AVTO

İran avtomobilləri Azərbaycanda yerli adla buraxılacaq – MÜSAHİBƏ
25 DEKABR 2017
2122

İran avtomobilləri Azərbaycanda yerli adla buraxılacaq – MÜSAHİBƏ

2017-12-25 13:01:00
Fins.az növbəti dəfə Azərbaycanda yerli avtomobil istehsalını planlaşdıran “AzerMash” ASC-nin idarə heyətinin sədri Emin Axundovla müsahibəni təqdim edir:
-Emin bəy,  “AzerMash” avtomobil zavodunun açılışı nə vaxt olacaq və yerli avtomobilin istehsalına nə vaxt başlanacaq?
- Bu həftədən etibarən istehsal üçün avadanlıqlar gətiriləcək. Bunlar əsasən Cənubi Koreya, Belçika və Malaziyadan gətirilir. Yanvar ayından istehsal avadanlıqları quraşdırılacaq. Bu işlər yekunlaşandan sonra isə fevral ayının sonundan etibarən artıq  yerli avtomobil istehsalına başlanacaq. Mart ayının ilk günlərində isə zavodun açılışı olacaq.
- İlkin olaraq hansı avtomobillər istehsal ediləcək?
- Bildiyiniz kimi, bu "Iran Khodro" şirkətinə aid modellərdir. İlkin olaraq "Dena", "Runna", "Soren" və "Samand" avtomobilləri zavodda yığılacaq. Amma avtomobillərin adları dəyişdiriləcək. Yəni, İran brendi olaraq deyil, Azərbaycanın milli brendi olaraq buraxılacaq və yerli adlar veriləcək.
- Avtomobil modellərinin yerli adları necə olacaq?
- Modellər üzrə adlar hələlik dəqiqləşdirilməyib. Hazırda bunun üzərində də iş gedir.
- Bu tam milliləşdirilmə olacaq, yoxsa necə?
- Xeyr. Tam milliləşdirmə olmayacaq. İranda da bu modellərin istehsalı davam edəcək. Sadəcə Azərbaycanda istehsal edilən eyni modellər yerli brend olaraq buraxılacaq.
- Avtomobillərin satışına nə vaxt başlanacaq və istehsal üzrə plan nə qədərdir?
- Avtomobillər mart ayında etibarən satışa çıxarılacaq. Bu 100%-dir. Satış bazarı olaraq əvvəlcə yerli bazar seçilib, amma satış həm də ixrac yönümlü olacaq. Yəni, mart ayından həm də avtomobillərin ixracını planlaşdırırıq. Hazırda ixrac ediləcək ölkələrin də müzakirəsi gedir. İstehsal planına gəldikdə isə bu müxtəlif məsələlərlə bağlıdır.O cümlədən ixrac riski var. Ona görə hələlik bu barədə dəqiq nəsə deyə bilməyəcəm.
-Necə hesab edirsiz, gömrük rüsumlarının yeni ildən artırılması  yerli avtomobillərə maraq yaradacaqmı?
- Gömrük rüsumları artırılarsa, bu əsasən böyük mühərrikli avtomobillərin qiymətində hiss ediləcək fərq yaradacaq. Amma kiçik mühərrikli modellərdə bu  böyük rəqəm olmayacaq. Bununla belə hesab edirəm ki, bu amil də yerli avtomobillərə marağın artmasına təsir edəcək. Eyni zamanda yerli istehsal olacaq avtomobillər də kiçik mühərrikli olacaq. Yəni söhbət, 1,5 l həcmli mühərriklərdən gedir. Ona görə də böyük fərq hiss edilməyəcək.
- Avtomobillər neçəyə satılacaq?
- “AzerMash”ın istehsalı olan avtomobillərin qiyməti 10-15 min manat arasında dəyişəcək. Hazırda Azərbaycan avtomobil bazarında bu qiymətə yeni avtomobil tapmaq çox çətin məsələdir. 14-15 min manata satılan bəzi avtomobillər var, amma bu bizim istehsal edəcəyimiz modellərlə eyni sinfə aid deyil.
- Azərbaycan avtomobil bazarında rəqib olaraq hansı markaları görürsüz?
- Marka adı çəkmək istəmirəm. Amma yəqin ki, ucuz avtomobil avtomobil satışı ilə məşğul olan şirkətlərə rəqib olacağıq. Eyni seqmentdə Rusiya və Çin avtomobil şirkətlərini aid etmək olar.
Müəllif: Rahim Tarıverdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267