AVTO

Qış aylarında hansı ötürücü sistemlərə üstünlük verməli?
27 NOYABR
481

Qış aylarında hansı ötürücü sistemlərə üstünlük verməli?

2017-11-27 17:00:00

Qarşıdan qış fəslinin gəlməsi və qarlı havaların başlaması ilə əlaqədar avtomobil sürücüləri üçün çox aktual bir mövzuya toxunmaq istərdim. Belə ki, məsələ avtomobillərdə olan ötürücü sistemlərin növlərindən və onların istifadə qaydalarından gedir. Bu detallı açıqlama sürücülərin şəraitə, məkana və zamana uyğun avtomobil seçimində də kifayət qədər yardımçı olacaqdır.

İlkin olaraq onu bildirim ki, avtomobillərdə əsas 4 cür ötürücü sistem mövcuddur: RWD, FWDAWD və 4WD. Hər birinin öz üstünlükləri və çatışmamazlıqları mövcuddur.

RWD (rear-wheel drive) – adından da göründüyü kimi, arxa ötürücüdən söhbət gedir. Bu ötürücü sistem ən qədim növ sayılmaqla, bu günədək ən çox sınanmış və avtomobil həvəskarlarının da ən çox üstünlük verdiyi ötürücü sistemdir. Bu növ ötürücü sistemdə avtomobil yalnız arxa təkərlərin ötürücülüyü sayəsində hərəkətə gəlir, qabaq təkərlər isə yalnız manevr və tormozlanma funksiyasını yerinə yetirir. İdman üslublu avtomobillərdə əksərən bu sistem istifadə olunur ki, səbəb olaraq arxa təkərlərin eninə həcminin artırılması yolu ilə sürətlənməni artırmaq, qabaq təkərlərin isə eninə həcminin azaldılması yolu ilə manevri artırmaq mümkün olur. Yekun olaraq, sürüşkən və digər qeyri-standart yollar istisna olmaqla, yolların şahı arxa ötürücü sistem hesab olunur.

FWD (front-wheel drive) - adından da göründüyü kimi, qabaq ötürücüdən söhbət gedir. Son dövrlərdə daha çox məşhurlaşan bu ötürücü sistemdə arxa təkərlər tormozlanma funksiyasını istisna etməklə, praktiki olaraq digər hər hansı funksiyanı yerinə yetirmir. Qabaq təkərlər həm ötürücü, həm manevr kimi əsas funksiyaları özündə cəmləşdirir. Bu ötürücü sistemin ötürücü və manevrin bir yerdə cəmləşməsi səbəbindən sürüşkən hava şəraitində müəyyən üstünlükləri mövcuddur. Lakin normal hava şəraitində arxa ötürücülü sistemə üstünlük verənlər daha çoxdur. Bundan əlavə qeyd edim ki, qabaq ötürücülü sistemə malik avtomobillərin istehsalı ötürücü sistemin və mühərrikin bir arada yerləşməsi səbəbindən daha ucuz və rahat başa gəlir. Həmçinin, bu sistem ötürücüdə əlavə gücün itməməsi və yüngüllük səbəbindən arxa ötürücülü sistemə nəzərən yanacaq sərfiyyatı baxımından daha qənaətcil olması ilə seçilir.

AWD (all-wheel drive) – hərfi məna olaraq, bütün təkərlərin ötürücülüyü kimi başa düşülür. Əksər yerlərdə AWD və 4WD eyni məna adı altında işlədilməsinə baxmayaraq, aralarında kifayət qədər fərq mövcuddur. Fərq ondan ibarətdir ki, AWD ötürücülü sistemdə xüsusi mexanizm vardır ki, qabaq və arxa oxlara müəyyən nisbətlə güc ötürülür və bu nisbət vəziyyətdən asılı olaraq 30%-70%-dən 50%-50% aralığına kimi dəyişir. Bu sistem sürətlənməni təmin etməyi bacarsa da, ciddi qar və ya palçıq şəraitində yüksək effektivlik nümayiş etdirmir. Səbəb isə bu ötürücü mexanizmdə oxlar və təkərlər arası differensialın bloklaşdırılması və bu kimi digər mürəkkəb alətlər nəzərdə tutulmur. Qısa olaraq izah edim ki, qeyri-hamar və sürüşkən olan çətin şəraitlərdə avtomobilin sizə lazım olan təkərlərinin tam gücü ilə və ya ümumiyyətlə hərəkətə gətirilməsini idarə edə bilməyəcəksiniz və avtomobilin yalnız yüngül və rahat hərəkətə gələn təkərləri hərəkətdə olacaq ki, bu da vəziyyətdən çıxış yolunu təmin etməyəcəkdir. Onu da qeyd edim ki, əksər hallarda bu ötürücü sistemdə 4WD ötürücü sistemdən fərqli olaraq, 2H ötürücü sistemə keçmək mümkün deyildir. Yəni avtomobilin yalnız arxa və ya qabaq ötürücü sistemdən istifadəsinə keçid tənzimlənmir.

4WD (four-wheel drive) - hərfi məna olaraq, dörd təkərin ötürücülüyü kimi başa düşülür və bu mexanizm yolsuzluq şəraitində öz sözünü demiş Toyota, Land Rover, Mitsubishi, Jeep kimi bir sıra avtomobil markalarında rast gəlinir. Bu ötürücü sistem özündə bir neçə ötürücü mexanizmləri birləşdirir və bu mexanizmlər avtomobilin markasından asılı olaraq, həm mexaniki, həm də avtomat olaraq işə salına bilər:

2H – adi RWD kimi arxa ötürücü üzərində çalışır və ekonom rejim kimi tanınır.

4H – ötürücünün qabaq və arxa oxlar üzərində müəyyən nisbətdə paylanmasını təmin edir və AWD ötürücü sistemini xatırladır. Əsas etibarilə sürüşkən və sürətli küçə yollarında istifadə olunur.

4L (4HLC) – bu mexanizm oxlar arası differensialın bloklaşdırılması hesabına ötürücünün qabaq və arxa oxlar arasında tam bərabər paylanmasını təmin edir. Küçə yolları şəraitində bu sistemdən istifadəyə ehtiyac yoxdur. Sistem yalnız xüsusi qısamüddətli çətin vəziyyətlərdə çıxış yolu olaraq istifadə olunur.

4LLC – 4L sisteminin gücləndirilmiş formasıdır ki, sürət həddinin azaldılması və transmissiyanın orta hesabla 1.9 dəfə ötürücüyə əlavə güc verməsi sayəsində daha çətin vəziyyətdən çıxışı təmin etmək məqsədi daşıyır. Bu ötürücü mexanizm yüksəklikdən aşağıya doğru sürüşkən yol şəraitində aşağı sürətlə təhlükəsiz enmək məqsədilə də istifadə olunur. Sistem yalnız xüsusi qısamüddətli çətin vəziyyətlərdə çıxış yolu olaraq istifadə olunur.

R / D Lock (Rear Differential Lock) – arxa təkərlər arasında olan differensialın bloklaşdırılması hesabına ağırlıq mərkəzindən və ya digər səbəblərdən asılı olmayaraq, arxa təkərlər arasında ötürücünün tam bərabər paylanmasını təmin edir. Qeyd edim ki, bu mexanizmin qabaq təkərlər üçün də nəzərdə tutulmuş halına rast gəlinir. Sistem yalnız xüsusi qısamüddətli çətin vəziyyətlərdə çıxış yolu olaraq istifadə olunur.

Ümumiyyətlə qeyd olunanlar, çox geniş bir mövzunun qısaldılmış əsas hissələridir. Sonunda bir əsas məsələni də qeyd edim ki, AWD və 4WD ötürücü sistemlərin, RWD və FWD ötürücü sistemlərə nəzərən tormozlanmada daha effektiv olması barədə yayılan məlumatlar isə doğru deyildir, təhlükəsizlik barədə sadəcə yanlış təəssürat yaradır. Qarşıdan sürüşkən yol şəraitinin yaxınlaşmasını nəzərə alaraq, tormozlanma üçün ötürücü sistemə deyil, tormozlanma sistemlərinə və təkərlərə etibar etməyiniz və həmçinin, sürət həddi və ara məsafəsini düzgün müəyyən etməyiniz tövsiyyə olunur. Qət edəcəyiniz yolları isə qəzasız və çətinlik çəkmədən başa vurmağınız arzu olunur..

Müəllif: Orxan Cəlalov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289