AVTO

Köhnə maşınlar bahalaşır - AÇIQLAMA
21 İYUN
1320

Köhnə maşınlar bahalaşır - AÇIQLAMA

2016-06-21 11:45:00

“Azərbaycanın avtomobil bazarında yaranan passiv vəziyyət davam etməkdədir. Dəyişən isə qiymətlərdir”. 

Fins.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib. 

İdxal azalıb, qiymətlər bahalaşıb

R.Osmanlı qiymət dəyişikliyinin əsasən, köhnə avtomobillər üzrə müşahidə edildiyini qeyd edib:

“Hazırda köhnə avtomobillər üzrə qiymətlərin müəyyən qədər bahalaşması hiss olunur. Bu da idxalın kəskin azalması, təklifə çıxarılan avtonəqliyyat vasitələrinin sayının azalması ilə bağlıdır. Elə buna görə də, istismarda olan nəqliyyat vasitələrinin qiymətində təqribən 2000-2500, bahalı avtomobillərdə bir qədər çox artım qeydə alınıb.

Bütövlükdə vəziyyət kirtikdir. Dinamikanın aşağı düşməsi müşahidə edilir ki, bu da özünü əsasən idxalda göstərir. Əvvəlki illərlə müqayisə zamanı idxalın 10 dəfəyə yaxın azaldığını deyə bilərik”. 

“Vətəndaşda pul yoxdur”

Ekspert deyib ki, avtomobilə tələbin kəskin azalma səbəbi həm də iqtisadi durumun çətinləşməsidir:

“Bu gün həm də vətəndaşın əlində kifayət qədər vəsait yoxdur deyə, avtomobilə tələb kəskin aşağı düşüb. İdxalın azalma səbəblərindən biri də məhz “vətəndaşda pul yoxdur” anlayışıdır. Bu da ümumi iqtisadi vəziyyətdən qaynaqlanan məsələdir. Makroiqtisadi göstəricilərdə azalmalar var, əhalinin gəlirləri aşağı düşüb. Bu da təbii ki, bütün istehlak bazarlarında olduğu kimi avtomobil bazarına da öz təsirlərini göstərib”. 

“Mersedes benz” yenə liderdir

Hazırda  şəxsi avtomobillərdən istifadədə azalmalar müşahidə olunur. R.Osmanlı bildirib ki, bu, özünü magistral və şəhərdaxili yollarda da göstərir: 

“Həmçinin yanacaq sərfiyyatının azalması müşahidə olunmaqdadır. Bütün bunlar avtonəqliyyat vasitələrindən istifadənin ümumilikdə azaldığını deməyə əsas verir. İnsanların iqtisadi vəziyyəti gərginləşdikcə, gəlirləri azaldıqca, bu, özünü ilk olaraq nəqliyyat vasitələrinin istismarında göstərir. Yəni, insanların ilkin olaraq imtina etdiyi sahələrdən biri də, məhz şəxsi minik avtomobilləridir. Əksəriyyət şəxsi avtomobillərdən istifadəni dayandırır, ya da onu satmağa üstünlük verir”.

Ekspertin sözlərinə görə, ötən illərdə olduğu kimi, hələ də “Mersedes-Benz” daha çox müraciət edilən marka olaraq liderliyi qoruyub saxlayır.

“Bu il yanvarın əvvəlində ölkədə minik avtomobillərinin sayı təxminən 1 milyon 130 min olub. Bunlardan 192 min 685 ədədi “Mercedes-Benz”dir. Onun ardınca isə statistika son 2-3 ildə “Hyundai”, “Nissan”, “KİA” və “Toyota” avtomarkalarının xeyrinə dəyişməkdədir. Bu markaların yeni modellərinə maraq artmaqdadır.
Amma eyni zamanda tendensiyanın dəyişdiyi, avtomobil parkının yeniləndiyi müşahidə edilməkdədir. Tədricən köhnə avtomobillərə maraq azalmaqda, qiyməti nisbətən ucuz olan markalara maraq artmaqdadır.

Bundan başqa sifarişlə ölkəmizə gətirilən “Bentley”, “Lamborghini”, “Ferrari”, “Maserati” avtomobilləri də az deyil”. 

“NAZ”ın avtomobil parkında payı nədir?..

R.Osmanlı son dövrlər maraq dairəsinə daxil olan Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan avtomobillərin Azərbaycanın nəqliyyat parkındakı mövqeyindən də danışıb. O, NAZ0-ın konveyr rolunu oynadığını bildirib: 

“NAZ-ı avtomobil zavodu adlandırmaq düzgün deyil. Yəni avtonəqliyyat vasitəsinin bütün detalları xaricdən gətirilir, Azərbaycanda yığılır. Bu baxımdan NAZ zavod hesab oluna bilməz. Zavod odur ki, heç olmasa yığılan nəqliyyat vasitəsinin detallarının müəyyən hissəsini özü istehsal etsin. NAZ-da isə bu nəqliyyat vasitəsinə aid heç bir detal istehsal edilmir. Bütün detallar xaricdən gətirilir, yığılır və satışa çıxarılır. Mənə elə gəlir ki, eyni markalı nəqliyyat vasitələrinin xaricdən gətirilən analoji markaları daha ucuz başa gəlir, nəinki Azərbaycanda yığılan... Fikrimcə, bu zavod hələ ki rəqabətə davamlı məhsul ortaya qoya bilmir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274