AVTO

“Əvvəl lağ edənlər devalvasiyadan sonra Çin maşını sürür” – MÜSAHİBƏ
08 SENTYABR
3309

“Əvvəl lağ edənlər devalvasiyadan sonra Çin maşını sürür” – MÜSAHİBƏ

2017-09-08 11:10:00

Fins.az “Sirena Motors” şirkətinin marketinq meneceri Əyyub Əliyevlə müsahibəni təqdim edir:

-2016-cı ilin nəticələrinə görə, “Changan”Azərbaycanda satışların həcminə görə “Lada”dan sonra ikinci olub. Son iki ildə avtomobil bazarında alıcılıq qabiliyyəti kəskin aşağı düşüb. Belə bir şəraitdə Çin avtomobillərinə maraq niyə bu qədər böyük olub?

- Söhbətimizə “Lada”ların birinci olmağından başlamaq istəyirəm. “Lada”ya Azərbaycanda maraq, inam çoxdur. Avtomobillərin ucuz olması, ehtiyat hissələrinin asan tapılması və ucuz olması bu avtomobillərə marağı artırır. Çin avtomobillərinə gəlincə, həm qiymətinə görə, həm ehtiyat hissələrinin ucuzluğuna görə, həm son zamanlar Çin maşınları ilə bağlı güclü reklam kampaniyalarının keçirilməsi bu maşınlara marağı xeyli artırıb.

2014-cü ildə dolların 0.78 manat məzənnəsi ilə ölkəyə gətirilən və satılmayan Çin avtomobilləri kifayət qədər çox idi. Ona görə də dollar bahalaşandan sonra bu avtomobillərin qiymətində nəzərə çarpacaq artım müşahidə edilmədi. Müştərilər zavodun rəsmi səhifəsindəki qiymətlərə baxıb müqayisə etdikdə cüzi fərqlərin olduğunu gördülər. Bəzi modellər var ki, hətta zavod qiymətindən də aşağı təklif edilirdi. Müştərilər də yaranan belə fürsətdən yararlanmağa çalışdılar. Ona görə də 2016-cı il ərzində Çin maşınları çox satıldı. “Sirena Motors” demək olar ki stokda qalan bütün avtomobillərini satdı. Yəni, əsas səbəb qiymət məsələsi idi.

-Azərbaycanda Çin məhsullarının adı çəkiləndə ucuz və aşağı kefiyyətli məhsullar göz önünə gəlir. “Kitayski” adı avtomobillərin satışına necə təsir edir?

- Əvvəllər Çin avtomobili sürənə lağ edirdilər. Amma müəyyən dönəmdən sonra, xüsusilə də manatın devalvasiyasından sonra çox böyük dəyişiklik oldu. Bəziləri dedi ki, zavodlara borclar yaranacaq, avtomobil şirkətləri batacaq. Amma əksinə, devalvasiyanın Çin maşınlarının satışa böyük xeyri oldu. Avropa avtomobili sürən insanlar müəyyən dövrdən sonra artan xərcləri qarşılaya bilmədilər. Ağıllı insanlar araşdırma apardılar və müəyyən etdilər ki, bazarda Çin maşınlarının ehtiyat hissələri, digər xərclərin aşağıdır və digər markalara nisbətən daha sərfəlidir. Eyni zamanda bazarda ən yeni ucuz avtomobillər də Çin markalarıdır. Ona görə də müəyyən dönəmdən sonra Çin maşınlarına üstünlük verdilər.

Digər tərəfdən devalvasiya Çin avtomobillərinin müştəri kontingentində də ciddi dəyişikliklər yaradıb. Məsələn, əvvəl “Changan”, “Baic”, “Gac” modellərini əsasən taksi kimi alırdılar. Bundan əlavə ilkin ödənişin aşağı olmasına görə Çin modellərinə maraq göstərənlər, ikinci avtomobil kimi sifariş edənlər də var idi. Amma bu avtomobillərin xüsusiyyətləri ilə tanış olandan sonra, test yürüşləri etdikdən, möhkəmliyini yoxladıqdan sonra indi hətta ziyalı şəxslər, professorlar, müəllimlər, dövlət işçiləri belə Çin avtomobili alırlar. Avtomobillərin ucuz olması, ehtiyat hisələrinin ucuz olması, ekonomik olması, xərclərinin aşağı olmasına görə hətta məşhur insanlar arasında da Çin maşınları alanlar var.

-“Sirena Motors” hazırda əsasən hansı avtomobillərin idxalına üstünlük verir?

“Sirena Motors” hazırda “Changan”, “GAC” və “Baic” markalarının Azərbaycanda rəsmi distributorudur. Məsələn, bizdə “GAC”ın tam Avropa standartlarına uyğun krossoveri -“GAC GS4” var. Avtomobil iri qabaritli olmasına baxmayaraq mühərriki 1.3 Turbodur. Sözsüz ki, çinli mühəndislər yanacağın qiymətinin artmasını, yanacağa tələbatın artmasını nəzərə alaraq kiçik mühərrikli avtomobillər istehsal edirlər.

- “Sirena Motors” əvvəl 7 Çin brendini təmsil edirdi. İndi hazırda 3 markanın rəsmi tərəfdaşıdır. Nə baş verib?

- Biz əvvəlcə, rəsmi olaraq “Changan” markası ilə fəaliyyətə başlamışdıq. Sonra “Baic” və “GAC” ilə müqavilə bağladıq. Azərbaycan bazarında öz yerini tutan- Çin istehsalı olan ingilis brendi “MG”, “Geely” və “Fab” digər distributorlar tərəfindən Azərbaycana gətirilirdi. Müəyyən səbəblərə görə, həmin distribütorlar bazardan çıxdı. Ona görə də bu markaları da Azərbaycana biz gətirdik. Sonra məlum oldu ki, bu avtomobilləri satmaq olsa da, xidmət göstərmək çətindir. Zavodlar bizim tələblərimizə uyğun xidmət göstərə bilmirlər. Məsələn, ehtiyat hissələri ilə vaxtında təmin etmək, zəmanət göstəriciləri, reklamı buna misal göstərmək olar. Ona görə müvəqqəti olaraq əməkdaşlığımızı dondurdurmuşuq.

Bundan sonra rəsmi olaraq pikap istehsalçısı olan “ZX Auto”nu Azərbaycana gətirdik. Bu markanın da hazırda rəsmi təmsilçisi “Sirena Motors”dur. “ZX Auto” yenə də Azərbaycanda fəaliyyətini davam etdirmək istəyir. Bu istiqamətdə danışıqlar gedir. İlin sonuna qədər “ZX auto” ilə bağlı qərar verəcəyik. Razılaşma olarsa, 2018-ci ildən Azərbaycan bazarında indiyə qədər olmayan pikapları idxal edəcəyik.

Qarşıdakı illərdə də digər Çin markalarını Azərbaycana gətirmək istəyirik. Amma hazırda işləmək istədiyimiz 4-cü brend digər Çin markası “Jac”dır. “Jac”ın Azərbaycanda həm minik, həm də yük avtomobillərinin satışı olub. Amma bu fəaliyyət pərakəndə olub. Artıq “Jac”la danışıqlar gedir, müqavilə bağlamaq ərəfəsindəyik. Yəqin ki, “Jac”la rəsmi əməkdaşlığa başlayacağıq.

-Pikapların satışına yenidən başlamaq istəyirsiniz. Ümumiyyətlə, Azərbaycan bazarında bu modellərə tələbat varmı?

- Pikapları adətən biznes və tikinti sektorunda istifadə edilir. İqtisadi durğunluq tikinti sektorunda da işlərin dayanmasına gətirib çıxarmışdı. Amma hazırda tikinti işləri yenidən canlanır, şirkətlər fəaliyyətlərini davam etdirməyə başlayırlar. Pikap da istər bina tikintisində, istərsə də yol tikintisində istifadə edilən sırf iş avtomobilidir. Ona görə də 2018-cı ildən bu avtombillərin də idxalı barədə düşünürük.

- Bu ilin sonu, gələn il üçün hansı yeni Çin modellərini təqdim edəcəksiniz?

- Sentyabr ayında yeni “Changan Alsvin V7” sedanını Azərbaycanda təqdim edəcəyik. Bundan əvvəl kiçik ölçülü “Alsvin V5” modeli 2014-cü ildə Azərbaycan bazarında az sayda olub. Ekonomik avtomobildir. Hazırda da bəzi müştərilər bu modeli sifariş edirlər. “Alsvin V7” isə ölçülərinə görə bir qədər böyük avtomobildir. Onun da qiyməti müştərilər üçün gözlənilməz olacaq. Hazırda satdığımız “Eado” modelindən aşağı qiymətə təklif ediləcək.

- Çin avtomobil istehsalçıları Avropa markalarının oxşar modellərini buraxırlar. Bunlardan biri Azərbaycanda “Kitayski Galendevagen” kimi tanınan “Baic BJ80” modelidir. Bu maşınları əsasən kimlər alır?

- Avtomobilin oxşar olmasının əsas səbəbi “Baic” markasının “Mercedes-Benz”lə rəsmi tərəfdaş olmasıdır. “Mercedes”in mühəndislərininnəzarəti altında “Baic”in bir sıra modelləri istehsal edilir. “Kitayski Galendevagen”in yaranmasının isə xüsusi bir səbəbi var. “Baic BJ80”in modelinin istehsalı elə bir dövrə təsadüf etdi ki, Çində dövlət qulluqçuları digər ölkələrin istehsal etdiyi avtomobilləri ala bilməzdilər. Bu şəxslər “Mercedes Galendevagen” avtomobilini sifariş ediblər və məlum olub ki, “Mercedes”in yerli rəsmi tərəfdaşı “Baic”dir. Daha sonra “Baic”lə əməkdaşlığa başlayıblar. “Baic”ə belə bir dizaynda avtomobil istehsalı üçün təklif verilib və “BJ 80” modeli ərsəyə gəlib. Ümumiyyətlə, Çin avtomobil şirkətləri məşhur markalarla əməkdaşlıq edirlər. Məsələn, Çində “Toyota” da istehsal olunur, “GAC” “Mazda” ilə sırf Çin üçün avtomobillərin istehsalı üzrə əməkdaşlıq edir.

Azərbaycana gətirilən Çin avtomobillərində də oxşarlıq var. Məsələn, “Baic BJ40”ı “Jeep Wrangler”lə müqayisə edirlər. “Baic BJ80”ə gəlincə, təqdimat üçün Azərbaycana 2 ədəd gətirdik. Avtomobilin qiyməti 76 min manat idi. Bu isə qiymətin “Galendevagen”lə müqayisədə bir neçə dəfə aşağı olması deməkdir. Ona görə də dərhal müştəri tapıldı və avtomobillər satıldı. Maraqlıdır ki, “Baic BJ80”nin müştərilərindən birinin “Toyota Prado”su, birin isə “Mercedes GL”i var idi.

-Avtomobil alıcılarının əsas diqqət yetirdiyi məqamlardan biri ehtiyat hissələrinin ucuz olması, asan tapılması, o cümlədən servisdir. Bu istiqamətdə hansı işlər görürsünüz?

-Əvvəllər buna o qədər də diqqət ayırmırdıq. Çalışırdıq ki, sırf satış olsun. İndi isə servis məsələsinə də diqqət yönəltmişik. Əsas müştəri məmnuniyyətidir. Ona görə də çalışırıq ki, ehtiyat hissələri, servis, o cümlədən xidmətin kefiyyəti baxımından müştərilərin heç bir problemi olmasın. Ona görə də servisimiz artıq yeni və daha böyük məkanda fəaliyyət göstərir. Ehtiyat hissələrin gəlincə, indiki qiymətlərin indikindən də aşağı olması üçün zavodlarla danışıq aparırıq. Qarşımıza qoyduğumuz məqsəd ilin sonuna qədər dünya standartlarına uyğun servis formalaşdırmaqdır. Bunun üçün bizim əməkdaşlarımız Çinə ezam olunacaq, o cümlədən Çindəki zavodlardan mühəndislər, ustalar Azərbaycana dəvət olunacaq.

-Son dövrlər rəsmi dilerlər ikinci əl maşınların satışına başlayıblar. O cümlədən, “Sirena Motors” da ikinci əl Çin maşnlarının satışını həyata keçirir. Bu nə ilə bağlıdır?

- Elə ziyalı müştərilər var, köhnə maşınını bazarda dayanıb sata bilmir. Həm vaxtı olmur, həm bazara girən kimi alverçilər onu aldadırlar. Ona görə də, “köhnə avtomobilini gətir, yenisini apar” adlı kampaniyaya başladıq. Məsələn, müştərinin köhnə maşının dəyəri 6000 manat, yenisinin ilkin ödənişi 7000 min manatdırsa, o ilkin ödəniş olaraq 1000 manat ödəyir, qalan ödənişi isə aylar üzrə təqdim edir.

İkinci əl avtomobillərlə bağlı satışa gəlincə, hazırda əvvəlki dövrə nisbətən alıcılar yenidən daha çox ikinci əl modellərə üstünlük verirlər. Belə müştərilərin də böyük hissəsi əvvəlki maşınını satan insanlardır. Baxır ki, maşın 2015-2016-cı il modeldir ,yürüşü azdır, vəziyyəti yaxşıdı bu avtomobili alırlar.

-Xarici ölkələrdə, o cümlədən Çində 5-6 min dollara avtomobillər var. Rəsmi dilerlər Azərbaycana niyə ucuz avtomobillər gətirmirlər?

- Bir il əvvəl bununla bağlı araşdırma aparmışdıq. Məlum oldu ki, ən ucuz avtomobillər Hindistanda istehsal olunur. Amma onlar standartlara cavab vermirlər. Yəni, bazara gəlsə müəyyən qədər taksi fəaliyyəti üçün, kuryer xidmətləri üçün avtomobil satılacaq. O cümlədən, Çində ucuz avtomobil istehsalçıları çoxdur. Amma o avtomobillər hansı kefiyyətdə olacaq? Bunu nəzərə alaraq hesab edirik ki, bir neçə ildə qazandığımız nüfuzumuza bir ucuz avtomobilə görə xərər gətirmək məqsədəuyğun olmaz.

- “Baic Group”un prezidenti Xu Heyi ötən ay Bakıya gəlmişdi. “Baic”lə bağlı hansı yeniliklər olacaq?

- “Baic Group”un və “Baic” avtomobil zavodunun rəhbərliyi avqust ayında Azərbaycanda oldu. Onlara gördüyümüz işlər və planlarımız haqqında məlumat verdik. Xu Heyi bizim işimizdən çox razı qaldı. Azərbaycanda “Baic”in salonuna 5 ulduz verilməsi haqqında əməkdaşlarına tapşırıq verdi. 5 ulduz avtomobilin satışı, marketinqi, xidmət səviyyəsi tələb olunan standartlara uyğun distributorlara verilir. “Baic”in indiyə qədər yalnız Meksikadakı rəsmi nümayəndəliyi 5 ulduza layiq görülüb. Yəni, bu özü də böyük prosesdir.

Qarşıdakı planlara gəlincə, “Baic”in “M20” modeli üzrə 2 dövlət qurumundan sifariş qəbul etmişik. Bundan əlavə, elektromobil bazarını araşdırırıq. “Baic”in elektromobilləri müəyyən bir hissəsini 2018-cı ilin sonu 2019-cu ilin əvvəlləri üçün Azərbaycan bazarına çıxarmağı nəzərdə tutmuşuq. Hazırda bu maşınları gətirməməyimizin əsas səbəbi elektromobillər üçün infrastrukturun qurulmamasıdır. İnfrastrukturun qurulması, enerjiyığım məntəqələrinin Bakıda və bölgələrdə qurulması ilə nəinki “Baic”, digər markalarda ekoloji cəhətdən təmiz olan bu avtomobillərə üstünlük verəcəklər.

Burada dövlətin dəstəyi vacibdir. Məsələn, Çində elektromobil alanlara dövlət 50% endirim təşkil edir. Ümid edirəm ki, bizdə də yaxın illərdə ekologiyanın qorunması ilə bağlı belə proqramlar hazırlanacaq. Hesab edirəm ki, bu plan elektromobillərin gömrük xərclərindən və yaxud hansısa gəlir vergisindən azad edilməsi tipli güzəştlər ola bilər. Xərclər aşağı olsa elektromobillərin də gətirilməsi ucuz başa gələ bilər. Bu da idxalçıların da ölkəyə elektromobil gətirməsinə marağını artırar.

Müəllif: Rahim Tarıverdiyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287