AVTO

Satılmayan maşınları xaricə aparırlar - 2 QAT QİYMƏTƏ
19 MAY
2374

Satılmayan maşınları xaricə aparırlar - 2 QAT QİYMƏTƏ

2016-05-19 12:52:00

Azərbaycan avtomobil bazarında yaranan durğunluq satışla bağlı yeni tendensiya ortaya çıxarıb. Fins.az-ın məlumatına görə, hazırda avtomobil bazarında  satılmayan maşınlar iri mühərrikli , daha çox yanacaq işlədən “cip”lərdir.Artıq heç kim 20-35 litr  yanacaq işlədən avtomobil sürmək istəmir. Nəticədə Azərbaycan bazarında bu avtomobillərin demək olar ki, alıcısı yoxdur.Belə olan halda  sürücülər iri mühərrikli avtomobillərini satmağın yolunu xaricə aparmaqda görür. Belə ki, Azərbaycan ikinci əl avtomobil bazarında qiymətlər Avropa ölkələri və Rusiya ilə müqayisədə xeyli ucuzlaşıb.Yəni, hazırda işlənmiş avtomobili xaricə aparıb satmaq daha sərfəlidir.

Satılmayan  avtomobillər üçün  ən sərfəli çıxış yolu

Yeni və ikinci əl avtomobillərin həm Azərbaycanda, həm də xaricdə satışını həyata keçirən “VIP ESCORT” şirkətinin rəhbəri Rəşad Quliyev fins.az-a bildirib ki, ötən ilin sonundan etibarən Azərbaycanda satılmayan avtomobillər xarici ölkələrə aparılır. O, bildirib ki, Türkiyədə istisna olmaqla, Avropa ölkələri və Rusiyada ölkəyə gətilən avtomobillərin istehsal tarixi bağlı hər hansı məhdudiyyət qoyulmur. Ona görə də  köhnə avtomobilləri Almaniyaya aparıb satmaq çox asandır. Almaniyada xüsusilə də, 2002-2008-ci illərə aid Yaponiya və Cənubi Koreya avtomobillərinə böyük maraq var. R.Quliyev bildirib ki,  Almaniyada əsasən kiçik ölçülü avtomobillər sürüldüyü üçün,  kiçik xeçtbək və krossoverlər  sevilir.Xüsusilə də, “Kia Picanto”, “Kia Rio”, “Hyundai i10”, “Hyundai i20”, “Nissan Qashqai” avtomobillərini almaq istəyirlər.

Şirkət rəhbəri: “Avtomobili xaricdə satmaq üçün məsləhət alırlar”

R.Quliyevin sözlərinə görə, tələbat olduğu üçün yerli avtomobil sahiblərimaşınlarını satmaq üçün Almaniya və Rusiya  bazarlarına üz tuturlar. Tələbat olduğu üçün ikinci əl avtomobillər  bu ölkələrdə Azərbaycana nisbətən  xeyli bahadır.Bakıda avtomobilini satmaq üçün qiyməti bir neçə min manat aşağı salırdısa, eyni maşını  yol və gömrük xərci daxil olmaqla belə Almaniyada xeyli baha satmaq olur.R.Quliyev son bir neçə ayda Azərbaycandan  5-6 avtomobilin satış üçün xaricə aparıldığı ilə bağlı məlumatının olduğunu deyib: “Bəzi hallarda avtomobil xaricdə satmaq istəyənlər hətta zəng vurub məsləhət alırlar”.

Suzuki Grand Vitara” - Azərbaycanda 5 min, Almaniyada 9 min dollar

Şirkət rəhbəri bildirib ki, Almaniyada satmaq üçün sürücünün əlavə xərci min manat yol pulu və avtomobilin dəyərinin 10%-ni gömrük rüsumu ödəməkdən ibarət olur. Məsələn, 2008-ci il model “Suzuki Grand Vitara”  avtomobilini   Bakıda  5 min dollara təklif edirdilər. Avtomobili bu qiymətə alan olmadı. Avtomobilin sahibi onu sürərək Almaniya gətirdi. Min dollar yol xərci və min dollar da Almaniyada gömrük rüsumu ödədi. Avtomobili 9 min dollar satdı.

Həm maşınla Avropa turu, həm də 2 dəfə baha satış

“Nissan Qashqai” avtomobilinin sahibi isə Bakıda sata bilmədiyi maşını Almaniyada 2 dəfə baha satıb. Belə ki, Bakıda avtmobilini 6 min dollara təklif etsə də, alıcı tapılmayıb. O, avtomobilini Almaniyada satmağı qərara alıb. Həm bir neçə ölkəni avtomobillə səyahət edib, həm də Almaniyaya gətirərək  2 dəfədən çox baha qiymətə- 14 min dollara satıb.

Bakıda ucuzlaşan “Toyota”ları Rusiyada alırlar

R.Quliyev Almaniya ilə yanaşı, Rusiyada da Azərbaycanda satılan ikinci əl avtmobillərə tələbat olduğunu deyir. Belə ki, Rusiyada Yaponiya avtomobilləri, xüsusilə də “Toyota Land Cruiser”, “Toyota Prado”, “Nissan X Trail” modellərinə böyük maraq var.Azərbaycanda isə yanacaqla bağlı bu avtomobilləri alan olmadığından qiymətlər xeyli ucuzlaşıb. Ona görə də, Rusiyada  ikinci əl “Toyota” avtomobillərini Azərbaycandan almaq istəyirlər. Bu isə  “Toyota”larını satmaq istəyən yerli avtomobil sahibləri üçün əlverişli şərait yaradıb. Bir neçə aydır ucuz qiymətə sata bilmədiyi maşını Rusiyaya aparıb baha qiymətə sata bilərlər.

22 minlik “Toyota”nı Moskvada 40 min dollar satdı

R.Quliyevin sözlərinə görə, Rusiyada avtomobilin yürüş məsafəsinə diqqət yetirilmir, yəni qiymətə təsir etmir.Bu isə daha bir üstünlükdür.Məsələn, 2011-ci il model “Toyota Land Cruiser” Bakıda 21-22 min dollar təklif edilirdi, amma alan olmadı. Avtomobilin sahibi maşını satmaq üçün Rusiyaya apardı. 10 min dollar gömrük rüsumu ödədi. Avtomobili  Moskvada 40 min dollar satdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271