AVTO

«Maşınların 80%-ni kreditlə satırdıq, indi dayanıb» – AÇIQLAMA
25 OKTYABR
993

«Maşınların 80%-ni kreditlə satırdıq, indi dayanıb» – AÇIQLAMA

2016-10-25 16:20:00

Bir neçə gün əvvəl  Bakıda lüks Amerika avtomobillərin satışının dayandırılması ilə bağlı məlumat yayılmışdı. Fins.az-ın avtomobil bazarındakı mənbələrdən əldə etdiyi məlumata görə,  “Cadilac”, “GMC”, “Buick” avtomobilllərinin satışı dayandırıldığı bildirilirdi. Buna səbəb  kimi iqtisadi böhranın təsiri ilə bahalı lüks avtomobillərin satışının tamamilə dayanması göstərilirdi. “General Motors”un Azərbaycanda rəsmi distribyutoru və “Cadilac”, “GMC”, “Buick” və “Chevrolet” avtomobillərinin satışı həyata keçirən “GM Baku Center” şirkətindən məsələyə münasibət bildiriblər. Şirkətin rəhbəri Elşən Zərgərli fins.az-a bildirib ki, lüks Amerika avtomobillərinin satışı dayandırılmayıb: “Sadəcə son bir neçə ayda yeni model gətirilməyib və ilin sonuna qədər yalnız salonda olan avtomobillərin satışına diqqət yetiriləcək”.

Eləcə də bax: Bakıda 235 min manatlıq avtomobil satışa çıxarıldı - FOTOLAR

Devalvasiya maşınları 2 dəfə bahalaşdırıb

O bildirib ki, avtomobillərin alış qiyməti dəyişməsə də, ötən ildən etibarən dolların kəskin bahalaşması, gömrük rüsumlarının artırılması satış qiymətlərinə təsir edib. Avtomobillərin qiyməti 2 dəfə artıb: “Məsələn, devalvasiyadan əvvəl  “Cadilac Escalade” avtomobili əvvəl  110 min manata satılırdısa, eyni avtomobil indi 235 min manata təklif edilir”.

“Avto kreditlərin dayanmasına görə müştəriləri itiririk”

E.Zərgərli satışların əvvəlcə 70-80%-nin bank kreditləri hesabına aparıldığını bildirib. Nəticədə, avtomobilllərin bahalaşması ilə yanaşı,avto kreditlərin dayandırılmasının satışlara maneə yaradıb: ”Sadə vətəndaşlar  avtomobili almağa pulu olmadığı üçün kredit götürməyə üstünlük verirlər. Biznesmenlər  isə əllərində olan böyük məbləğdə pulu bir avtomobilə xərcləməkdənsə, yatırım etməyə üstülük verirlər. Avtomobili də kreditlə alırlar”. Şirkət rəhbərinin sözlərinə görə,  nəticədə avtomobil bazarında yaranan böhran lüks markaların satışlarına da mənfi təsir edib. “Cadilac”, “GMC”, “Buick” və “Chevrolet”  avtomobillərinin satışları da 50%-dən çox azalıb.

“Satışlar azalıb, amma fəaliyyətimizi dayandırmamışıq”

Amma bu şirkətin satışları tamamilə dayandırması və bağlanması anlamına gəlmir: “Amerikadan yeni modellərin sifarişi 2 ay müddətində yerinə yetirilir. Ona görə də həm “Cadilac”, “GMC”, “Buick”, həm də “Chevrolet”ə aid yeni modellərin gətirilməsi 2017-ci ilə planlaşdırılıb”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272