AVTO

Xızıda tələbələri daşıyan avtobus aşıb, 3 nəfər ölüb, 21 nəfər yaralanıb - SİYAHI
30 MAY
651

Xızıda tələbələri daşıyan avtobus aşıb, 3 nəfər ölüb, 21 nəfər yaralanıb - SİYAHI

2016-05-30 12:51:00

Mayın 29-da Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.  Fins.az-ın məlumatına görə, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.  

3 nəfər ölüb, 21 nəfər yaralanıb

Hadisə nəticəsində 3 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır. Xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

Ölənlərin kimliyi məlum olub

Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub. Onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.

Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki Universitetinin əməkdaşlarıdır.

Xəstələrdən birinin vəziyyəti ağırdır

Xızıda avtobusun aşması nəticəsində yaralanaraq Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına yerləşdirilən xəstələrdən birinin vəziyyəti daha ağırdır. Bunu Sumqayıt Şəhər Travmatologiya Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev deyib. Onun sözlərinə görə, hazırda reanimasiyada müalicə olunan həmin şəxs 1953-cü il təvəllüdlü Talbov Vaqif İlyas oğludur.

Baş həkimin müavini qeyd edib ki, dünən xəstəxanaya 8 nəfər müraciət edib. Onlardan 7-si xəstəxanaya qəbul edilib. Həmin şəxslərin 1-i evə buraxılıb, 1-i dünyasını dəyişib: "Hazırda xəstəxanada 5 xəstə müalicəsini davam etdirir. Xəstələrin diaqnozları müştərək travmalar- beyin travması, ətrafların, döş qəfəsinin ciddi zədələnmələridir". E.Quliyevin sözlərinə görə, xəstələr ən yaxşı halda, yaxın 2-3 gündən sonra evə buraxıla bilərlər.

Xəsarət alanların adları açıqlandı

Xatırladaq ki, dünən Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına daxil olan xəstələr 1971-ci il təvəllüdlü İsmayılov Mehman Oruc oğlu reanimasiya şöbəsinə, 1962-ci il təvəllüdlü Fəttayeva Zərxanım Həşim qızı travmatologiya şöbəsinə, 1969-cu il təvəllüdlü Qasımov Sumiddin Həmzə oğlu travmatologiya şöbəsinə, iki naməlum kişi reanimasiya şöbəsinə, 1982-ci il təvəllüdlü Şirinov Zaur Hurquz oğlu reanimasiya şöbəsinə, 1974-cü il təvəllüdlü Süleymanova Şəfəq Sərdar qızı travmatologiya şöbəsinə, 1991-ci il təvəllüdlü Bəşirova Günel Rayət qızı reanimasiya şöbəsinə yerləşdirilib.

Baş həkimin müavini bildirib ki, naməlum kişi kimi qeydiyyata götürülənlərin hər ikisinin şəxsiyyəti müəyyənləşdirilib. Onlardan biri hazırda reanimasiya şöbəsində müalicə olunan Talbov Vaqif İlyas oğlu, digəri isə dünən dünyasını dəyişən Sərxan Abdullayev olub.  

2 nəfərin vəziyyəti ağırdır

Siyəzən Müalicə Diaqnostika Mərkəzindən verilən məlumata görə isə, qəza nəticəsində yaralanaraq xəstəxanaya daxil olan 15 xəstədən ikisi Kliniki Tibbi Mərkəzə göndərilib. Qalan 13 nəfər isə hazırda müalicələrini davam etdirir. Mərkəzdən bildirilib ki, onların vəziyyətləri stabildir, həyatları üçün qorxu yoxdur. Kliniki Tibbi Mərkəzdən bildirlib ki, bura yerləşdirilən hər iki şəxs hazırda reanimasiya şöbəsində müalicə olunur, vəziyyətləri ağırdır. Xatırladaq ki, dünən Xızda baş verən avtoqəza nəticəsində 20-dən artıq şəxs müxtəlif dərəcəli xəsarətlər alıb, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində dünyasını dəyişənlərin sayı artıq 3 nəfərə çatıb.

Artıq cinayət işi açılıb

Qəzanın baş verməsi ilə bağlı cinayət işi açılıb. Xızı rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) cinayət işi başlanıb. Hələlik saxlanılan yoxdur. Avtobusun sürücüsü hadisə zamanı ağır bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır. Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb.

Səhiyyə naziri də Siyəzənə gedib

Səhiyyə naziri Oqtay Şirəliyev tələbə və müəllimləri daşıyan avtobus qəzası ilə bağlı Siyəzən rayonuna gedib. Nazir hazırda Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindədir. Mərkəzin baş həkimi Dadaş Hümbətov nazirə xəstələrin vəziyyəti barədə son məlumatları verib. Nazirlə birgə rayona Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları da gəlib. Xəstələrin Bakıya aparılması gözlənilir.

Qeyd edək ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb.

Mənbə: Trend, APA, Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272