AVTO

Bakıda ikinci əl “Mercedes”lərin rəsmi alqı-satqısı olacaq
29 AVQUST
3140

Bakıda ikinci əl “Mercedes”lərin rəsmi alqı-satqısı olacaq

2016-08-29 17:49:00

Bakıda ikinci əl “Mercedes”lərin rəsmi qaydada alqı-satqısı, barteri olacaq. Bunu fins.az-a açıqlamasında “Mercedes” avtomobillərinin Azərbaycandakı rəsmi dilleri “Avtostar Caucasus” şirkətinin direktoru Kamil Məmmədov bildirib. Onun sözlərinə görə, şirkət hazırda “Trade İn” layihəsi üzərində işləyir. Layihə çərçivəsində köhnə  “Mercedes”inin əvəzinə yenisini almaq istəyənlərə barter təklif ediləcək. Müştəri köhnə avtomobillə yeni model arasındakı fərqi ödəyərək bu avtomobilə sahib olacaq. İstehsal tarixindən asılı olmayaraq texniki vəziyyəti müəyyən edildikdən sonra “Mercedes” modellərini barterə cəlb etmək mümkün olacaq.

İkinci əl “Mercedes”lərə 6 ay zəmanət

Barter olunan köhnə model isə təmir edilərək qara bazarın qiymətlərinə uyğun şəkildə satışa çıxarılacaq. Rəsmi dilerin satacağı ikinci əl avtomobillərin əsas üstünlüklərindən biri odur ki, onlara 6 ay zəmanət veriləcək. K.Məmmədov hesab edir ki, təkrar satış avtomobillərini rəsmi dilerdən almaq  müştəri üçün etibarlı olacaq: “Alıcı avtomobildə hər hansı bir nasazlıq hiss edərsə, rəsmi dilerə müraciət ünvanlamaqla problemi həll edə bilər. Qara bazarda  müştəri  avtomobili aldığı adamı hətta tapmaqda çətinlik çəkir. Satıcını tapsa belə avtomobilin təmirini ondan tələb etmək mümkünsüz hala çevrilir”.

İkinci əl “Mercedes”lərin 70-80%-i barter edilir

K.Məmmədov bildirib ki, hazırda təkrar satış bazarında barterə təlabat yüksəkdir: “Məsələn, müştəri 3 il əvvəl avtomobil alıb. İndi həmin maşını yeni modellə əvəzləmək istəyir. Rəsmi dilerə müraciət edərkən müsbət cavab almadıqda bunun üçün qara bazara müraciət edir”. K.Məmmədovun sözlərinə görə, qara bazarda satılan hər 10 “Mercedes”dən 7-8-i barter edilir. Statistika da bu formada satışlara təlabatın yüksək olduğunu göstərir. “Avtostar Caucasus” da  “Trade İn” layihəsi ilə “Mercedes” avtomobiləri üzrə  təkrar satış bazarını əhatə etməyi və nəticədə satışları artırmağı planlaşdırır.

“Satış qiymətinə ƏDV tətbiqi işimizə çətinlik törədir”

K.Məmmədov deyib ki, xarici təcrübəyə əsasən, “Trade İn” yalnız  şirkətlərin əldə etdiyi gəlirə (marjaya) ƏDV tətbiq edilməsini nəzərdə tutur. Məsələn, Ukraynada ikinci əl avtomobillərin barteri və satışı qanunvericiliyə edilən dəyişikliyə əsasən bu qayda ilə aparılır. Azərbaycanda isə ƏDV avtomobilin satış qiymətinə tətbiq edilir. Onun sözlərinə görə, bu qayda çətinlik törətsə də, hazırda hüquqşünaslar mövcud qanunvericiliyə əsaslanaraq “Trade İn”in həyata keçirilməsi üçün uyğun prinsiplər tapmağa çalışırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272