AVTO

Avtomobilə görə cərimənin müddəti: 1 ay yoxsa 1 il?
07 NOYABR
599

Avtomobilə görə cərimənin müddəti: 1 ay yoxsa 1 il?

2017-11-07 10:55:00

Bu mövzuya bir daha qayıtmalı oluruq. Bir dinləyici AvtoStop verilişinin efirinə zəng edərək şikayət etdi. Dediyinə görə, 2016-cı ildə pozulmuş yol hərəkəti qaydasına görə onun ünvanına məktub gəlməyib, cərimə elektron kabinetdə yoxdur, amma onun avtomobilini cərimə meydançasına apararaq, faizlərlə birgə məbləği ondan alıb daha sonra sürücünü sərbəst buraxıblar. 

Bəs YPX inspektoru belə etmək hüququna malikdirmi? AvtoStop layihəmizdə hər zaman mən qanunda qeyd edilmiş məsələləri izah edirəm. Bir heca olsun belə qanundan kənar və nəzərdə tutulmayan məsələlərdən bəhs etmirəm. Deyəsən bu kimlərəsə sərf etmir və adətən dinləyici "Dj.Tural AvtoStop-da belə dedi" deyidi zaman: "Tural getsin işi ilə məşğul olsun. O, bizdən çox bilə bilməz" deyirlər. Əslində qanunda yazılanları oxuyub başa düşmək üçün fitri istedad və xüsusi təhsilə ehtiyacı yoxdur. Hər şey çox aydın yazılıb. Bu gün yenidən cərimənin müddəti haqqında danışmaq istəyirəm. 

Bu İnzibati xətalar Məcəlləsinin 6-cı fəslinin,38-ci maddəsi ilə nizamlanır. Orada ilk maddədə yazılır:

Maddə 38. Müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmə

38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Buradan bizə aydın oldu ki, əgər sürücü 12.07.2017 il tarixində inzibati pozuntu edibsə, onun cəriməsini 12.07.2018-ci ilə qədər tədbiq edə bilərlər. Yəni 1 il ərzində sürücü haqqında cərimənin ödənilməsi barəsində qərar verilməlidir.

Birdə görürsən ki, inspektor deyir : "Cərimə 2 ilə yazıla bilər." Bu yalnız 38.5-ci maddə ilə nizamlanır:

38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan iki il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Burdan da bizə aydın oldu ki, məktubun evə gəlməsi deyil, vətəndaşın qaçıb gizlənməsi təsdiqlənərsə, 2 illlik işin axımı dayandırılır. Məsələn: Əhməd qırmızıda keçir sonra isə qaçıb gizlənir Rusiyada. Cəriməni tədbiq etmək üçün Əhmədi tapa bilməyəndə, işi onu tapana qədər olan müddətə dayandırırlar. 2 ildən sonra Əhməd qayıtsa, ona bu cəriməni tətbiq edə bilməzlər.   

Məncə bura qədər hər şey aydın oldu. Və bunun üçün heç birimizə BDU-nun hüququ fakültəsinin diplomu lazım olmadı.

İndi isə keçirik əsas 1 aylıq qüvvədə olma məsələsinə:

38.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.

Hər şey açıq-aydın yazılıb. 122.1-ci maddədə göstırildiyi kimi qayda pozuntusu xüsusi foto və video qeydiyyat vasitəsi ilə aşkara çıxarılıbsa, o 1 ay ərzində elektron kabinetə yerləşdirilməlidir. Qərarlı və ya qərarsız fərq etməz. Lakin bu bilavasitə YPX əməkdaşı tərəfindən aşkara çıxarılmağa aid deyil. Bu yalnız kameraya düşməyə aiddir.

122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.

Bütün proses bu cür getməlidir. Bundan ayrı heç bir əlavə iş tələb edilmir. Amma görürsən ki, inspektor sürücünü saxlayır və avtomobili cərimə meydançasına aparır. Lap dünənki verilişimizin qəhrəmanı kimi. Amma elektron kabinetdə cərimə yoxdursa, nəinki cərimə meydançası heç o sürücü tərəfə baxmaq belə olmaz.

Üstəgəl cərimənin elektron kabinetdə yerləşdirilməsi və ya sms gəlməsi hələ bu protokol haqqında qərar verilməsi demək deyil.

125.2.3. inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir.

122.7. Barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür.

Yəni, cərimə 2 gün ərzində ünvana göndərilir, vətəndaş 10 gün ərzində şikayət verməlidir. Məktub qəbul edildikdən sonra 10 gün ərzində sürücü şikayət verməzsə, o zaman cərimə qüvvəyə minir. Hər şey zəncirvaridir. Pozuntu olur,video və ya foto görüntü varsa, elektron kabinetə 1 ay ərzində yerləşdirilir ,2 gün ərzində göndərilir,10 gün ərzində şikayət verilir, şikayət olmazsa və ya bilavasitə aşkara çıxarılmış inzibati pozuntusudursa 1 il ərzində tətbiq edilir.

Bu cür olmasa, sürücü buna görə məsuliyətə cəlb edilə bilməz.

125.8. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar elektron kabinetdə yerləşdirilməyənədək onun icra olunması (o cümlədən cərimə növündə inzibati tənbeh tədbirinin ödənilməsi, dəbbə pulunun hesablanması) tələb edilə bilməz, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz.

Bu qədər sadə. Ona görə məndən sizə bir məsləhət. www.e-xidmet.mia.gov.az və ya www.asanpay.az saytından elektron çıxarış alın. YPX inspektoru bu çıxarışı qəbul etmək məcburiyyətindədir. Asanpay saytında öz kabinetinzə daxil olduqda bu çıxarışı əldə edə bilərsiniz. Məqaləni mütləq çap edib özünüzdə və ya smartfonunuzda saxlayın, Mütləq lazım olacaq. Məqaləni paylaşanlara isə xüsusi təşəkkür düşür.

© Avtostop

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287