AVTO

Azərbaycanda avtomobillərin ehtiyat hissələri ucuzlaşacaq
03 İYUN
1093

Azərbaycanda avtomobillərin ehtiyat hissələri ucuzlaşacaq

2016-06-03 14:14:00

Azərbaycana idxal və ixrac mallarının gömrükdən keçirilməsi qaydaları sadələşir. Fins.az-ın məlumatına görə, bir neçə gün əvvəl Prezident İlham Əliyev «Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz» və digər buraxılış sistemlərindən istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Dəyişikliyə əsasən gömrükdən keçirilən mal əvvəlcədən elektron qaydada qeydiyyatdan keçiriləcək. Avtomobil ekspertləri hesab edirlər ki,  bu dəyişiklik həm ölkəyə idxal edilən avtomobillərin əngəllə rastlaşmadan daha tez gətirilməsinə, həm də avtomobil detallarının ucuzlaşmasına səbəb ola bilər. 

Avtomobilləri və ehtiyat hissələrini gömrükdən tez keçirmək olacaq 

Ekspert Rəşad Quliyev fins.az-a bildirib ki, sahibkarlar bir sıra hallarda gömrük sistemində idxal və ixrac zamanı çətinliklərlə  üzləşdiklərini bildirirlər. Xüsusən idxal və ya ixrac zamanı sərhəddə malların və ya avtomobilin sənədləşdirilməsi prosesi xeyli vaxt aparır və bu da ləngimələrə və uzun növbələrə səbəb olur. Yəni, ölkəyə mal gətirənlər, o cümlədən avtomobil detalları və avtomobil idxal edənlər sərhəddə sənədləşmə üçün ən azı 1 saat gözləməli olurdular. Bəzi hallarda isə bu proses günlərlə uzanırdı.

Günlərlə uzanan prosesi onlayn qeydiyyat əvəzləyəcək 

Yeni qaydalar  qüvvəyə mindikdən sonra isə sahibkar idxal və ya ixrac etdiyi malını öncədən internet vasitəsilə bəyan edəcək və aldığı kod ilə sərhəddən qısa bir zamanda keçid edə biləcək. Həmçinin əgər idxal və ixrac olunan mala hər hansı sertifikat tələb edilirsə, onu da onlayn vasitəsilə sistemə daxil edə biləcək.

Avtomobil ehiyat hissələri ucuzlacaq 

Ekspert hesab edir ki, sərhəddən keçid prosesinin sürətlənməsi ilə yanaşı məmur-sahibkar arasında indiyədək mövcud olan birbaşa təmasa son qoyulacaq və nəticədə bu sahədə şəffaflığın təmin olunması ilə bir sıra korrupsiya halları tamamilə aradan qaldırılacaq. Nəticədə ölkəyə gətirilən avtomobil detallarının qiymətləri aşağı düşə bilər.  Məsələm, ölkəyə gətirilən ehtiyat hissələrinin kodu 11-dir. Bu o deməkdir ki,  idxal rüsumu 11 % tutulmalıdır. Bu beynəlxalq qanunlara əsasən belədir. Amma ehtiyat hissəsinə görə 11 % deyil, 14 % idxal rüsumu tutulurdu. Məsələn, “Opel” avtmobillərinin dinamosu 60 avroya alınır. Milli valyuta ilə bu 100 manat deməkdir. Detalın gətirilməsi üçün yol xərci 125 manatdır. Detal yol xərci, 11% olduğu halda 14 % tutulan idxal rüsumu, 18 %-lik ƏDV ilə birlikdə 165 manata başa gəlir. Amma detal elektron qaydada  gömrük qeydiyyatında keçirilən zaman artıq 11 % idxal rüsumu tutulacaq. Nəticədə detal 165 manata deyil, 160 manata başa gələcək.  Ekspert hesab edir ki, qanun təsdiqlənərsə, ümumilikdə Azərbaycanda avtomobil detalları 3-5 % arasında ucuzlaşa bilər.

 R.Quliyev bildirib ki, qanun 2-3 ay ərzində işlənib yenidən Prezidentə təqdim edilməlidir. Bundan sonra onun əhatə dairəsi tam olaraq məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272