AVTO

Yol polisi ilə ünsiyyət – Hansı sözlər sizin əleyhinizədir?
10 YANVAR
412

Yol polisi ilə ünsiyyət – Hansı sözlər sizin əleyhinizədir?

2018-01-10 10:39:00

Bu gün bir çox sürücülər YPX inspektorları ilə ünsiyyətdə əziyyət çəkirlər. Hər iki tərəfdə günah var. Hər biri dialoq zamanı düzgün sözlər seçmir və mübahisəli məqam yaranaraq, hətta əl-qol davasına belə keçir. Ümumiyyətlə insan övladı hər zaman dilinin bəlasına düşür. "Dilim, dilim dilim olasan,ay dilim" misalı boş yerə yaranmayıb. Ona görə bu məqalədə YPX inspektoru ilə ünsiyyətdə 1-0 öndə başlamağın sirlərini açacam. Diqqətlə oxuyun.

Gəlin, ondan başlayaq ki, AvtoStop layihəsi başlayandan (2010-cu il avqustun 10-u) bir çox sürücülər yol polisi ilə ünsiyyətdə artıq qanunun maddələrindən istifadə edirlər. Təqdirə haldır ki, bir çox yol polisi inspektorları da 7 il, 10 il bundan öncəki kimi, sürücülərlə qaba davranmırlar. Lakin yenə də neqativ hallara rast gəlinir. Bir çox sürücülər inspektorla ünsiyyətdə haqlı olduqları halda belə, haqsız vəziyyətə düşürlər. Gəlin bir neçə situasiya üzrə işlədilən sözlərin təsirinə baxaq.

Zarafat etməyin

Qarşınızdakı inspektorun yumor hissi olmaya bilər. Və ya sizin dediyiniz sözü tam olaraq ayrı cür başa düşə bilər. Ona görə "Vətəndaş, spirtli içki qəbul etmisiniz?" sualına -"Hə, küpünə girmişəm" deyərək cavab verməklə vəziyyəti gərginləşdirə bilərsiniz. İnspektor zarafat obyekti deyil. Məsələn - ABŞ-da polisə "məndə bomba var" demək, zarafat olsa belə güllələnmə ilə nəticələnə bilər. Burada isə sizi zaman itirmək gözləyir. 

Sən kimsən ?

Ən geniş yayılmış və mənasız mübahisəyə yol açan ifadə. Yol polisi ilə ünsiyyətdə  "Özünüzü təqdim edin əvvəlcə", "Sizin təqdimatınız xoşuma gəlmədi" , "Zəhmət olmasa polis kitabçasına baxım" , "Siz kimsiniz?" tipli cümlələr birbaşa vəziyyəti gərginləşdirir. Bir az özünüzlə səmimi olun. Əgər siz qayda pozmusunuzsa, istənilən halda qanun YPX inspektorunun xeyrinədir. Yox, əgər pozmamısınızsa, boş yerə cənə-boğaz olmağa ehtiyyac yoxdur. İnzibati protokol tərtib edilir və siz həmin inzibati protokoldan şikayət edirsiniz.  Üstəgəl YPX inspektorları kimləri saxladıqlarının çox gözəl fərqindədirlər. Avtomobilin seriya və nömrəsi onlara bütün informasiyanı verir."Mən bilirsıən kiməm?" təhdidi ilə çox uzağa getmək mümüknü deyil. Həmçinin, ünsiyyət zamanı "komandir" , "rəis", "qaqaş", "əmioğlu" və s xiatblardan istifadə etmək məsləhət deyil. Ən yaxşısı "yoldaş inspektor" və ya  rütbə ilə müraciətdir. Əgər ələsalma məqsədi ilə soyadla müraciət edirsinizsə, bilin ki, 1 saat vaxtınız itəcək. 

Birinci və axırıncı dəfədir

Sürücülər arasında geniş yayılmış - "Balam canı, pozmamışam" , "30 ildi sürürəm, heç bir qayda pozuntum yoxdur. "Güzəşt elə" , "Ancaq məni görürsən?" , "Bir daha etmərəm", "Xəstəm var" və s sözlər çox az effektlidir. Bütün bunlar vaxt itgisinə və nəticədə cərimələnməklə nəticələnəcək. Ona görə, "sənədi əlimdə saxlayıram , sən bax", "yazsan, şikayət edəcəm" təhdidi ilə cəriməni ləvğ etdirə bilməzsiniz. Bir qədər psixoloq olun.

İndi isə yol poliis ilə ünsiyyətdə əsas açar sozlər.

Necəsiniz ?

Əgər bir insana "Salam. Necəsiniz?" sualı verdikdə, üzünüzdə təbəssüm olarsa, qarşınızdakı inanmıram ki, sizinlə kobud və qaba davransın. Ona görə inspektor sizə yaxınlaşan zaman üzünüzdə təbəssüm olsun. Hırıldamaq və 32 dişin hamısını nümayiş etdirməyə ehtiyac yoxdur. Sadəcə təbəssüm və "Salam. Necəsiniz? Saxlama səbəbini öyrənə bilərəm? Buyurun, mənim sənədlərim"  sizə güzəşt etmək ehtimalını artıracaq. Daha sonrakı dialoq vəziyyətdən , qayda pozub pozmamanızdan asılıdır. Ən geniş yayılmış "Yol ver"məklə bağlı dialoqa diqqət edək.

- Salam.

- Salam. Yorulmayasınız. Necəsiniz? (Bu zaman qeyri-ixtiyari inspektor sizin tərəfə keçir. Çünki qarşındakı zərhrimar sifətli və acı dil sürücü deyil, uşaqlıq dostudur)

- Yaxşıyam. Siz necəsiniz ? (aranızda isti münasibətlər yaranır) Yol polis inspektoru Serjant Səmədov. Siz qarşıdan gələn avtomobili buraxmadınız. Və buna görə mən sizə 60 manat cərimə yazacam.

- Yoldaş inspektor, ola bilər ki, sizin durduğunuz mövqedən elə görünür ki, mən həmin avtomobilə mane olmuşam. Çünki qanuna əsasən yol verməmək mane olmaq deməkdir. Qəfildən  hərəkət istiqamətini və sürətini dəyişmək. Bizim vəziyyətdə isə belə olmayıb. Bunu dəqiq bilirəm. Ona görə mübahisə etmək fikrində də deyiləm. Sizin avtomobilinizdə və bu ərazidə kameralar var.  Buyurun, bu mənim sənədlərim. Əgər qayda pozuntusundan əminsinizsə, gedin protokolu yazın və gətirin, mən orada öz şikayətimi qeyd edəcəm. Və xahiş edirəm, bunu tez bir  zamanda edin ki, mən tələsirəm və əgər vaxt itirdiyim təqdirdə  protokoldan şikayətdə haqlı çıxsam, vaxt itkisini kompensassiya olunmasını tələb edəcəm 

- (Bir qədər fasilə) Buyurun sənədləriniz , gedə bilərsiniz. (Və qələbə)

Əgər dəqiq qaydaları pozmamısınıza, inspektor sizinlə vaxt itirmək olmayacaq. Çünki şəhərdə kifayət qədər qayda pozan sürücü saxalamaq olar.

Bəli, indi bir çoxlarınız deyəcək ki, YPX haqqında təlimat var. İnspektor kobud davranmamalı, qaba olmamalı, səbirli olmalıdır. Əgər bacarmırsa, çıxsın işdən və s. Bunlar hamısı nəzəriyyədir. Adi iş yerinə yaxşı mühasibi çətinliklə tapırsan. Küçədə dəm qazı udub zəhərlənməyə razı olan inspektor tapmaq həqiqətən çətindir. Üstəgəl, axı o kobud olmamalədır demək, bizə kobud olmaq üstnülüyü vermir. İstənilən halda, vətəndaş inspektorla ünsiyyətdə mədəni davranmalıdır. Bu inspektor olmasın, lap bomj olsun. Mədəni davranış eyni cür cavablandırılır. Kiminsə mədəniyyətsizliyi, bizə mədəniyyətsiz olmaq şansı vermir. Xoş davranana insanlar həyatda daim qalib olurlar.

Qəti surətdə etməyin

  • Rüşvət təklif etməyin. Tələb etsələr belə. Cinayətə ortaq olursunuz. Mərd olun, qayda pozmusunuzsa, cəriməsini ödəyin.
  • Qışqırmayın. Qışqırmaq hələ düz olmaq deyil.
  • Qorxmayın. İndiyənə qədər yol polisi tərəfindən yeyilmiş sürücüyə rast gəlinməyin. Fikirlərini dəqiq, səlis və mədəni formada əsaslandırın.
  • Protokolu qəbul etməkdən imtina etməyin. Mıənası yoxdur. Protokolu qəbul etməkdən imtina, qanunun gözündə qəbul edilmiş kimi hesab sayılır.
  • Protokolu tam imzalamamaqdan imtina etməyin. Narazılığınız varsa, protokolda xüsusi ayrılmış yerdə qeyd edin. "Tərtib edilmiş protokolla razı deyiləm. Xahiş edirəm işimə mənim iştirakımla baxılsın"
  • İnspektorun həyatına təhlükə yoxdursa, avtomobildə uşaqlar yoxdursa, avtomobildən düşməyin. Yalnız bu iki halda avtomobildən düşə bilərsiniz. İçgilisinizsə, sizi məcburən düşürdə bilərlər.
  • Avtomobilinizi videoregistratordan məhrum etməyin. "Mənim videoqeydiyyatçımda hər şey qeyd edilir" deməyiniz, işə 1-0 öndə başlamağınıza yardımçı olacaq. Çünki bu videoyazı təkzib edilməz sübut hesab edilir.
  • Avtomobildən düşdükdə inspektora toxunmaq, qoluna girmək kimi aşırı səmimiyyət göstərməyin. O, yol polisi kimi öz işini, sən də sürücü kimi öz işini görməlisən.
  • Qayda pozmusunuzsa, yalan danışmayın və qabaqdan gəlmişlik etməyin. Bu sizin simasızlığınıza gətirib çıxaracaq. Səhvinizi etiraf etməyi və üzr istəməyi ayıb bilməyin. Hər kəsin səhvi olur. İnspektor bunu hiss edir və sizə kiçik səhvinizə görə güzəşt edə bilər.   

© Avtostop.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276