AVTO

İkinci əl avtomobillər nə qədər bahalaşıb? –QİYMƏTLƏR
12 OKTYABR
1282

İkinci əl avtomobillər nə qədər bahalaşıb? –QİYMƏTLƏR

2017-10-12 17:26:00

Sentyabr ayının sonundan etibarən ikinci əl avtomobillər bahalaşıb. Avtomobil ekspertləri bunu bir neçə səbəblə izah edirlər. Əmlak üzrə ekspert Vaqif Hüseynov Fins.az-a bildirib ki, ikinci əl avtomobillərin bahalaşmasına təsir edən iki əsas səbəb var. Birincisi, Azərbaycanda ikinci əl avtomobil bazarını real alıcı deyil, alverçilər tənzimləyir. Alverçilər isə uzun müddət avtomobil satmayanda, satış birbaşa aşağı düşəndə qiymətləri qaldırırlar.

İkinci səbəb isə hazırda bazarda taksi şirkətlərinin çoxalmasıdır. Belə ki, son dövrdə taksi şirkətləri arasında rəqabət kəskin artıb. Hətta vəziyyət o dərəcəyə çatıb ki, şirkətlər inanılmaz qiymətlər təklif edirlər: “Məsələn, mən özüm iki aydı avtomobil sürmürəm. Şəhərdə taksidən istifadəyə görə cəmi 20-30 manat xərcləmişəm”. Ona görə də taksi istifadəçilərinin sayı günü-gündən artır. Taksilərə tələbatın artması isə ikinci əl avtomobillərə tələbatı nisbətən artırır: “Vətəndaş fikirləşir ki, köhnə bir avtomobil alaraq taksi fəaliyyəti göstərməklə yaxşı qazanc əldə edə bilər. Ona görə qiyməti 10 min manata qədər olan avtomobil alaraq taksi fəaliyyətinə başlayır”.

Avtomobillərin bahalaşmasına gəlincə, V.Hüseynov bildirib ki, bazar dəyəri 15 min manatdan yuxarı olan modellərdə qiymət artımı müşahidə edilmir. O bildirib ki, ikinci əl avtomobil əsas bazarda qiymətləri tənzimləyən qiyməti 15 min manata qədər olan “Mercedes E” və “Mercedes C” seriyaları, “Hyundai” və “Kia”dır. “Mercedes E” və “Mercedes C” avtomobilləri 10-20% arasında bahalaşıb. Məsələn, 2000-ci il model “Mercedes C” bir neçə ay əvvəl 6-9 min manata təklif edilirdisə, indi minimal qiymətlər 7500 manatdan başlayır. Avtomobilin vəziyyətindən aslı olaraq bazarda 11-12 min manata “Mercedes C” modelləri satılır. Taksi kimi daha çox maraq göstərilən “Hyundai Accent”, “Hyundai Elantra”, “KİA Rio”, “KİA Cerato” 10-25% arasında bahalaşıb. Məsələn yay aylarında 8-10 min manata təklif edilən istehsal tarixi 2011-ci ildən yuxarı “Kia Rio” avtomobilləri indi 9500-10300 manata satılır.

Ekspert əlavə edib ki, yeni avtomobillərin qiymətlərində isə hər hansı dəyişiklik müşahidə edilmir.

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296