AVTO

Sürücülər cərimə problemini necə həll etsin? - AÇIQLAMA
18 MAY
497

Sürücülər cərimə problemini necə həll etsin? - AÇIQLAMA

2016-05-18 19:34:00

Son günlər sürücülər cərimə protokollarının ödənilməsi zamanı problemlərlə qarşılaşırlar. Fins.az-ın məlumatına görə,problem inzibati xətaya yol vermiş sürücünün barəsində yazılmış protokolun sistemə köçürülməməsindən qaynaqlanır.

Belə ki, sürücü cəriməni ödəmək üçün banka yaxınlaşanda çətinliklə üz-üzə qalır. Bankdan bildirirlər ki, cərimə sistemə oturmayıb. Belə olan halda da sürücülər də protokol cərimələrini ödəyə bilmirlər. Ödəniş prosesi həyata keçirilmədikdə isə, yol polisi sürücünü saxlayır və ona bu barədə məlumat verir. Sürücü isə öz növbəsində məsələdən xəbərdar olduğunu, sadəcə olaraq ödəniş prosesini bank vasitəsilə həyata keçirməyin mümkün olmadığını qeyd edir.

Fins.az-ın məlumatına görə, "Qafqazinfo" sürücülərin üçün problemə çevrilən, aktual olan bu məsələnin həlli yollarınının nədən ibarət olduğunu öyrənmək üçün Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevə müraciət edib.

Şöbə rəisi qeyd edib ki, Daxili İşlər Nazirliyinin e-xidmet.mia.gov.az saytı var: “Biz hər kəsə o saytda qeydiyyatdan keçməyi tövsiyyə edirik. Sürücü haqqında nə qədər protokol varsa, həmin saytda görünəcək. Həmin sayt üzərindən protokolar üzrə cərimə məbləğləri barədə qərar olsa da, olmasa da sürücülərin cərimələri ödəmək imkanları var. Belə ki,inzibati xətaya yol vermiş şəxs xətasıyla bağlı protokulun sistemdə qərarlı və qərarsız olmasını görəcək.

Protokol qərarsız olsa belə sürücü onu ödəməyə razıdırsa, portal vasitəsilə ödənişi həyata keçirə bilər. Bunun üçün də plastik kart lazımdır. Ödəniş həyata keçirilirsə, artıq o qərar hesab olunur və qəbul olunur. Ödəmə prosesini həyata keçirmək sürücünün iki variantı var.

Birincisi, qərarsız ödəniş formasından istifadə edə bilər.

İkincisi isə, sürücüyə xəta törətməsi ilə bağlı rəsmi bildiriş verilirsə, 10 gün müddətinə artıq o qərar hesab olunur. Sürücü də istənilən bankda cəriməni ödəyə bilər. Kimsə baş vermiş xətanı özü törətməyibsə, avtomobili digər bir şəxsin istifadəsində olan zaman xəta baş veribsə, bunlarla bağlı vəsatət qaldıra bilər”.

Sürücülərin məlumatlandırılmasına gəlincə isə, K. Əliyev onların bir qisminin öz qeydiyyat ünvanları üzrə yaşamadığını diqqətə çatdırıb: “Yol hərəkəti qaydalarının pozulması barədə tərtib olunan elektron protokolu sürücüyə çatdırmaq yalnız sifarişli poçt vasitəsilə mümkündür. Bu zaman şəxs ünvanında olmursa və ya yaxud orada yaşayan yoxdursa, sözsüz ki bu halda sənədləri sürücüyə rəsmi qaydada vermək mümkün olmayacaq. Bu zaman avtomobilin saxlanılaraq sənədlərin təqdim olunması haqqında qərar çıxarılır. Bu sənədlər sürücüyə rəsmi qaydada veriləndən 10 gün sonra o qərara çevrilir. Həmin vaxtdan da 10 gün müddətinə qərardan şikayət etmək hüququ var. Əgər şikayət yoxdursa, qərar qanuni qüvvəyə minibsə, və həmin şəxs beş iş günü ərzində cəriməni ödəmirsə, bu zaman 10 faizlik güzəştdən məhrum olur və bir aydan sonra da cərimə məbləğinin üzərinə faiz gəlməyə başlayır”.

K. Əliyevin sözlərinə görə, cərimələrin plastik kartla ödənişini həyata keçirmək daha rahatdır: “Yaxın zamanlarda hətta vətəndaşın plastik kartı olmasa da onun barəsində qərar çıxarılmasa belə, cəriməni ödəmək mümkün olacaq. Bu iri həcmdə olan işdir. Çünki, bu bir neçə bankda görünməlidir. Vətəndaş hansı banka getsə adı,soyadı ilə ödənişi həyata keçirmək imkanına malik olmalıdır. Hələ ki cərimələrin plastik kartla ödənilməsi proseduru tamamlanıb. Bundan əlavə, hər kəs haqqında elektron kabinet yaradılıb. ASAN Xidmət portalında qeydiyyatdan keçib barəsində olan məlumatlara hər kəs baxa bilər. Bundan əlavə, əgər şəxsin telefon nömrəsi nazirlikdə qeydiyyatda varsa, yol verdiyi qayda pozuntusu haqda ona sms məlumat da gedir. Bundan əlavə, bu gün sürücülərin bəziləri protokolların ödənilməsi ilə bağlı narazılıq edir. Narazılıq edənlərin əksəriyyəti məsuliyyətdən yayınmaq üçün bu addımı atırlar. Hər kəs özü haqqında bir neçə internet resursundan istifadə etməklə məlumat əldə edə bilər. Qeydiyyatda olduğu ünvandan əlavə, yaşadığı ünvan haqqında da yol polisinə məlumat verə bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275