AVTO

Yol polisinə nələr olar? Uydurma və reallıq
08 NOYABR
346

Yol polisinə nələr olar? Uydurma və reallıq

2017-11-08 11:52:00

Yollarda xidmət göstərən Yol Patrul Xidməti (YPX) inspektorları haqqında bizim sürücülərimizin bir çox düşüncələri vardır. Yəqin ki, bu da səbəbsiz deyil. Əlbəttə, bunların sırasında uydurmalar da özünə yer tapa bilir. Və məsələnin geniş müzakirəsinə ehtiyac yoxdur, çünki hər kəs fikirlərində özünü haqlı sayacaq. Onda da təbii bir sual ortaya çıxır: bəs doğru hansı tərəfdədir?

Ən yaxşısı gəlin fərdi yanaşmanı deyil, qaydaları göz önünə gətirək. Axı, hər şey qəbul edilmiş qanunlarla, qaydalarla tənzimlənir...İlk növbədə onu bildirək ki, YPX inspektorları “Yol patrul xidməti haqqında” təlimat və “Polis haqqında” qanuna əsasən hərəkət etməlidirlər. Və onların hər hansı qanun pozuntularına görə təyin etdikləri cəzalar “Yol hərəkəti haqqında” qanuna və “İnzibati xətalar məcəlləsi”nə  əsaslanmalıdır.  

Hər kəs qanun qarşısında bərabərdir.

İnspektorlar avtomobili idarə edənin sənədlərini yalnız stasionar postlarda yoxlaya bilər – düzdür

Lakin sürücülər bilməlidir ki, inspektorlar  sizi istənilən yerdə də saxlaya bilər. Bunun üçün YPX təlimatının 7-ci bəndi var, lakin “boşluqsuz” da deyil.  Məsələn, bir inspektor hansısa məlumat əsasında maşını saxlayır və bildirir ki, sizin avtomobilə bənzər bir maşın qarşı yola çıxıb, ona görə də yoxlama aparılır. Əlbəttə, həmin əməkdaş sənədlərinizi, spirtli içkinin olub-olmamasını yoxlayacaq saxlamaq  üçün bir əsas tapmırsa sizi sərbəst buraxacaq. Lakin bəzi inspektorlar da var ki, maşınları xüsusi tədbir (reyd) keçirilir – deyərək dayandırırlar. Amma bilməlisiniz ki, Dövlət Yol Polisi İdarəsinin (DYPİ) rəisinin müvafiq əmri olmadıqda yoxlamalar, reydlər keçirilə bilməz.

Burada bir məqama da nəzər salaq. Belə halda saxlanılan sürücü durdurulmasının səbəbini dəqiqləşdirmək üçün DYPİ rəhbərinin göstərişi ilə tanış ola bilməyəcək. Çünki reqlamentə əsasən sənədi sürücüyə təqdim etmək göstərişi yoxdur. Yəqin, sadəlövh sürücülərin bu anda DYP-nin “Qaynar xətt” xidməti yadına düşəcək. Amma nahaq. Ona görə ki, oraya da zəng etsəniz bu barədə məlumat ala bilməyəcəksiniz. Bəli...

Yəqin  siz də belə hesab edirsiniz ki, yolda alın şüşəsində texniki baxış talonu və ya icbari sığorta olmadıqda belə avtomobilinizi saxlaya bilərlər. Lakin baxın...

 

Saxlama üçün digər səbəblər:

1) nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, habelə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xətanın törədilməsi barədə radio-cihaz vasitəsilə digər DYP əməkdaşından məlumat daxil olduqda;

2) nəqliyyat vasitəsini idarə edən şəxs və ya onunla birlikdə olan sərnişin tərəfindən cinayətin törədilməsi və ya cinayətin törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

3) analoji nəqliyyat vasitəsinin (rənginə, markasına və xüsusi əlamətlərinə görə) axtarışda olması;  

4) nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda;

5) sürücü və ya nəqliyyat vasitəsinin digər yol hərəkəti iştirakçıları və ya polis əməkdaşlarına yardım göstərilməsi üçün cəlb edilməsi zərurəti yarandıqda;

6) hərəkətin xarakteri sürücünün nəqliyyat vasitəsini idarə etmək qabiliyyətində olmasına şübhə doğurduqda (nəqliyyat vasitəsinin əsaslandırılmamış aşağı sürətlə idarə edilməsi, hərəkət zolağında düzgün yerləşdirilməməsi, o cümlədən, yolun çiyninə qismən çıxmaq, əsassız tormozlama və ya sürətləndirmə və digər hallar) və bu hal digər hərəkət iştirakçılarına təhlükə yaratmasını ehtimal etməyə əsas verdikdə;

7) nəqliyyat vasitəsinin texniki vəziyyətinin normalara uyğunsuzluğu müəyyən edildikdə, banının hissələrinin zədələri olduqda və daşınan yük dağıldıqda və ya hərəkət üçün təhlükə yaratdıqda;

8) nəqliyyat vasitəsinin alın şüşəsində müvafiq texniki baxış talonu olmadıqda;

9) xüsusi tədbirlər keçirildikdə (yaxalama, reyd və digər);

10) «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar YPX postlarında;

11) nəqliyyat vasitəsi və ya onun sahibi barədə mərkəzi məlumat sistemində olan məlumatların uyğunsuzluğu aşkar edildikdə.

 

İnspektorla söhbəti foto və video çəkilişlə qeyd etmək olar — düzdür.

YPX-i haqqında təlimatda inspektorun davranışı, danışığı onun öz diktafonuna və video kamerasına yazılmalıdır. Həmçinin sizin də çəkiliş etmənizə onlar mane ola bilməzlər. Bəzən müəyyən səbəblər üzündən  inspektorlar deyirlər ki, onların foto və ya video görüntüyə alınması konstitusiyaya ziddir. Lakin bu əsla belə deyil. Konstitusiyaya görə şəxsi həyat toxunulmazdır. İnspektorun əmək fəaliyəti isə şəxsi həyat deyildir.

Sərxoşluq səviyyəsi müəyyən edilən zaman şahidə ehtiyac yoxdur – uydurmadır.

YPX inspektoru YPX təlimatına uyğun hərəkət etməlidir. YPX təlimatının 5-ci bəndinə əsasən sərxoş olduğu şübhəli bilinən şəxs alkotesterin nəticəsindən razı qaldıqda və ya nəticələrlə razı qalmadıqda belə bütün sənədləşdirmələr 2 hal şahidinin iştirakı ilə həyata keçirilməlidir.  

DYP tək xidmət aparırsa avtomobili saxlaya bilməz – uydurmadır.

Bəli, YPX təlimatının 6-cı bəndində gündüz vaxtı naryad 1 nəfərdən, sutkanın qaranlıq vaxtı, şəhər kənarında və postlarda ən azı iki nəfər olmalıdır. Lakin bu, cərimə yazmağı qadağan etmir. Sürücü isə naryadın səhv təşkil olunması haqqında şikayət edə bilər. Lakin bu cəriməni qüvvədən salmayacaq.

Dayanma-durma qadağandır nişanı olan yerlərdə avtomobil saxlamaq qadağandır – düzdür.

YPX haqqında təlimatın 4-cü bəndinə əsasən dayanma və durma qadağandır nişanları olan yerdə nə piyada, nə də avtomobillə xidmət aparmaq olmaz. Həmçinin dayanma-durma qadağan edilən yerlərdə nəqliyyat vasitələri dayandırıla bilməzlər. Bu icazə verilən yerlərdə olmalıdır. Lakin YPX təlimatının 7.11-ci bəndinə əsasən inzibati pozuntu edən şəxsin minimal müddətə və gediş-gəlişə mane olmayan yerlərdə saxlanmasına icazə var.

İnspektor saxladıqda avtomobildən düşməyə ehtiyac yoxdur –  düzdür.

Əgər inspektor avtomobilin yanında dayanan zaman onun həyatına təhlükə yoxdursa, sizin avtomobili tərk etmənizə ehtiyac yoxdur. Avtomobildə uşaq varsa irad elə bildirilməlidir ki, uşaqlara psixoloji təsir göstərməsin  və ya onlar eşitməsinlər.

Sürücü hansı hallarda avtomobili tərk etməlidir:

  • Nasazlığı aradan qaldırmaq üçün

  • İçkili olması şübhələri varsa

  • Sürücünün iştirakı ilə qeydiyyat nişanı və məlumatların tutuşdurulması lazım olduqda

  • Şəxsə və ya avtomobilə baxış keçirilən zaman

  • Digər hərəkət iştirakçılarına kömək məqsədi və ya digər porsessual iştirak vacib olarsa

  • İnspektorun həyatına təhlükə yaranarsa

Yəqin ki, maraqlananlar və belə hallarla qarşılaşanlar üçün bir çox məsələlər aydınlaşdı...

© Avtostop.tv

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287