam etdirmək daha məqsədəuyğun olardı”.

Fins.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qəbul etdiyi qərarı şərh edən zaman deyib. Ekspert bildirib ki, indiyə kimi Azərbaycanda bir neçə bank sırf pensiya kreditləri hesabına müəyyən qədər gəlir əldə ediblər:

“Bəzi bankların əsas müştərilərindən biri də pensiyaçılar olub. Xüsusilə də, burada pensiya verən bank imkan əldə edirdi. Çünki, pensiya kartını insanlara paylayırdı, onlar da kartdan pul çəkən zaman alternativ olaraq kredit pulu hazır olurdu. Bir sözlə, təqaüdçülər artıq kredit müştərilərinin bir kateqoriyasına çevirilmişdi. Hətta iş ora gəlib çatmışdı ki, pensiyaçılara 15 min manata qədər kredit verilirdi. İlk baxışdan bu normal haldır. Ancaq pensiyaların aşağı olduğunu nəzərə alsaq, aylıq kredit ödənişlərinin bəzən pensiya miqdarından daha yüksək olması qaçınılmazdır. Məsələn, 150-200 manat pensiya alan şəxsin kredit ödənişi bəzən 200 manatdan çox olur. Bu da bəzən kreditorlarla müştərilər arasında anlaşılmazlıqlar, gecikmələr yaradırdı”.

Ekspert birmənalı olaraq qadağanın əleyhinə olduğunu bildirib. Onun fikrincə, həll yolu kimi müəyyən məhdudiyyətlərin qoyulması daha məqsədəuyğun olardı: “Pensiyaçılara kredit verilməsinin qadağan edilməsinin hər bir halda əleyhinəyəm. İndiki vəziyyətdə pensiyaçılara kreditlərinin verilməsinə qadağa qoymaqdansa, müəyyən məhdudiyyətlər tətbiq etmək daha yaxşı olardı. Bununla bağlı da bir neçə təklifim də var:

Əvvəla, təqaüdçü üçün 15 min manat böyük məbləğdir. Bu səbəbdən də kredit miqdarını azaltmaq lazımdır. Bu, 5 minə qədər ola bilər.

İkincisi, müddət məsələsidir. Əlavə problemlərin yaranmaması üçün uzunmüddətli kreditlərin yerinə, 1 maksimum 2 illik kredit müddəti təyin olunmalıdır.

Üçüncü məsələ isə ondan ibarətdir ki, banklar pensiyaçıları güzəşt qrupuna aid edə bilər. Adi vətəndaşa verdiyi istehlak kreditləri ilə müqayisədə təqaüdçülərə daha aşağı faizlə kredit verə bilərdi.

Əgər banklar doğurdan da təqaüdçüləri kredit müştərisi etmək istəyirsə, bu məhdudiyyətlərlə kredit verməyi davam etdirmək olardı. Qadağa heç bir zaman çıxış yolu deyil və tam əleyhinəyəm”.

Ekspert onu da bildirib ki, son vaxtlar istehlak kreditləşməsi sahəsində qadağaların sayı getdikcə artır:“Bir neçə həftə öncə bir ay müddətində dollar kreditlərinin verilməsi qadağan etdirilib. Qadağanın vaxtı may ayının əvvəlində bitir. Bu səbəbdən ya qərar uzadılacaq, ya məhdud çərçivə qoyulacaq, ya da ki, ləğv ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272