AVTO

Avtomobilin salonuna necə qulluq etməli? -AVTOFAYDA
03 APREL
132

Avtomobilin salonuna necə qulluq etməli? -AVTOFAYDA

2018-04-03 12:55:00

Yeni avtomobil almaqla bəlkə də ən böyük arzularından birini reallaşdıran sürücü nəqliyyat vasitəsinə, xüsusən də salona qulluq etməyi heç ağlına belə gətirmir. Düşünür ki, avtomobil yenidirsə, hələ uzun müddət onun xidmətində olacaq. Lakin məsələyə daha həssas və peşəkar yanaşan insanlar elə ilk gündən nəqliyyat vasitəsinin xarici gözəlliyinə olduğu kimi, daxili təmizliyinə də ciddi önəm verir. Bu da təbiidir. Axı əsas məqsəd itirilmiş keyfiyyəti qaytarmaq yox, ilkin keyfiyyətin uzun müddət qorunmasına nail olmaqdır. Bunun üçün yalnız salonun, qabaq panelin tozunu silmək, döşəməni təmizləmək yetərli deyil. 
Təmizlik işlərinə başlamazdan öncə avtomobilin salonunda olan materialın keyfiyyətinə xüsusi fikir verin. Müasir dövrdə avtomobil həvəskarlarının əksəriyyəti dəri salona üstünlük versə də, işin çətinliyindən xəbərsizdirlər. Belə ki, parça salona qulluq göstərmək, təmizləmək dəriyə nisbətən daha asan başa gəlir. Dəri örtük növündən və keyfiyyətindən asılı olaraq həssas yanaşma tələb edir. Məsələn, siz yaş əski ilə parça salonu, xüsusən də oturacaqları rahatlıqla silə bilərsiniz. Lakin eyni üsul dəri örtüklü oturacaqlarda bəzən iz buraxır, keyfiyyətə xələl gətirir. Müəyyən zamandan sonra isə oturacaqların üzərində hətta xırda çatlar belə yaranır.

Real təmizlik, sağlam sərnişinlər

Əgər avtomobilinizin salonu dəridirsə, yadda saxlayın ki, oturacaqları tez-tez silmək düzgün deyil. Lakin ayda ən azı bir dəfə təmizləmək mütləqdir. Amma avtomobili hər dəfə yuyanda quru parça ilə silsəniz yetər.

Adətən sürücülər tərkibində yağ olan və dəri örtüklər üçün nəzərdə tutulan xüsusi məhlulları çox işlədirlər. Salonu gün işığının yandırıcı təsirindən qorumaq, çatların yaranmasına imkan verməmək üçün həmin məhluldan yaz və yay aylarında daha çox istifadə edirlər.

Amma bu zaman biz vizual təmizlik yaratmaqla yanaşı öz sağlamlığımız üçün zərərli mühit formalaşdırırıq. Belə ki, dərinin üzərində yaranmış yağ qatı adi toz və çirklə yanaşı bir çox zərərli mikroorqanizmlər üçün münbit yaşayış mühitinə çevrilir. Avtomobilin salonunda çətin təmizlənən bütün künclər, oturacaqların arası və qatları, eləcə də alt hissələrində yaşayan patogen bakteriyalar belə mühitdə çoxalmaq üçün daha əlverişli şərait tapırlar. Beləliklə daim istifadə etdiyimiz bu kiçik məkanda sağlam mikrofloranı pozur və səhhətimiz üçün kafi mühit yaratmış oluruq.

Bəs əsl təmizlik necə olmalıdır?

Müasir dövrün elmi tədqiqatları sübut edir ki, əsl təmizliyin mikroskopik səviyyədə aparılmalıdır. Amma bunun üçün avtomobilin salonunu mikroskopla yoxlamağa ehtiyac yoxdur. Sadəcə salonu mənfi bakteriyaların çoxalmasına səbəb olan yağlar və aqressiv kimyəvi vasitələrlə deyil, daha çox ekoloji təmiz məhsullardan, yəni tərkibində müsbət bakteriyalar olan yuyucu vasitələrdən istifadəyə üstünlük vermək məsləhətdir.

Əgər avtomobiliniz yeni deyilsə, salonu daha diqqətlə və həssaslıqla təmizləmək lazımdır. Azacıq diqqətsizlik parçanın və ya dərinin deşilməsi ilə nəticələnə bilər. Bir də, əsas olan yalnız istifadə etdiyiniz məhlul deyil, əlinizdə olan parçanın və ya süngərin keyfiyyətidir. Çalışın salonun içərisini yumşaq parça ilə silin.

Yay aylarında dərini yumşaldan məhlullar tez buxarlandığı üçün təmizlik işlərini ən geci ayda bir dəfə, qışda isə üç ayda bir dəfə aparmaq məsləhətdir. Bu mayelərdən mütəmadi və tez-tez istifadə etmək həm də, dərini həddən artıq yumşaldır və yekunda ya oturacaqlar öz formasını itirir, ya da yumşalmış dəri azacıq dartınma zamanı cırılır.

Əgər avtomobilinizin salonu parçadırsa

Yuxarıda qeyd olunan prinsiplər daha çox dəri salonlar üçün nəzərdə tutulur. Parça oturacaqların təmizlənməsində isə mayedən istifadə yolverilməzdir. Bu zaman sizin ən böyük köməkçiniz tozsoran olacaq. Bu texniki vasitədən müntəzəm istifadə zərərli deyil, əksinə, faydalıdır. Həm avtomobiliniz təmiz olur, həm də özünüzü tozlu havadan qoruyursunuz. Bununla bərabər müasir təmizlik vasitəri sırasında elə yuyucu vasitələr var ki, onlar tozun yığılmasının qarşısını alır.

Avtomobilin salonunda, xüsusilə də parça salonda daha çox yığılan toz mikroskopik, allergiya yaradan gənələrin yaşaması üçün münbit mühit yaradır. Toz gənələri adlanan adi gözlə görünməyən bu canlılar xüsusilə allergiyaya meylli sərnişinlərdə, xüsusən uşaqlarda allergik reaksiyalar yaradır. Çox vaxt gözün və burunun sulanması, açqırma kimi ilk əlamətlərlə üzə çıxan bu reaksiyaları səhvən soquyla əlaqələndirir və avtomobilin şüşəsi açıqdırsa tez onu bağlayırıq. Bunula salonda təmiz havanı azaldır və vəziyyəti bir az da çətinləşdiririk.

Bu problemi daha uzunmüddətli həll etmək üçün avtomobilinizin havalandırma sistemini bir müddətdən bir təmizləyin. Havalandırma sisteminin filtri və hava yolları daim çirklənir və burada səhhətimiz üçün ziyanlı olan mikroorqanizmlər toplaşır. Əgər avtomobilinizdə real təmizliyə nail olmaq istəyirsinizsə, mütləq havalandırma sistemini və oturacaqların altı kimi görünməyən yerləri təmiz saxlayın.

Parça oturacaqların üzərindəki ləkələrə gəldikdə isə sabun və ya müxtəlif yuyucu vasitələri su ilə qarışdırmaqla onları təmizləmək olar. Lakin parçanı suya azacıq batırmaq lazımdır. Çalışın oturacaqların həddən artıq islanmasına yol verməyin. Çünki parça salonun quruması kifayət qədər vaxt aparır.

Ləkələri parçadan aparmaq üçün xüsusi vasitələr var. Amma onlardan istifadə etməyə tələsməyin. Öncə zərərsiz üsuldan - qaynar su və sabun köpüyündən istifadə etməklə ləkəni aparmağa çalışın. Kömək etməsə, mütəxəssislərin məsləhəti əsasında müxtəlif məhlullardan yararlanmaq olar. Əks halda, yandırıcı tərkibə malik dərmanlar parçanın keyfiyyətinə təsir edə bilər.

Ön paneli necə təmizləmək olar?

Salonun ön paneli də xüsusi qulluq tələb edir. Paneli təmizləyərkən tərkibində spirt olan mayelərdən istifadə etməyin. Belə ki, spirt gün işığında buxarlanır və plastik örtük qurumağa başlayır. Bu zaman panelin rəngi solur, üzərində kiçik çatlar əmələ gəlir. Odur ki, təmizliyə nəm əski ilə başlayın. Daha sonra tərkibində yağ olan məhluldan istifadə edin. Həmin məhlul panelə həm yumşaqlıq verəcək, həm də parıldadacaq. Məhlulun effekti isə təxminən 2-3 həftə davam edəcək.

Daha bir neçə faydalı məsləhət...
Təmiz üçün hansı vasitədən istifadə etsəniz belə, diqqətli olun. İstənilən saxta məhsula satışda rast gəlmək olar. Çalışın mənsulları küçədən, yoldan deyil, avtomobil üçün mallar satan mağazardan, xidmət salonlarından alın. Hətta məhsulun keyfiyyətinə əmin olsanız belə, onu bütün salona deyil, oturacaqda və ya paneldə kiçik bir yerə vurmaqla təsirini yoxlayın. Əgər məhlul hər hansı iz buraxmırsa istifadə etmək olar.
Mütəxəssislərin fikrincə, təmizləyici mayelərdən istifadə qaydasını bilməyən və bahalı salonu korlamaqdan qorxan sürücülər bu işi peşəkarlara etibar etsələr daha yaxşı olar. Əksər servislərdə bu cür xidmətlər var. Həm də istənilən sürücü əməyi xüsusi avadanlıqlarla çalışan peşəkar işinə çatmaz. Salonda yaratdığınız səliqə isə yalnız sizin deyil, sərnişinlərin də ürəyincə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276