AVTO

Azərbaycanda ən rahat təmir edilən - 5 AVTOMOBİL
23 SENTYABR
4008

Azərbaycanda ən rahat təmir edilən - 5 AVTOMOBİL

2016-09-23 17:11:00
Avtomobillə bağlı sürücülərin əsas diqqət yetirməli olduqları məsələlərdən də biri onun ehtiyat hissələri və təmiridir. Avtomobil ekspertlərinin tövsiyə edirlər ki, avtomobil almaq istəyən müştəri  onun qiyməti və  təhcizatı ilə yanaşı, onun təmiri və ehtiyat hissələrinin satışının geniş olub-olmamasını dəqiqləşdirməlidirlər.
Çünki qiymət və görünüş cəlbedici olduğundan başqa detallara diqqət yetirilmədən alınan maşınlar bəzən avtomobil sahiblərini gözlənilməyən problemlərlə üz-üzə qoya bilər. Ya da avtomobilin detalı ölkədə tapılmaya bilər. Onun sifarişlə gətirlməsi isə bir neçə ay çəkə bilər. Və yaxud həmin avtomobilləri  təmir edən ustalar az olduğundan təmir gecikə bilər. Nadir tapılan avtomobillərin təmiri isə istər-istəməz baha başa gəlir. Yəni, bazarda usta nə qədər azdırsa, bu təmir qiymətlərinin daha yüksək olmasına təsir göstərir.
Fins.az bu kriteriyaları  nəzərə alaraq ölkədə  ən rahat təmir edilən avtomobilləri araşdırıb. Məlum olub ki, köhnə “Mercedes” və “Lada”lar  hələ də buna görə Azərbaycan avtomobil bazarında rəqib tanımır. Amma siyahıda gözləmədiyiniz markalar da var. 
1.  Köhnə “Mercedes”ların təmiri 20 dəfə ucuzdur
Avtomobil eksperti Əmrulla Kərimov fins.az-a bildirib ki, ehtiyat hissələrinin tapılmasına, təmir xərcinə görə ən rahat avtomobillərdən biri istehsal tarixi  2000-ci ilə kimi “Mercedes C Class” və 1998-2002-ci model “Mercedes E Class”lardır. Qiymətinə və kefiyyətinə görə əhalinin böyük hissəsinin rəğbətini qazanan, hətta dözümlülüyünə görə taksi istifadəsi geniş yayılan bu maşınların ehtiyat hissələrini hər yerdə tapılır və həm də  xeyli ucuzdur. Müqayisə üçün deyək ki, “Mercedes E Class” avtomobilinin bir farasının qiyməti  170-180 manatdır və istənilən ehtiyat hissələri mağazasından almaq olar.
Eyni avtomobilin 2015-ci il modelinin farası 3500 manatdır və onu almaq üçün xaricdən sifariş etmək lazım gəlir. Ekspertin sözlərinə görə, digər tərəfdən yeni modelin həmin detalının dəyişdirilməsi üçün usta xərci 80-100 manatdırsa, köhnə avtomobil üçün bu rəqəm cəmi 20-30 manatdır. Birincisi bu avtomobillərin ölkədə çox olması ustalarında detalları “gözü bağlı” təmir etməsinə gətirib çıxarıb və hər şey sadədir. Yeni avtomobilin isə bahalı olması və mexanizmlərin daha mürəkkəb olması ustaları daha ehtiyatla işləməyə sövq edir. Nəticədə təmir xərci də artır. 
2. “Priora” və “Vaz 2107”lərin təmiri çox asandır
Avtomobil eksperti Fərid Məlikov isə deyir ki, Rusiya istehsallı avtomobillərin o qədər də komfort olmasalar da, təmir həm ucuz və xeyli rahatdır. Məsələn, “Lada 21015”in bamperinin qiyməti 85-90 manat təşkil edir. Bu detalın dəyişilməsi üçün usta xərci cəmi 20 manatdır. F.Məlikov  sözlərinə görə, hətta elə  ikinci əl avtomobil var ki, onun bamperinin qiyməti nəinki bundan bahadır, hətta onun bamperinin qiymətinə başqa “Lada 21015” və ya “Vaz 2107” almaq olar. Məsələn, 2012-ci il model “Mercedes S Class”ın bir bamperinin qiyməti sadəcə 2500 manatdır.
Avtomobilin detallarının ucuzluğu təmir xərcinin aşağı olması ilə yanaşı, təmiri də çox sadədir. Yeni model hansısa Almaniya və Avropa istehsallı avtomobildən fərqli olaraq  “Vaz 2107”in bamperini bərkitmək üçün cəmi bir neçə vint lazımdır. 
3. “Tofaş”ları “Jiquli” ustaları təmir edir
Avtomobil eksperləri Azərbaycanda təmiri ən rahat olan avtomobillər sırasında  Türkiyə istehsalı olan “Tofaş”ların da adını çəkirlər.“Tofaş”ların da təmir xərci  demək olar ki,  “Lada”larla eynidir və ehtiyat hissələri ucuzdur. Hər iki avtomobil “Fiat” bazasında yığıldığı üçün bu avtomobillərin təmiri  “Jiquli” ustaları da çox rahatlıqla həyata keçirə bilirlər. 
4.  Rayon yollarına davamlı “Niva”lar
Avtomobil ekspertləri təmiri  ən rahat olan avtomobillər sırasında “Niva”ları xüsusi qeyd edirlər. Ekspertlərin sözlərinə görə, rayon yollarına davamlılığı ilə seçilən bu avtomobillərin ehtiyat hissələri də ucuzdur.Digər  “Lada” modellərindən qiymətləri cəmi 5-10% bahadır.Usta xərci isə demək olar ki, eynidir. 
5. Ən az xərc aparan avtomobil - “Toyota Corolla”
Davamlılığı və kefiyyətinə görə dünyada ən çox satılan avtomobil  olan “Toyota Corolla” eyni zamanda ən az xərc aparan avtomobil kimi seçilir. F.Məlikov bildirib ki, sürücü avtomobilə vaxtlı vaxtında diqqət yetirərsə, yəni, mühərrik yağını, suyu, əyləc qəlblərini zamanında dəyişərsə, illərlə heç bir detalı dəyişmədən avtomobili idarə edə bilər. Üstəlik “Subaru”, “Mazda”, “Nissan” modellərindən fərqli olaraq bu modelin  ehtiyat hissələrinin tapılmasında heç  bir problem yoxdur. Digər tərəfdən ehtiyat hissələri öz sinifinə aid digər Yaponiya avtomobillərindən 20%-ə qədər ucuzdur.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275