AVTO

Maşını «uzaq» işıqla sürənlər – CƏRİMƏ OLUNACAQ
07 SENTYABR
533

Maşını «uzaq» işıqla sürənlər – CƏRİMƏ OLUNACAQ

2016-09-07 15:17:00

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. Fins.az-ın məlumatına görə, xəbərdarlıqda bildirilir ki, payız fəslində sutkanın qaranlıq vaxtı çoxalır. Bu günlərdə bölgələrdə istirahətdə olanların Bakıya və digər şəhərlərə axını başlayır.

Əksər sürücülər gecə vaxtı yola çıxdığı üçün yollarda müxtəlif problemlərlə rastlaşırlar. Sürücüləri narahat edən məsələlərdən biri də qarşılıqlı hərəkət zamanı işıq sistemindən düzgün istifadə edilməməsidir. Çünki bəzi sürücülər avtomobilin uzaq işıqlarından hər yerdə istifadə etdiyi üçün başqalarına çətinlik yaradır.

Bütün bunları nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 73-cü maddəsinin 4-cü bəndinə görə, uzaq işıqlardan davamlı istifadə etmək qadağındır. Belə ki, yaşayış məntəqələrində yol kifayət qədər işıqlandırıldıqda yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi yol boyu işıqlanıbsa və həmin işıqlandırma sürücüyə kifayət qədər məsafədə görmək imkanı verirsə yaxın işığa keçməlidir.

Bundan əlavə, sürücünün gözlərini qamaşdırmamaq məqsədilə qarşıdan gələn nəqliyyat vasitəsinə azı 150 metr qalıbsa uzaq işıqlar yaxın işıq rejiminə keçirilməlidir. Ümumiyyətlə isə qanunvericilik tələb edir ki, yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda uzaq işıq yaxın işığa keçirilməlidir.

Bu isə o deməkdir ki, sürücülər təkcə qarşıdan nəqliyyat vasitəsi gəldikdə yox, həm də yolun hərəkət hissəsində piyada, at arabası, mal-qara ötürən olduqda da işıq cihazlarından qanunun tələbinə uyğun istifadə etməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi başqa nəqliyyat vasitəsinin uzaq işığının təsirindən gözü qamaşan sürücülərin diqqətinə çatdırır ki, bu halda qəza işıq siqnalını qoşmaq və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmaq lazımdır. Arxadan gələn nəqliyyat vasitələrinin uzaq işıqları avtomobilin salonundakı və yan güzgülər vasitəsilə sürücünün diqqətini yayındırdıqda isə tövsiyə olunur ki, sürücü mümkün qədər sürəti azaltsın, avtomobilin modelindən asılı olaraq güzgüləri gecə rejiminə keçirsin.

Yol Polisi sürücüləri bu qaydalara əməl etməyə çağırır və bildirir ki, işıq cihazlarından düzgün istifadə etməyən sürücüləri 30 manat cərimə gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270