AVTO

Yük maşını və avtobus sahibləri üçün - YENİ TƏLƏBLƏR
24 APREL
273

Yük maşını və avtobus sahibləri üçün - YENİ TƏLƏBLƏR

2018-04-24 10:53:00
Azərbaycanda yük və sərnişin daşıması ilə məşğul olanlara qarşı yeni tələblər tətbiq edilib. Fins.az xəbər verir ki, bu yeniliklər «Yol hərəkəti haqqında» qanuna edilən son dəyişikliklərdə nəzərdə tutulub. Aprelin 23-də prezident İlham Əliyev qanuna dəyişiklikləri təsdiqləyib, sənəd isə 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minir.

 Qanuna əsas dəyişiklik taxoqrafların tətbiqi ilə bağlıdır. Belə ki, qanunun 6-cı maddəsindən sonra yeni 6-1 maddəsi əlavə edilib ki, bu maddəyə görə, beynəlxalq və yerli sərnişin və yük daşımasında istifadə olunan bütün yük maşınları və avtobuslar taxqrafla təchiz edilməlidir. 
 Həmin maddədə deyilir:
 Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən və yerinə yetirən fiziki və hüquqi şəxslərin vəzifələri
 
I. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən fiziki və ya hüquqi şəxslər həmin daşımaları həyata keçirən yük avtomobillərini və ümumi istifadədə olan nəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən şəxslər və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
 II. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.
 Qeyd edək ki, taxoqraf – nəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin nəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır.
 Paralel olaraq qanuna avtomobillərdə taxoqrafların olmasına, onların saz vəziyyətdə olmasına nəzarəti əhatə edən dəyişikliklər də edilib. Belə ki, yeni tələblərə görə, taxoqrafın saz vəziyyətdə olması şəhadətnamə ilə təsdiqlənəcək və bu qurğunun yoxlanılmasını təsdəqləyən möhür vurulacaq.
 «Yol hərəkəti haqqında» qanuna dəyişikliklərlə yanaşı, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilib ki, həmin tələblərə əməl olunsun.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə yeni 326-1-ci maddə əlavə edilib. Bu maddəyə görə, taxoqrafın olmaması və ya ondan istifadə tələblərinin pozulmasına görə, fiziki şəxslər 150 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimələnəcək. Qeyd edək ki, taxoqraflar sürücünün iş və istirahət rejiminə necə əməl etməsinə də nəzarət edir. Məcəlləyə edilən dəyişikliyə görə, iş və istirahət rejiminin tələblərini pozan sürücülər 50 manat cərimə ediləcək.
 Həmin maddədə deyiir: 
 “Maddə 326-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarının taxoqrafdan istifadə qaydaları pozulmaqla, habelə sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilmədən yerinə yetirilməsi
326-1.1. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarında taxoqrafdan istifadə qaydalarının pozulmasına, yəni həmin daşımaların:
326-1.1.1. taxoqraf olmadan yerinə yetirilməsinə;
326-1.1.2. yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə;
326-1.1.3. tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə;
326-1.1.4. taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə;
326-1.1.5. taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə-
fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
326-1.2. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə – əlli manat məbləğində cərimə edilir.”;
 Bir daha xatırladaq ki, bütün bu yeniliklər – həm «Yol hərəkəti haqqında», həm də İnzibati Məcəlləyə edilən dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək. (Fed.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254