AVTO

«Aston Martin» Bakıda yeni modelini – TƏQDİM ETDİ - FOTOLAR
22 İYUN
456

«Aston Martin» Bakıda yeni modelini – TƏQDİM ETDİ - FOTOLAR

2016-06-22 15:27:00

Azərbaycanın bahalı avtomobil həvəskarlarına sürpriz var. Britaniyanın lüks avtomobil istehsalçısı olan «Aston Martin» şirkəti ölkəmizdə yeni modelini «Aston Martin DB11»-i təqdim edib. Qeyd edək ki, bu şirkət ilk dəfə mart ayında Cenevrədə keçirilən avtomobil sərgisində bomba kimi partlayıb. Bu barədə bir qədər aşağıda danışacağıq. 

Şirkət rəsmilərinin sözlərindən məlum oldu ki, yeni model «Aston Martin»in fəxridir – indiyədək şirkətin heç bir modelində 5,2 litrlik ikili-turbo, V12 mühərriki olmayıb. 608 at gücü olan avtomobil 100 km/saat sürəti cəmi 3,9 saniyəyə yığır və maksimum 320 km/saat sürətlə istənilən rəqibini geridə qoya bilir. Avtombilin idarəetmə sistemi də onun güc və sürətinə uyğundur. 

Xüsusi sistemlər sayəsində ən yüksək sürətlərdə vəziyyət tam nəzarətdə olur: «Avtombil yüksək sürət yığdığı zaman multiple driver-selectable dynamic modes – GT, yeni elektrik sükan ilə birlikdə 8 pilləli avtomatik ZF transmissiyası və əyləcli dönmə vektoru amortizatorların adaptiv möhkəmliyini artırır. Nəticədə fövqəladə hallarda avtomobilin idarəetməsi nümunəvi komfort və əsl idman avtomobillərinə xas çeviklik ilə əhatə olunur»-deyə açıqlamada deyilir.

 «DB11» 2 qapılıdır və kənardan kupeyə bənzəsə də, əslində 4 nəfərlikdir. 

Maşın o qədər yaxşı alınıb ki, «Aston Martində» onu şirkətin ikinci əsri adlandırmaqdan çəkinmirlər. 

«Yeni və fərqli dizayn üslubu, qabaqcıl aerodinamika (avtomobilin kənarındakı xüsusi dəliklər vasitəsilə hava axınları elə yönəldilir ki, sürət artdıqca maşın yola sıxılır), güclü mühərriki və güclü tərtibatı sayəsində DB 11 modeli «Aston Martin»in tarixində DB nəslində istehsal edilmiş ən güclü, ən səmərəli və dinamik modeldir»-deyə şirkətin açıqlamasında bildirilir. 

Bu titulu alıcıların marağı da təsdiqləyir - mart ayındakı təqdimatdan sonra indiyədək «DB11»i almaq üçün 2000 sifariş qəbul edilib. İlk sahibi bu maşını sentyabrda alacaq. 

Təqdimat mərasimində «Aston Martin»in Orta Şərq üzrə prezidenti Neil Sleid bildirdi ki, bu il «Aston Martin»in böyük planları var: «3 il əvvəl biz inkişafa 1 milyard dollar investisiya yatırmışıq və bu investisiyalar 2016-cı ildə nəticələrini verib». Nəticələrdən biri haqqında danışılan «DB 11» avtomobilidir.

«Aston Martin»in daha bir «bomba»sı isə «Zagato» superkarıdır. 2 həftə əvvəl təqdim edilmiş «Zagato» da satış gözləntilərini artıqlaması ilə doğruldub, artıq onun alınması üçün 11 sifariş var. Bu sinif avtomobillərin satışı üzrə əla göstəricidir.

Təqdimat mərasimində Bakıda keçirilən avtomobil və sürət bayramı - «Formula-1» yarışları da kənarda qalmadı. Hələlik şirkətin bu yarışlarda komanda ilə təmsil olunmadığını bildirən «Aston Martin» nümayəndələri «Formula-1»in iştirakçılarına yüngülcə «ilişdilər». Şirkət nümayəndəsi dedi ki, hazırda «Aston Martin» dünyanın ən sürətli avtomobilini hazırlayır. «AB RB 001» adlanan hiperkarı indiyədək gördüyümüş maşınların hamısından güclü və sürətli olacaq: «Əgər o avtomobil burda olsa, Formula 1 trekindəki bütün maşınları arxada qoyar».. «AB RB 001» layihəsində «Aston Martin»in tərəfdaşı «Red Bull»dur. Maşının dizaynının məşhur mütəxəssis Adrian Nyui verib. İlk belə maşın 2018-ci ildə buraxılacaq, cəmi 99 ədəd olacaq, qiyməti isə 3-3,5 milyon avro ətrafında dəyişəcək. 

Hiperkarın qiyməti bayaqdan videroliklərə tamaşa edərək özlərini Britaniyada «Aston Martin» sükanı arxasında şütüyən təsəvvür edən jurnalistləri reallığa qaytardı.

Qiyməti eşidən jurnalistlər «AB RB 001»ni tezliklə unutmağa çalışaraq diqqəti «Aston Martin»in daha «ucuz» variantlarına yönəltməyə tələsdilər.  

Qeyd edək ki, Azərbaycanda «Aston Martin» 2015-ci ilin fevralından satılır. Maşınların qiyməti 150-370 min dollar arasında dəyişir. 

Hələlik, «DB 11»in Azərbaycandakı qiyməti açıqlanmayıb. «Aston Martin» təmsilçisi olan «Avtolüks» şirkətinin rəhbəri İbrahim Əhmədov bildirdi ui, son qiymət satışlar başlananda məlum olacaq. Amma başqa ölkələrdəki qiymətlər məlumdur. «DB11» Böyük Britaniyada 154 min funt sterlinqə, Almaniyada 204,9 min avroya, ABŞ-da isə 211 995 dollara satılır. 

Şirkət nümaynədələri satışların belə az olmasını «Aston Martin»in  yerli bazarda hələlik o qədər də yaxşı tanınmaması və manatın devalvasiyası ilə iah edirlər. Digər lüks avtomobillərdən fərqli olaraq «Aston Martin» bazarda təzədir və yerli alıcıların ona öyrşməsi lazımdır, bu isə vaxt aparır. 

O ki qaldı manatın devalvasiyasına, yerli valyutanın məzənnəsinin kəskin dəyişməsi nəticəsində son il yarımda bu avtomobillərin qiyməti manat ifadəsində 2 dəfədən çox artıb. Bu da satışlara təsirini göstərib. Əslində, şirkət nümayəndələri belə vəziyyətə, yəni ilkin vaxtlarda satışların zəif olmasına alışıblar: «Məsələn qonşu Türkiyədə 3 il ərzində «Aston Martin»in 1 maşını belə satılmayıb. Amma sonradan avtomobillərə tələbat sürətlə artıb və satışlar yüksək nəticələr göstəriblər»-deyə şirkətin regional direktoru nikbinliyini nümayiş etdirir.

Yeri gəlmişkən, «Aston Martin»i Bakıda kreditlə də almaq olar. Amma bunun üçün alıcının ciddi maliyyə təminatları olmalıdır. 

Amma hətta belə alıcı tapılsa da, Azərbaycanda ilk «DB11» avtomobili ən tezi 1 ildən sonra görünəcək. Şirkət nümaynədələrinin sözlərinə görə, maşına tələbat o qədər yüksəkdir ki, hətta indi bu avtomobili almaq üçün müraciət edənlər onu almaq üçün gözləməli olacaqlar. Yeri gəlmişkən, «DB11» almaq üçün sifarişlərin qəbuluna Azərbaycanda  da başlanıb, istəyən növbəyə dayanmalıdır.

«Aston Martin»in alıcıları isə pulla problemi olmayanlardır. Şirkətin regional direktoru «Aston Martin»in ənənəvi alıcısını həvəslə təsvir edir: «Bizim maşınları 35-55 yaşında ciddi adamlar, centlemenlər, özlərinə hörmətlə yanaşan şəxslər alırlar. Onunla gündəlik işə də getmək olar.  «Aston Martin» təmkinli avtomobildir, onu özünü nümayiş etdirmək üçün almırlar, yəni  20 yaşı olanların maşını deyil».

Qeyd edilib ki, “Aston Martin Baku”da “5+5” aksiyasına başlanılıb. Belə ki, standart üç il istehsalat zəmanətinə iki il əlavə olunub və müştərilər 5 il ödənişsiz servis xidmətlərindən yararlana biləcəklər. Əlavə olaraq ehtiyat hissələrə 10%, aksessuarlara 20% endirim tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275