BANK

Nisyə mal almaq istəyənlərə - YENİ XİDMƏT
19 APREL
810

Nisyə mal almaq istəyənlərə - YENİ XİDMƏT

2016-04-19 16:19:00

Azərbaycanda tez realizə olunan malların satışı və istehsalı ilə məşğul olan sahibkarların işi asanlaşıb. Fins.az-ın məlumatına görə, onların işini “Caspian Development Bank” asanlaşdırıb – yenicə istifadəyə verdiyi faktorinq xidməti ilə. Xidmətin detalları barədə fins.az-a bankın Biznesin inkişafı departamentinin direktoru Sənan Həsənov məlumat verib.

3 aylıq müddətə verilən borc

Onun sözlərinə əsasən, bu xidmət tez dövr edən malların, əsasən qida məhsullarının satışını və istehsalını həyata keçirən iş adamları üçün nəzərdə tutulub və onlara rahat şəkildə nisyə mal almağa imkan verəcək. “Faktorinq xidmətindən supermarketlər və yaxud yeyinti malları, məsələn, şirniyyat istehsal edən müəssisələr faydalana bilər. Tutaq ki, müəssisə nə işə bişirib-satır və ona un, şəkər lazımdır. Əlində nağd pulu olmayanlar faktorinqdən istifadə etməklə, lazım olan malları dərhal ala, pulunu 3 aya ödəyə bilərlər. Bu həm də qarşı tərəfin işini asanlaşdırır. Satılan malın pulunun bir hissəsi bəri başdan əldə edilir”. 

Müştəriyə maksimum 5 günə cavab verilir 

Sənan Həsənov deyir ki, bankın faktorinq xidmətindən istifadə etmək istəyən alıcı və satıcı tərəfləri lazımi sənədləri – vergi şəhadətnaməsini, alqı-satqı müqaviləsini, malın təhvil-təslimini təsdiq edən qaimə-fakturanı təqdim etməli, bankda hesablaşma hesabı açmalıdırlar. Təqdim olunan sənədlər 5 iş günü ərzində nəzərdən keçirilir və müştərilərə faktorinq xidməti göstərilir.

Pulun 80%-i dərhal, 20%-i sonra çatır

Xidmətin şərtlərinə görə, bank alıcının satıcıya ödəməli olduğu məbləğin 80%-ni dərhal müvafiq hesaba köçürür. Qalan 20%-in ödənilməsi isə bir qədər sonraya saxlanılır. Yəni, tutaq ki, 1000 manatlıq mal alınırsa, bank satıcıya dərhal 800 manat ödəyir və bununla onun öz işinə davam etməsini təmin edir. Qalan 200 manat isə alıcı bankın borcunu tam ödədikdən sonra satıcıya çatır.

Hər 30 günə 2% xidmət haqqı

Alıcı 100 manatı 3 aydan gec olmayaraq banka çatdırmalıdır. Bu zaman hər 30 gün üçün 2% xidmət haqqı tutulur. Yəni, tutaq ki, 1000 manat faktorinq borcu olan alıcı bunu 45 gün ərzində banka çatdırırsa, əlavə olaraq 30 manat xidmət haqqı ödəməlidir. Puldan söz düşmüşlən, faktorinq xidmətindən istifadə edənlər minimum 500 manat, maksimum isə 200 min manat məbləğində borclana bilərlər. 

“Bu, nağdsız hesablaşmalara maraq yaradacaq”

Departament direktorunun sözlərinə görə, yeni xidmət sahibkarlığın inkişafnı stimullaşdırmaqla yanaşı, həm də ölkədə nağdsız hesablaşmaların genişlənməsinə səbəb olacaq: “Biz faktorinq xidmətindən istifadə edən sahibkarlar üçün POS-terminal da quraşdırırıq. Yəni, nə isə istehsal edib satanlar alıcıdan pulu nağd deyil, kartla da qəbul edə bilərlər və dərhal da həmin məbləğ onların hesabına oturur, borcları azalır. Faktorinq borcunu qaytarmaq üçün tez-tez banka gəlməyə ehtiyac yoxdur. Pul birbaşa hesaba oturur, biz də burdan mal satana ödəyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272