AVTO

“Sentyabrda ikinci əl avtomobillər yenidən bahalaşacaq” – MÜSAHİBƏ
16 AVQUST
799

“Sentyabrda ikinci əl avtomobillər yenidən bahalaşacaq” – MÜSAHİBƏ

2017-08-16 15:25:00

Fins.az avtomobil eksperti Eldəniz Cəfərovla avtomobil bazarı ilə bağlı müsahibəni təqdim edir:

-Eldəniz müəllim, yeni avtomobil satışlarında son vəziyyət necədir?

-Bu ilin əvvəlində Fins.az saytında 2017-ci ildə avtomobil bazarında tələbatın artacağını və təzə maşınların qiymətinin 7% civarında artacağını demişdik. Belə də oldu. Mart ayından etibarən bazarda dirçəlmə başlandı. Bu gün 2015-2016-cı illərin tənəzzülündən sonra avtomobil satışı sektorunun özünə gəlməsi üçün yaxşı fürsət yaranıb. Lakin ötən ilin maliyyə böhranından zərər çəkən avtomobil satışı şirkətlərinin bu il yaxşı gəlir əldə edəcəklərini söyləmək hələ tezdir. 2017-ci il dirçəliş ilidir, amma bu statistikanı 2014-cü illə müqayisə edə bilmərik. Müəyyən irəliləyiş göstəricilərini isə biz 2018-ci ildə görə biləcəyik. Təbii ki, manatın kəskin zəifləməsi baş verməsə.

Artıq insanlar avtomobil sifariş etməyə başlayıblar. Amma bazarda kifayət qədər yeni avtomobil yoxdu. Məsələn, avtomobil almaq istəyirlər, amma hazırda salonda yoxdu. Məsələ ondan ibarətdir ki, 2015-2016-cı illərin iqtisadi durğunluğu avtomobil dilerlərini ehtiyatlı davranmağa vadar etdi, ona görə də sifarişlərin sayı əvvəlki səviyyədən aşağı olub. Bundan əlavə, avtomobil zavodları da çox satışların necə olacağını müəyyən edə bilmədikləri üçün çox sifariş qəbul etməkdə maraqlı deyil.

Bununla belə, bu ilin sonu bizi yeni modellərin paradı gözləyir. Ən azı dörd məşhur avtomobil markasından bir neçə yeni modelləri ölkəmizdə təqdim olunacaq. Təzə maşın almaq istəyənlər gərək sifarişlərini indidən versinlər. Məsələn, “Toyota” yeni “Prado” və “Camry” modellərini təqdim edəcək. “Lexus” 3 yeni modeli satışa çıxaracaq. Avtomobil istehsalçıları əsasən iki bazara- Avropa və ABŞ bazarı üçün çalışırlar. ABŞ üçün buraxılan avtomobillərin dizaynı artıq məlumdur. Avropa bazarı üzrə yeni dizaynı gözləyirik. Bununla yanaşı, “BMW”, “Mercedes”, “Hyundai” və digər markalarda da yeni modellərin Azərbaycan bazarına çıxarılacağı gözlənilir.

-Rəsmi dilerlər 2015-ci ildə sata bilmədikləri avtomobilləri indi müxtəlif kampaniyalarla daha rahat sata bilirlər. Bəziləri hətta 10 min manata qədər endirim təklif edir. Sizcə bu nə ilə bağlıdır?

-Devalvasiyadan əvvəl avtomobil şirkəti 100 sifariş verirdisə, bunun 90 ədədinin potensial müştərisinin olduğunu bilirdi. Amma manatın ardıcıl devalvasiyasından sonra dilerlər öz müştərilərini itirdilər. Məsələn, müştərinin əlində 30 min manat var idisə, devalvasiyadan sonra avtomobilin qiyməti manat ekvivalentində 35 min manata yüksəldi. Ona görə də alıcı ya ikinci əl bazarına üz tutdu, ya da bu dövrdə işini itirmək təhlükəsi və ya digər riskləri nəzərə alaraq vəsaiti əlində saxladı. Avtomobil dilerləri zərər olsa belə, stokda 1 il qalan avtomobilləri satmaq üçün qiymətləri endirməyə məcbur oldular. 2017-ci ildə isə yeni avtomobilə tələbatın artması rəsmi dilerlərin 2015-ci ildən qalan avtomobilləri rahat satmasına şərait yaratdı. Avtomobil dilerləri əvvəlkindən fərqli olaraq indi daha ehtiyatlı davranır. Məsələn, bəzi dilerlər əvvəl birbaşa zavoddan 100 avtomobil sifariş edirdisə, indi müştərilərin sifarişlərini toplayır və bir neçə ay sonra həmin sayda maşın gətirir. Bu həm də müştərinin özü üçün sərfəlidir. Alıcı sifarişini verib əvvəlcədən 35 min manat ödəyirsə, manatın məzənnəsinin dəyişilməsinə avtomobilin qiyməti artsa belə, əlavə ödəniş etməyəcək.

-Avtomobil dilerləri niyə daha çox Bakıda toplaşıb, regionlarda yeni maşın satışı azdır?

-2015-ci ilə qədər avtomobil dilerləri Bakı ilə yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki kimi iri şəhərlərdə də filiallar açmağa başlamışdılar. Krizisdən sonra bir sıra dilerlər regionlardakı satış salonlarını bağladılar. Məsələn, Lənkəranda bir neçə avtomobil şirkəti satış və servis mərkəzləri bağladı.

Maraqlıdır ki, yeni avtomobil almaq istəyən vətəndaş bunun üçün Bakıya gəlməyə üstünlük verir. Bu seçim imkanın çoxluğu ilə bağlı ola bilər. Ümumilikdə isə regionlarda rəsmi satış və servis mərkəzlərinin olması daha məqsədəuyğun olardı.

-Avtomobil satışlarının azalmasını rəsmi dilerlər servislə bağlı işləri genişləndirməklə kompensasiya etməyə çalışdılar. Demək olar ki, bütün rəsmi servislər endirim kampaniyalarına başladılar. Hansı servisdən istifadə daha sərfəlidir?

- Bütün rəsmi servislər krizis dövründə satışların azalmasını kompensasiya etmək üçün endirim kampaniyalarına başladılar və bu normal haldır. Bu təbii ki, müştərinin xeyrinə oldu. Belə bir fikir formalaşıb ki, rəsmi servislərin xidmətləri adi servislərdən bahadır. Amma elə xidmətlər var ki, əksinə rəsmi servislər daha ucuz edir. Məsələn, adi yağdəyişmə. Adətən mühərrikin yağının dəyişilməsi 10 min kilometrdən sonra tövsiyyə olunur. Rəsmi servislərin istifadə etdiyi yağlar Avropa istehsallı avtomobillər üçün nəzərdə tutulub. Bu yağların istehsalında iqlim və digər şərtlər nəzərə alınır. 2.5 mühərrikli “Toyota Camry”nin mühərrik yağının dəyişilməsi 71 manat təşkil edir. Adi servis isə mühərrik yağını 61 manata dəyişir. Amma burada bir məsələ var ki, qeyri rəsmi servisdə usta yağa 10 min kilometr zəmanət vermir və bu tipli servislərdə mühərrik yağı 5 min kilometrdən bir dəyişilir. Başqa sözlə, rəsmi servisdə 10 min kilometr yürüş üçün mühərrik yağının dəyişilməsi xərci 71 manat təşkil edirsə, qeyri-rəsmi servisə müraciət edən sürücü buna görə 122 manat ödəməli olur. Rəsmi servis gördüyü bütün işlərə zəmanət verir, kapotun altına etiket vurulur. Amma qeyri-rəsmi servisdəki xidmətlərdən sonra avtomobildə hər hansı problem yaranarsa usta məsuliyyət daşımır. Sürücülər seçim edərkən mütləq bu amillərə diqqət etməlidirlər.

-İkinci əl avtomobil bazarında nə baş verir?

-İkinci əl avtomobil bazarında ilin birinci yarısında avtomobil qiymətləri bir qədər yüksəlsə də yayın sonuncu ayında bazarda maşına tələbat kəskin azaldığına görə qiymətlər stabildir. Sentyabr ayında isə avtomobillərin yenidən bahalaşacağı gözlənilir. İkinci əl maşınların importu kəskin azalıb. Alqı-satqda yerli-daxili bazardakı maşınlardır. Ehtimal var ki, 2018-ci ildən ikinci əl avtomobillərin gətirilməsi bir qədər də məhdudlaşsın. Bu əsasən maşınların istehsal ili və tətbiq ediləcək standartlarla bağlıdır. Belə olan halda yaxşı olardı ki, Mərkəzi Bank təzə maşınların kredit və lizinq şərtlərini sadələşdirsin. Bu həm istehlakçının, həm də dövlətin xeyrinə olar. İstehlakçının seçim imkanı artar,ekologiyaya dəyən zərər azalar, maliyyə dövriyyəsi isə çoxlar.

-Son iki ildəki iqtisadi vəziyyət, yanacağın bahalaşması və bu kimi digər amillər avtomobil alıcıların seçim zövqlərinə təsir edibmi?

-Düzdür, son dövrlər kiçik mühərrikli avtomobillərə maraq artıb. Amma benzinin 20 qəpik bahalaşması avtomobilin qiymətinin dəyişməsinə hələlik elə bir təsiri yoxdur. Alıcıların da zövqünə ciddi təsir etməyib. Əvvəl kim hansı avtomobili sürürdüsə, yenə də eyni maşını alır. Maraqlı cəhət burasındadır ki, əvvəl kiçik maşınlara üstünlük verən xanımlar indi iri ölçülü avtomobillər sürməyə başlayıblar. Məsələn, əvvəllər “Toyota Yaris”,”Nissan Micra”, “Volkgaven Polo”, “KİA Rio” kimi modellərə üstünlük verən xanımlar indi “Toyota Carolla”, “Toyota Rav4” kimi avtomobilləri seçirlər.

Bundan əlavə xanımlar “Bu nədi, “jenski maşındı”-deyə qırmızı və əlvan rəngli avtomobillərdən imtina edirlər. Qadınlar daha çox ağ, qara və yaş asfalt rəngli avtomobilləri seçirlər. Hesab edirəm ki, bu da qırmızı maşın sürənlərə qarşı “qadındı, sürə bilmir” kimi streotiplərin formalaşması ilə bağlıdır. Xanımlar göstərmək istəyir ki, yolda hamı bərabərhüquqludur.

Xanımlar komfortlu avtomobillərə üstünlük verirlər. Avtomobildə kondisioner mütləq olmalıdır, eyni zamanda oturacaqların tənzimlənməsi avtonom rejimdə olmalıdır. Qadın alıcılar həm də salonun dəri olmasına önəm verirlər. Qısası, avtomobil “full” olsun. Ümumiyyətlə, Azərbaycan alıcısı avtomobilə qarşı çox tələbkardı. Ona görə də, Azərbaycana gətirilən avtomobildə bəzi təhcizatlar- xüsusilə də kondisioner və lyuk mütləq olmalıdır.

Kişilər isə əsasən avtomobilin yanacaq sərfiyyatına və salonun genişliyinə diqqət yetirirlər.

- Avropa artıq ekoloji avtomobillər üstünlük verməyə başlayıblar. Müəyyən müddətdən sonra dizel mühərrikli avtomobillərin istehsalının tamamilə dayandırılması planlaşdırılır. Azərbaycanda niyə elektrik və hibrid avtomobillərə maraq yoxdur?

-Avropa İttifaqı ölkələrində 2025-ci ildən sonra dizel və benzin avtomobillərindən imtina olunacaq. Bu isə birbaşa Cənubi Qafqaz ölkələrinə və Azərbaycana da təsir edəcək. Hibrid, elektrik və hidrogenlə işləyən avtomobillər populyarlaşacaq. Buna isə bir qədər zaman lazımdı. Qarşıdakı 10 ildə Azərbaycanda da bu avtomobillər artacaq. İndi də hibrid və elektrik avtomobillər Azərbaycanda sürülür, amma bu çox azdır. Belə ki, bu avtomobillərə Azərbaycanda inam formalaşmayıb. Elektriklə işləyən avtomobillərin kütləviləşməsi üçün servis şəbəkəsi genişlənməlidir. Azərbaycanda hazırda hibrid avtomobillə işləyən ustalar var. Amma sırf elektirik və ya hidrogenlə işləyən ustalar yoxdur. Bunun üçün elektiriklə işləyən ustalar xaricdə təcrübə keçməlidirlər. Elektromobillərin ehtiyat hissələri gətirilməlidir. Bu maşınlar öyrənilməlidir.

Bundan əlavə, hazırda Bakıda cəmi 4-5 enerji yığım nöqtələri var, amma bütün ölkə üzrə bu şəbəkə genişlənməlidir. Bundan sonra elektromobillərin satışı genişlənə bilər.

Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293