AVTO

Mercedes-Benzdən daha bir yenilik
10 YANVAR
129

Mercedes-Benzdən daha bir yenilik

2019-01-10 11:20:00

Mercedes-Benz şirkəti Las Veqasda keçirilən İstehlak elektronikasının sərgisində (CES 2018) ikinci nəsil CLA sedanını təqdim edib. Yeni CLA modeli adi A-Class sedanından haşiyəsiz qapıları, geniş təkər tağları və çıxıntılı kapotu olan əzələli dizaynı ilə seçilir. Fins.az xəbər verir ki, sələfi ilə müqayisədə yeni sedan daha sanballı olub. CLA modelinin arxa hissəsinin dizaynı daha iri CLS modeli ilə bənzərlik daşıyır: fənərlərin bir hissəsi kapotda yerləşir, nömrə yeri isə arxa bamperə “köçüb”. Yeni Mercedes-Benz CLA modelinin təkər bazası A-Class sedanı ilə eynidir – 2729 millimetr. Onun qabarit uzunluğu – 4688 millimetr, eni – 1830 millimetr, hündürlüyü isə, 1439 millimetrdir. Beləliklə, yeni CLA sələfindən 48 millimetr, A-Class sedanından isə 139 millimetr uzundur. Yeni sedan sələfindən 53 millimetr enli və 2 millimetr alçaqdır. Maraqlıdır ki, avtomobilin aerodinamik müqavimət əmsalı dəyişməz qalıb – 0,23 (A-Class sedanında bu rəqəm 0,22 təşkil edir). Yeni CLA artıq beş deyil, dörd oturacaqla təklif edilir. Avtomobilin baqaj həcmi də 10 litr azalaraq 460 litr olub. İkinci nəsil Mercedes-Benz CLA modelinin interyeri tamamilə A-Class modelindən götürülübdür - yeganə fərq təkmilləşdirilmiş MBUX sistemindədir. Məhz bu sistemə görə, yeni Mercedes-Benz CLA Las Veqasda debüt edib. Multimedia sisteminin menyusunu idarə etmək üçün displeyə toxunmağa ehtiyac yoxdur – barmağınızı uzatmaq kifayətdir. Səslə idarəetmə sistemi daha çox kəlmələri tanıyır və mürəkkəb suallara cavab vermək iqtidarındadır. Bundan başqa, sistem səsin tanınması funksiyasına malik olubdur ki,  o, yalnız “Hey, Mercedes” açar kəlməsini birinci söyləyən şəxsin əmrlərinə reaksiya verir. Nəhayət, jestlərlə idarəetmə funksiyası da peyda olubdur: “qaynar” komandaları əlin və barmaqların müxtəlif vəziyyətinə uyğun proqramlaşdırmaq olar. Mercedes-Benz CLA A-Class sedanından fərqli olaraq yalnız çoxqollu arxa asqı ilə təchiz ediləcəkdir. Bundan başqa, şassinin də xarakteristikalarına yenidən baxılıb – sedan daha qalın stabilizatorlara sahib olub. Əlavə ödənişlə adaptiv amortizatorları sifariş etmək də mümkündür. Təkər disklərinin ölçüsü 16-19 düym arasındadır. Avtomobilin təchizatına avtomatik olaraq zolağı dəyişmə funksiyasına malik olan adaptiv kruiz-kontrol daxil edilib.

Ilk zamanlarda yeni model yalnız CLA 250 modifikasiyasında təklif edilir. Bu isə, sedanda 224 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikin və yeddi pilləli 7G-DCT “robotunun”, həmçinin öndən çəkiş sisteminin quraşdırılması deməkdir. Əlbəttə ki, bir müddət sonra CLA modelinin mühərrik çeşidi benzin və dizel mühərrikləri ilə zənginləşməlidir. Mexaniki qutu və tam çəkiş sisteminin də təklif ediləcəyi şübhəsizdir. İstehsalçının planlarında CLA modelinin bərkgedən AMG versiyası və universal kuzovlu CLA Shooting Brake də vardır.

© Autograph

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256