AVTO

Avtomobil bazarında böyük bahalaşma
05 YANVAR
4538

Avtomobil bazarında böyük bahalaşma

2017-01-05 16:58:00

Ölkəyə gətirilən avtomobillərin qiymətində, hətta 10 min manatadək bahalaşma qaçılmazdır.
Azərbaycanda yaşanan iqtisadi durğunluq avtomobil bazarına da təsirsiz ötüşməyib. Yanvar ayından etibarən aksiz vergi rüsumlarının artırılması ilə əlaqədar olaraq avtomobillərin qiymətində ciddi artım olacağı gözlənilir.
Belə ki, idxal olunan avtomobillərin gömrük ödəmələri yeni rüsumlarla hesablanacaq və nəticə etibarı ilə böyük mühərrikli avtomobillərin qiymətində, hətta 10.000 manatadək bahalaşma proqnozlaşdırılır.
Məsələ ilə bağlı Sputnik-ə danışan "Quliyev Motors" avtomobil satışı şirkətinin baş direktoru Rəşad Quliyev də, ölkəyə idxal olunan avtomobillərin qiymətinin qalxacağını bildirib: "Artıq köhnə rüsumlarla ölkəyə gətirilən maşınların da qiymətləri qalxıb. Bu, süni qiymət artımıdır." "Bundan sonra qiymətlərin düşməsindən söhbət gedə bilməz. Artım isə qaçılmazdır. Avtomobillər üçün gömrük rüsumları qalxırsa, təbii ki, qiymətlər də qalxacaq", — mütəxəssis qeyd edib. Onun sözlərinə görə, 2000 kubsantimetrlik mühərrikə malik avtomobillərin gömrük rüsumu 200-250 manat artacaq: "Ona görə belə mühərrikli avtomobillərin qiymətində daha az artım olacaq. Amma 4000-5000 kubsantimetr mühərrikli maşınlarda rüsum çox olduğundan, onlarda qiymət artımı 10 min manata kimi olacaq". "Eyni zamanda ikinci əl maşınlarda da belə artım müşahidə olunur. Artıq 30-40 faiz ikinci əl maşınlarda artım müşahidə edilir. Yeni qanundan istifadə edəcəklər və öz əllərində olan maşınların da qiymətini artıracaqlar. Bu da düzgün deyil." — R. Quliyev vurğulayıb.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə Sputnik-ə açıqlamasında bildirib ki, yeni aksiz vergisi, mühərriki 2000 kubsantimetrdən yuxarı olan avtomobillərə aiddir: "Bu maşınlar əvvəldən baha idi, sonra da devalvasiyaya görə qiymətləri qalxmışdı. İndi isə bu aksiz vergisinin qalxması ilə əlaqədar bir az da bahalaşacaq. Belə maşınlara çox üstünlük verilmir. 20-25 faiz alıcı elə böyük həcmli mühərrikləri olan maşınlar alır. Qiymətlərin artımına görə isə bu maşınların alıcıları bir az da azalacaq."
"Bahalı maşınların qiymətinin artması kiçik həcmli avtomobillərə marağı artıracaq ki, bu da ucuz maşınların da qiymətinin artmasına səbəb olacaq. Az da olsa, belə maşınların da qiymətlərində artım olacaq." — Ə. Hüseynov bildirib. Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov da Sputnik əməkdaşı ilə söhbətində bildirib ki, aksiz vergisinin artırılması, bilavasitə maşın bazarına öz təsirini göstərəcək: "Mən həm müxtəlif firmaların satıldığı dükanları, həm də avtomobil bazarını nəzərdə tuturam. Bu hal heç də arzuolunan hal deyil". "Hazırda avtomobil satışında durğunluq yaşanır. Bir neçə il öncə xaricdən 100 mindən artıq avtomobil gətirilirdisə, bu gün həmin göstərici 4-5 dəfə aşağı düşüb. Səbəb isə avtokreditlərin olmaması, devalvasiya və maşınların qiymətlərinin baha olmasıdır" — mütəxəssis qeyd edib. Allahverənovun sözlərinə görə, gömrük rüsumlarının artırılması ilə əlaqədar, bütün avtomobillərin qiyməti qalxacaq: "Bu da şübhəsiz ki, bazarda satışa təsir edəcək. Burada müsbət nəticənin olmasından söhbət gedə bilməz. İstənilən halda qərar verilib və bundan sonra vəziyyətin nə yerdə olacağının şahidi olacağıq."

Mənbə: Sputnik.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+33°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288