AVTO

Yenilənmiş Mercedes-Benz S-Class
08 YANVAR
241

Yenilənmiş Mercedes-Benz S-Class

2018-01-08 10:31:00

Yeniləmiş Mercedes-Benz S-Class cəmi bir günlük təqdim edildiyindən onu tam şəkildə sınaqdan keçirə bilmədik. “Gündəlik test sürüşünə yazılanların sayı çox olduğundan avtomobili bir neçə günlük təqdim etmək mümkün deyildir”, - alman markasının Azərbaycandakı dileri "AutoStar Kaukasus" şirkətinin marketoloqları səbəb göstərərək üzrxaqlıq etdilər.

Mercedes-Benz avtomobillərini Azərbaycanda hər zaman seviblər – hətta, rəhmətlik Ronald Reyqanın  “Şər imperiyası” adlandırdığı SSRİ-də yaşadığımız zaman belə. Uşaqkən gördüyüm ilk Mercedes avtomobili o zamanlar Bakıda fəaliyyət göstərən İran və İraq dövlətlərinin diplomatik nümayəndəliklərinin xidməti avtomobilləri olub.

O zamanlar, həmyaşıdlarımın bu avtomobillərə necə həsədlə baxdığı bu gün də xatirimdədir. Keçən əsrin 90-cı illərində “dəmir pərdənin” qalxması ilə Bakı küçələrindəki bahalı Mercedes avtomobillərinin sayı artmağa başladı.

Xatirimdədir, taksidə gedərkən, sürücü yüksək sürətlə yanımızdan şütüyüb keçən Mercedes-Benz 600 SEL sedanını görüb arzulara daldı və ah çəkərək - “Bir milyon pulun ola, “Torgovıda” mənzil və bir dənə də “Şessotu” alasan, qalan pulu da faizə verib, şah balası kimi yaşayasan”, - söylədi. Həmin vaxtlardan Mercedes-Benz S-Class hamının arzusuna çevrilib.

Bir müddət bundan öncə, Mercedes-Benz şirkəti yenilənmiş S-Class sedanını təqdim edib.

Yenilənmiş sedan Şanxayda keçirilmiş xüsusi tədbirdə kütlə qarşısında nümayiş etdirilibdir. Bayraqdar sedan kosmetik dəyişikliklərə məruz qalmış və avtobanda hərəkət etmək üçün avtopilot sistemini, həmçinin yeni mühərrikləri əldə edibdir. Zahiri görünüş cəhətdən yenilənmiş sedan tamamilə ön işıq texnikası, radiator barmaqlığı və modifikasiyasından asılı olaraq dəyişəcək aerodinamik kuzov dəsti ilə seçilir.

Avtomobilin salonundakı yeniliklər sensorlu panelləri olan üçqollu sükan çarxından ibarətdir ki, bu sükan da modifikasiyadan asılı olaraq müxtəlif ola bilər. Misal üçün, Maybach və AMG variantlarının sükanları adi sedanda olduğundan fərqlidir.

Bundan başqa, multimedia sisteminin displeyinin və cihazlar panelinin tərtibatı da yenilənibdir. Artıq bu displeylər E-Class modelində olduğu kimi bir şüşənin altında yerləşdirilibdir. Yeni modelin təchizatına çoxlu sayda yaxşılaşdırılmış, həmçinin sayı artırılmış təhlükəsizlik və sürücüyə yardım sistemləri daxil edilib.

Artıq məlumat verildiyi kimi, yenilənmiş S-Class şossedə sərbəst şəkildə hərəkət etmək və zolağı dəyişmək imkanı verən avtopilot sisteminə, həmçinin digər avtomobillər və infrastruktur obyektləri ilə «ünsiyyət» qurma funksiyasına,  smartfonla kənardan idarə edilən avtomatik dayanacağa qoyma sisteminə sahib olubdur. Yenilənmiş S-Class, sükan idarəetməsinə müdaxilə edərək, sürücüyə qəzadan yayınmağa kömək edəcəkdir. Bundan əlavə, avtomobilin avadanlıq siyahısına Energizing sistemi də daxil edilmişdir ki, bu sistem də 10 dəqiqəlik əhval-ruhiyyə yüksəltmə - Warmth, Vitality, Joy, Comfort və Training (üç variantda) - proqramlarına malikdir.

Seçilmiş proqramdan asılı olaraq, sistem oturacaqların tənzimləmələrini (isitmə, havalandırma və massaj), salonun LED işıqlandırmasını (64 çalar seçimi), klimat-kontrolun (qorulandırma da daxildir) iş rejimini dəyişir və musiqili müşayəti seçir. 

 

Avtomobillə hərtərəfli tanış olmaq üçün, bir gün ərzində həm sürücü, həm də sərnişin rolunda çıxış etmək qərarına gəldim. Bu mənə hər iki şəxsin hansı hisslər keçirdiyini anlamağa yardım edəcəkdir. Ümumiyyətlə, uzunbazalı Mercedes-Benz S-Class modeli daha çox xidməti avtomobil kimi istifadə edilir və onun sürücüsünün birbaşa vəzifəsi “xozeyni” A nöqtəsindən B nöqtəsinə komfortla çatdırmaqdır. Amma, hərdən “Xozeyn” də “qurdunu öldürmək” üçün sükana keçə bilər. 

Etiraf etməliyəm ki, mənim avtomobildə üstünlük verdiyim yer sürücü oturacağıdır. 30 illik sürücülük təcrübəm sayəsində yalnız sürücü oturacağında özümü rahat hiss etmişəm. Buna baxmayaraq, xarici ölkələrdə qonaq olarkən, arxa oturacaqdan istifadə etmək məcburiyyətində qaldığım vaxtlar da olub.

Yadımdadır, İspaniyadakı Mercedes-Benz C-Class testlərinə səfərə yollandığımız zaman, gedəcəyimiz yerdən 100 kilometrlik məsafədə olan hava limanına bizi qarşılamaq üçün Maybach 62 S limuzinini göndərmişdirlər. Dubayda DTM yarış avtomobilindəki sınaqlardan sonra, Audi Q7 krossoverinin səhradakı testinə Audi A8 L sedanı ilə yollanmışdıq. Belə səyahətlərin sayı kifayət qədər olsa da, sükan arxasında keçirdiyim zamanlar daha çox olub. 

Testə təqdim edilən sedan uzunbazalı Mercedes-Benz S450 L modeli idi. Modelin indeksi S450 olsa da, onun mühərrikinin iş həcmi üç litrdir. Sıralı altı silindrli aqreqat 367 at qüvvəsi (270 KW) və 500 Nm fırlanma anı hasil edir. Mühərrik 9G-Tronic avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Zavod göstəricilərinə əsasən, sedan yerindən 100 km/saat həddinə 4,9 saniyəyə sürətlənir. Onun maksimal sürət isə, elektronika tərəfindən 250 km/saat həddində məhdüdlaşdırılıb.  Qeyd etməliyəm ki, 3,0-litrlik turbomotor iki tonluq sedanı çox asanlıqla sürətləndirir. İş orasındadır ki, belə kəskin sürətlənmə sərnişinlərin rahatlığına heç bir xələl gətirmir. Avtomobili idarə etmək də çox rahat və asandır.

Mercedes-Benz S450 L sedanının ölcülərinə gəldikdə isə, onun qabarit uzunluğu 5271 mm, eni - 1905 mm, hündürlüyü - 1496 mm, təkər bazasının genişliyi isə, 3165 mm təşkil edir. Avtomobilin çəkisi 2075 kq, baqaj həcmi - 510 litr, yanacaq çəni - 70 litrdir.

Birinci, sükan arxasında olmanın hissini yaşamaq qərarına gəldim. Yeni sükan çarxı dəri, ağac və alimium ilə tərtib edilib, sensorlu və mexaniki düymələrə malikdir. Mercedes-Benz mühəndisləri və dizaynerləri iki yüksək kefiyyətli 12.3-düymlük displeylərii birinci dəfə məhz S-Class sedanında tətbiq ediblər. Artıq bu standartdan digər modellərdə də istifadə olunur. Əlbəttə ki, belə dizayn dəyişikliyi bu displeylərdə müxtəlif məlumatların əks etdirilməsi üçün geniş imkanlar yaradır.

Uzunbazalı Mercedes-Benz S-Class avtomobilinin sahibi əksər hallarda arxa oturacaqda səfər etməyə üstünlük verir. Long indeksli sedan standart modeldən 155 mm uzundur. Bunun sayəsində arxa oturacaqlar zonasında daha geniş məkan mövcuddur. Arxa qapı panelinin üzərində quraşdırılmış düymələr vasitəsi ilə, ön oturacağı maksimal olaraq qabağa çəkərək, daha rahat oturmaq mümkündür. Bundan başqa, sərnişinlər arxa oturacaqları 5 istiqamətdə nizamlamaq imkanına malikdirlər. Ön oturacaqların arxa  hissəsində  yerləşdirilmiş multimedia sisteminin displeyləri uzun yol boyu sərnişinlərin əylənməsinə şərait yaradır.

Sedanın təchizatına həmçinin Command Online sistemi və yüksək keyfiyyətli Burmester səs sistem daxildir.

Yeni Mercedes-Benz S-Class modelinin ən maraqlı avadanlıqlarından biri də havalandırma sisteminin Air-Balance funksiyasıdır. Bu funksiya salondakı havanı təmizləyərək ionlaşdırır. Bundan əlavə, əlcək qutusuna yerləşən aromatizator sərnişinlərin əhval-ruhiyyəni yüksəltməyə xidmət edir. Hər 5 dəqiqədən bir püskürdülən ətirləri dəyişmək də mümkündür. Xüsusi olaraq S-Class üçün məhşur parfyumer Marc von Ende tərəfindən yaradılan bu ətirlər Freeside Mood (yüngül sitrus), Nightlife Mood (ədviyyat, ud), Downtown Mood (gül, muksus) и Sports Mood (yaşıl, sitrus) növlərindən ibarətdir.

Yeni  S-Class modelində səfəri rahat etmək üçün Airmatic pnevmatik asqı sistemini seçmək vacibdir. Tanışlıq zamanı arxa oturacaqda bir neçə saat yol qət etdik. Bu müddət ərzində məni narahat edən bir vəziyyətlə üzləşmədim.

Son olaraq deyə bilərəm ki, Mercedes-Benz yenilənmiş S-Class modeli bu sinif üçün müəyyən edilmiş standartları növbəti yüksək pilləyə daşıyıbdır. Bu səbəbdən də, Ştutqart istehsalçısının əsas rəqibləri bu standartları aşmağa çalışacaqdırlar. 

©autograph.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301