BANK

Naxçıvanda dövriyyəyə 100 milyon manat buraxılıb
14 APREL
323

Naxçıvanda dövriyyəyə 100 milyon manat buraxılıb

2016-04-14 08:46:00

Bu il, aprelin 1-nə Naxçıvan Muxtar Respublikasının bankları ümumi kredit qoyuluşunu ötən illə müqayisədə xeyli artıraraq 117 milyon 967 min manata çatdırıb. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının yerli idarəsi məlumat yayıb.

Kredit portfelinin 15 milyon 423 min manatı qısamüddətli, 102 milyon 545 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Kredit portfelinin 62,2 faizini sənaye, istehsal və kənd təsərrüfatı sahələri üzrə verilmiş kreditlər təşkil edir. Təkcə 2016-cı ilin birinci rübü ərzində verilmiş kreditlərin həcmi isə 9 milyon 607 min manat olub ki, bunun da 4 milyon 450 min manatını qısamüddətli, 5 milyon 157 min manatını isə uzunmüddətli kreditlər təşkil edir. Bu dövr ərzində prioritet istiqamətlərdən biri olan kənd təsərrüfatının inkişafı üzrə kredit qoyuluşunun həcmi 3 milyon 752 min manata, yəni ümumi kreditləşmənin 39,1 faizinə çatıb. Bu kreditlər, əsasən, heyvandarlıq və bitkiçilik, meyvəçilik, arıçılıq və quşçuluğun inkişafına yönəldilib. Real sektorun, fərdi  təsərrüfatların inkişafı məqsədilə cari ilin birinci rübü ərzində sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi də artaraq 2 milyon 922 min manata, ümumi kredit portfelinin 30,5 faizinə çatıb. Bununla yanaşı, muxtar respublika sakinlərinə verilmiş 2 milyon 522 min manat məbləğində şəxsi istehlak və daşınmaz əmlak alınması üçün, 409 min manat məbləğində ipoteka kreditləri də vətəndaşların maddi rifah səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb.

Bank sektorunun mühüm bir göstəricisi də əhali əmanətlərinin cəlb olunmasıdır. 2016-cı ilin 1 aprel tarixinə əhalinin banklarda yerləşdirilən əmanətlərinin həcmi 6 milyon 835 min manat olub. Milli valyutamız olan manatla yerləşdirilən əmanətlərin həcmi 2 milyon 635 min manat, xarici valyuta ilə yerləşdirilən əmanətlərin həcmi isə manat ekvivalenti ilə 4 milyon 200 min manat təşkil edib. Bu dövrdə  milli valyutada olan əmanətlərin həcmində artım qeydə alınıb. 2016-cı ilin ilk üç ayında 23 hüquqi, 6034 fiziki şəxs olmaqla, 6057 müştəriyə yeni bank hesabı açılıb. Ümumilikdə, banklar tərəfindən xidmət olunan hesabların 50 min 546-sı işlək hesab olub ki, onların 1381-i hüquqi, 49 min 165-i fiziki şəxsdir.

2016-cı ilin ilk 3 ayı ərzində Mərkəzi Bankın ehtiyat fondundan bankların nağd pula olan tələbatının ödənilməsi məqsədilə 99 milyon 630 min manat nağd pul dövriyyəyə buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272