AVTO

Rəsmi dilerlər bu avtomobilləri sata bilmir
02 NOYABR
1409

Rəsmi dilerlər bu avtomobilləri sata bilmir

2016-11-02 15:35:00

İqtisadi durğunluq avtomobil sektoruna daha bir zərbə vurub. Minik avtomobilləri ilə yanaşı, biznes avtomobillərinin satışında böhran yaşanır. Avtomobil bazarına aid mənbələrdən fins.az-a verilən məlumata görə, xüsusilə də pikapların, mikroavtobusların və kiçik biznes avtomobillərinin satışı kəskin azalıb. Avtomobil dilerləri bildirirlər ki, adətən bu tipli avtomobilləri adi vətəndaşlar deyil, şirkətlər alırdılar. İqtisadi durğunluq nəticəsində  şirkətlərin bir çoxu fəaliyyətini dayandırıb və ya məhdudlaşdırıb. Şirkətlər nəticədə yeni avtomobil almamaqla yanaşı,  istismarda olan avtomobilləri satışa çıxarırlar. Nəticədə biznes avtomobillərinə tələbat azalır və dilerlər əvvəlki korporativ müştərilərini itirirlər.

Pikapları alan şirkətlər bağlanır

Məsələn, Azərbaycan bazarında “Toyota”, “Mitsubishi” və Çin avtomobillərinə aid pikap modellərini adətən tikinti və neft-qaz şirkətləri alırdılar. Hazırda neftin qiymətinin aşağı düşməsi və tikinti sahəsində durğunluq bu şirkətlərin də fəaliyyətinə mənfi təsir göstərib. Ekspertlər  Azərbaycan avtomobil bazarında pikap satışlarının 30-40% azaldığını bildirirlər. Rəsmi dilerlər də bu avtomobillərin satışında azalma olduğunu etiraf edirlər. Amma onun həcmini açıqlamaqdan imtina edirlər. Mitsubishi Azərbaycan şirkətindən fins.az-a verilən məlumata görə, hazırda satışlarda azalma olsa da, yeni modellərin pikap versiyaları da satışa çıxarılır. Məsələn, şirkət 2016-cı il “Mitsubishi L200” pikaplarını satmağa başlayıb. Avtomobilin qiyməti təhcizatdan asılı olaraq 49 -56 min manat arasında dəyişir. 

Təzə əvəzinə  4-5 dəfə ucuz olan köhnəsini alırlar

Eyni vəziyyət mikroavtobus və kiçik biznes avtomobillərində də müşahidə edilir. Ekpertlər bildirirlər ki, mikroavtobusları əsasən iri şirkətlər işçilərin daşınması üçün və turizm şirkətləri sifariş edirdilər. Amma hazırki iqtisadi şəraitdə yeni mikroavtobus alan yoxdur. İndi tələbat daha çox ikinci əl mikroavtobuslara yönəlib. Fərdi şəkildə turizmlə məşğul olan şəxslər daha ucuz mikroavtobus almağa üstünlük verirlər: “40-50 min manata yeni mikroavtobus almaqdansa, 10-12 min manata ikinci əl versiyanı alırlar. Kiçik xərc qoymaqla onu işlək vəziyyətə gətirirlər. Qəbələ, Quba və digər bölgələrə  turist aparırlar”.

Qadağa dilerlərin işinə əngəl törədir

İqtisadi vəziyyətlə yanaşı, dövlət tərəfindən qoyulan bəzi qadağalar da  bu avtomobillərin satışına mənfi təsir göstərir. Belə ki, pikap və mikroavtobusları təkcə şirkətlər deyil, dövlət qurumları da alırdılar. Dövlət qurumları qarşısında yerli məhsulların xarici analoqlarının satışına qadağa qoyulub. Bu qayda avtomobillərə də şamil edilib. Nəticədə əvvəllər xarici biznes avtomobilləri alan  dövlət təşkilatları indi yerli istehsal olan  “Naz Lifan” avtomobillərini alırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270