AVTO

Müştərilər Bakının ən pis taksi xidmətini seçdilər – SORĞU NƏTİCƏLƏRİ
30 NOYABR
14234

Müştərilər Bakının ən pis taksi xidmətini seçdilər – SORĞU NƏTİCƏLƏRİ

2016-11-30 08:45:00

Bakıda taksi şirkətləri ilə bağlı müştərilərin ən böyük narazılıqları «London taksi» kimi tanınan «Bakı taksi» və 189 taksi xidmeti ilə bağlıdır. Bu fins.az-ın Facebook səhifəsində keçirilən sorğuda məlum olub.

«Ən pis taksi xidmətini hansı şirkət göstərir?» sorğusunda iştirak edənlər paytaxtdakı taksi xidmətlərinin pis və yaxşı cəhətlərini açıqlayıblar.

Ən çox şikayət Bakıda ən birinci yaradılan taksi xidməti - «London taksi» kimi tanınan «Bakı taksi» ilə bağlı olub. Sorğuda iştirak edənlərin 12-si bu şirkətin xidmətini pisləyib, ondan razı qalan isə olmayıb. İstifadəçilər «Bakı taksi»nin həm tariflərinin yüksək olmasından, həm də xidmət səviyyəsindən, həm də sürücülərin davranışından narazılıq edirlər. İstifadəçilər bildirir ki, şirkətin çağrı mərkəzi və şikayətləri bildirmək üçün bölməsi də yoxdur.

«Badımcan» taxi-lərin hamısı pis xidmət göstərir. Digərlərindən15-20% bahalı olmaqla bərabər, heç vaxt qəpik ödənişinin qalığını qaytarmaq haqqında düşünmürlər. Özlərinə xeyir olan variantda ödənişi yuvarlaqlaşdırıb qəbul edirlər»-deyə istifadəçilərdən biri «ürəyini boşaldır».

Başqa biri istifadəçi isə müştəriləri burada qarşılaşa biləcəkləri fırıldaq haları ilə bağlı xəbərdar edir: «Diqqət, diqqət! Hamı xəbərdar olsun ki, London taksiləri təzə hiylə tapıblar. Onlar svetaforda maşını saxlayıb, söndürüb yandırırlarsa, bilin ki, sayğac yenidən işə düşür və artıq hesablamağa başlayır. Nəticədə 2,5 manatlıq yola görə 4-4,5 manat hesablanır. Müştərilər görəndə ki, bu məbləği sayğac göstərir, aldanırlar. Odur ki, bu taksilər svetaforda maşını söndürüb yenidən işə saldılarsa, bilin ki, hiylə başladı»-deyə istifadəçi yazır. 

«London taksi»lərindən daha bir şikayət sürücülərin davranışı ilə bağlıdır: «Bir dəfə «İçərişəhər» metrosundan taksiyə əyləşib Badamdara getdim. 3-cü massivə çatanda az qaldı savaşaq, sürücü mənə dedi ki, niyə demədin ki, dağa qalxacağıq. Görjüm ki, pulu artıq almaq istəyir, dedim sənin üçün nə fərqi var, pulunu kilometrə görə alırsan da. O vaxtdan bu taksilərə çəkinə-çəkinə minirəm».

Xidmətinin pis olması ilə bağlı şikayətlərin sayına görə, ikinci yeri 189 taksi xidməti tutur. İstifadəçilərdən 8-i ondan narazıdır. 

«Ən pis və baha olan 189-dur. Bir az reklamları güclü oldu, amma müştəriləri artandan sonra tamamilə pisləşdi. Hətta bir sürücüsü ilə savaşmışam da»-deyə istifadəçilərdən biri bildirir.

Cəmi 1 istifadəçi 189un xidmətindən razıdır. Hərçənd həmin şəxs də qiymətlərin yüksək olduğunu, ona görə də UBER-dən istifadə etdiyini bildirir: «189-da hər şey yaxşıdır. Xəritələrinə kimi. Amma bir mənfi cəhəti baha olmasıdır. Ona görə də Uber-in istifadəçisiyəm». 

«UBER»in özü barədə də rəylər birmənalı deyil. Bəzi istifadəçilər ondan razı qalsalar da, narazılar da var.

İstifadəçilərdən biri yeni taksi brendi olan UTAP-ın xidmətindən razı qalaraq onu UBER-ə bənzədir. Digər istifadəçi isə UTAP-ın oğurluq layihə olduğunu bildirir.  

«City taxi» taksinin adı da yaxşılığa çəkilib. Bildirilir ki, qiyməti ucuz, avtomobilləri komfortlu, üstəlik balansa da, faiz yüklənir.

Sorğuda hazırda ən ucuz taksi xidməti kimi tanınan *9933 barədə də rəylər müxtəlifdir. Cəmi bir istifadəçi onların xidmətindən və qiymətdən razılıq edir. Əvəzində 3 istifadəçi onlardan narazılıq edir. Əsas narazılıq «təcili lazım olanda telefonu götürəməkləri»dir.  Digər istifadəçi isə bildirir ki, bu müştərinin sayının çoxluğundandır. 

İstifadəçilərdən 2-si isə *3003 xidmətindən, biri *9111 taksi xidmətindən, biri isə «Taksi 24»dən razılıq edir. Daha 2 istifadəçi 971 xidmətinən narazıdır, hərçənd konkret səbəb göstərməyib. 

Sorğuda iştirak edən istifadəçilərdən biri isə taksi şirkətlərinin deyil, məhəllə taksilərinin xidmətindən istifadəni məsləhət görür: «nisyə də gedir, benzin pulu ilə də gedir, yəni aşağı-yuxarı qiymət danışmaq olur. Şirkətlərdə isə bunu etmək olmur, necə deyəsən ki, cibimdə pulum azdır?!»-deyə fikrini əsaslandırır.  

Nəhayət, bir istifadəçi gələcəkdə avtobus və metroda xidmətin yaxşılaşacağına ümid edir: «Ən sərfəli qiymət onlardadır, cəm 20 qəpik».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272