AVTO

İkinci əl avtomobil bazarında son vəziyyət necədir? -QİYMƏTLƏR-FOTO
06 AVQUST
1169

İkinci əl avtomobil bazarında son vəziyyət necədir? -QİYMƏTLƏR-FOTO

2018-08-06 11:44:00

Azərbaycanda benzin yanacağının bahalaşmasından sonra avtomobil bazarında müşahidə edilən qiymət artımı, müştəri qıtlığı ilə nəticələndi. Lakin hazırda vəziyyət bir qədər fərqlidir. Fins.az xəbər verir ki, bu barədə “Yeni Müsavat”ın reportyor qrupu Bakıda avtomobil satılan ərazilərdə olub. Əvvəlcə onu qeyd edək ki, artıq bir müddətdir ki, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən avtomobil bazarı ləğv edilib. İndi həmin ərazidə avtomobil hissələri satılır. Avtomobilini satmaq istəyənlər isə Yasamal rayonu ərazisindəki maşın bazarına yollanmalıdır. Bu bazara girmək üçün isə 10 manat məbləğində ödəniş etmək lazımdır. Buna görə də əksər satıcılar maşınlarını bazara deyil, elə metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında yerləşən köhnə maşın bazarına gətirib burada satırlar. Onlardan öyrəndik ki, hazırda maşın bazarında müştəri qıtlığı yaşanır. Qiymətlər qalxdığı üçün alıcılar yox səviyyəsindədir. Lakin onu da müşahidə etdik ki, artıq maşınların kreditlə satışına da şərait yaradılıb. Bu hal isə bazarda müəyyən aktivliyə səbəb olub.

Uzun müddətdir maşın alveri ilə məşğul olan Saleh Bayramov bildirdi ki, demək olar, hər həftə Badamdar ərazisində yerləşən maşın bazarında olur. Satıcının sözlərinə görə, bazarda vəziyyət ürəkaçan deyil: “Əvvəlcə onu deyim ki, benzinin qiyməti qalxandan sonra bazarda həm benzinlə işləyən köhnə avtomobillərin, həm də dizel yanacağı ilə işləyən maşınların qiymətində artım oldu. Buna görə də onsuz da müştəri üzünə həsrət qalan bazarda vəziyyət bir qədər də gərginləşdi. Bundan əvvəl də manatın məzənnəsində ucuzlaşma olduğu üçün yeni avtomobillər bahalaşmışdı. Yeni avtomobillərin bahalaşdığı ərəfədə, yəni təxminən 2015-16-cı illərdə ”ikinci əl" avtomobillərin satıldığı bazarlarda müştərilər indikindən çox olurdu. Buna görə də “ikinci əl” avtomobillərin də qiyməti bahalaşdı. Qiyməti qaldıran satıcıların özləridir. Həm qiyməti yuxarı qoyurlar, həm də satış edə bilmirlər. Adam tanıyıram ki, aylardır 1998-ci il “Mercedes c200" markalı avtomobili bazara çıxarır, sata bilmir. Hazırda bazarda nisbətən yaxşı satılan avtomobillər dizel yanacağı ilə işləyənlərdir. Onların da çoxunun mühərriki problemli olduğu üçün yaxşı maşın tapmaq çətindir. Bu dəqiqə maşın almaq istəyən alıcı da əziyyət çəkir, satmaq istəyən də. Qiymətlərə gəlincə isə insanların daha çox maraqlandığı ”Mercedes"lərin mühərriki kiçik olan bütün markaları bahalaşıb. Məsələn, 1998-ci ilin “Çeşka”sını 11 min 500 manata bazara çıxarırlar. Halbuki 3 il bundan öncə həmin maşını 6-7 minə desəydin, heç alan olmazdı. Son aylarda «Opel» də bahalaşıb. Çünki alıcısı artıb".

Satıcının sözlərinə görə, bazarda kreditlə də satılan maşınlar var: “Olur ki, maşının ilk sahibi krediti ödəyə bilmir, çıxarır bazara. Alıcı onun ödədiyi məbləği verir, qalan pulu isə banka kredit formasında hər ay ödəyir. Son aylar lizinqlə, kreditlə maşın satanlar da çoxdur. Bazarda ən ucuz maşınlar kondisionersiz maşınlardır. İki eyni marka maşının kondisioneri yoxdursa, onların arasında  700-1000 manata qədər qiymət fərqi olur. Əvvəllər bazara maşın gətirən az idi. İndi isə bu problem aradan qalxıb. Kim sata bilirsə, yeni maşın gətirməkdə problem olmur”.

Söhbət etdiyimiz satıcılar onu da bildirdilər ki, benzinin qiyməti qalxarsa, bazarda maşınların qiyməti bir qədər düşə bilər.

Bazardakı son durumla bağlı danışan iqtisadçı Natiq Cəfərli söylədi ki, avtomobil bazarında qiymətlər bir müddət sonra dəyişə bilər: “Əslində yanacağın qiymətinin bahalaşması ilə bağlı gözləntilər maşın bazarına da öz təsirini göstərəcək. Lakin hələ ki bu proses getmir. Benzinin qiyməti 90 qəpik olandan sonra bazarda dizel yanacağı ilə işləyən maşınlara tələbat artımı oldu. Buna görə də həmin avtomobillərin qiyməti də bahalaşdı. İndi gözləntilər var ki, dizel yanacağının da qiymətində bahalaşma ola bilər. Bu gözləntilərin ilk növbədə dizellə işləyən maşınlara təsir göstərmə ehtimal var. Əgər bahalaşma baş versə, dizellə işləyən maşınlara tələbat azalacaq. Bununla da qiymətlər düşə bilər. Benzinlə işləyən maşınlara gəlincə, burada fərqli nüanslar var. Belə ki, son aylar müxtəlif üsullarla yenidən kreditləşmə məsələsi gündəmə gəlib. Banklar, bank olmayan kredit təşkilatları vasitləsilə və hətta fiziki şəxslərin özlərinin birbaşa müqavilə bağlaması ilə kreditlə maşınlar satıla bilir. Kreditləşmə imkanı ona görə yaranır ki, manat dollara nisbətdə sabitdir. Bu isə tələbatı artırıb və qiymətlər də artıb. Əgər gələcəkdə dolların məzənnəsində hər hansı bir dəyişiklik olsa, bu, bazarda yenidən durğunluğun yaranmasına səbəb ola bilər. Bu il ötən illə müqayisədə avtomobil bazarında demək olar ki, durğunluq aradan qalxıb. Həm Gürcüstandan gələn avtomobillərin sayında, həm də satışda artım müşahidə olunur. Yanacaqda qiymət dəyişikliyi olsa, satışların kəskin şəkildə azalacağını görəcəyik”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251