AVTO

"Brendlər arasında ən sevilən, satılan model BMW X5-dir" - MÜSAHİBƏ
17 YANVAR
1104

"Brendlər arasında ən sevilən, satılan model BMW X5-dir" - MÜSAHİBƏ

2019-01-17 17:50:00

“İmprotex Motors” şirkətin marketinq direktoru Ziya Mahmudovun Fins.az-a verdiyi müsahibəni təqdim edirik.

Sizin salon hansı markalı avtomobillərin satışı ilə məşğuldur?

“İmprotex Motors” 1998-ci ildən bəri BMW ailəsinə daxil bütün avtomobilləri və moto-texnikanı, 2014-cü ildən "Rolls-Royce" və 2015-ci ildən isə “Mini”ni təqdim edir. Təbii ki, bu avtomobillərə aid bütün texnikalar da bizim salonda mövcuddur.

Salonunuzdakı hansı model avtomobillər daha populyardır?

Adıçəkilən markaların Azərbaycanda istifadəsi mümkün olan bütün modelləri bizim salonda var. Yalnız elektriklə işləyən modellərin satışı üzərində hazırda iş gedir və ilin ortalarında bunun mümkün olacağını düşünürük. Ən populyar modelə gəlincə, nəinki BMW, eləcə də bütün brendlər arasında ən sevilən, satılan model BMW X5-dir. Bu il həmin modelin istehsalının 20 ili tamam olur. Ötən 20 il ərzində bu model bazarda öz liderliyini qorumaqdadır.

Sizin salondan kreditlə avtomobil almaq mümkündür?

Təbii ki, mümkündür. Onsuz da krediti bizim salon yox, banklar verir. Lakin onu da qeyd edim ki, kreditlə satış il-ildən azalır. Bunun da səbəbi ilkin ödəniş məbləğinin yüksək – 40-50 faiz olmasıdır. 2014-cü ilə qədər isə ilkin ödəniş 20 faizə qədər idi.

“İmprotex Motors” yalnız salonunuzdan alınan avtomobillərə xidmət edir, yoxsa digər salonlardan alınan avtomobillər də ehtiyat hissələri üçün sizə müraciət edə bilər?

Biz BMW, "Rolls-Royce" və Mini-nin Azərbaycan üzrə rəsmi idxalçısı olduğumuz üçün hər üç markanın bütün avtomobil hissələri də bizə gəlir. Ona görə də bu markalardan olan bütün avtomobil sahibləri salonumuza müraciət edə bilərlər.

Yeni ildə planınız, məqsədiniz nədir?

Hədəflərimiz bütün avtomobil satışı şirkətlərində olduğu kimidir: satışı artırmaq, müştəri razılığı, servisin daha da geniş kütləyə qiymət tərəfindən maraqlı olması və təqdim edilən bütün xidmətlərin bir pillə üstün səviyyəyə qalxmasıdır.

Müəllif: Tuncay Türbəndəzadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259