AVTO

Yol polisinin buna səlahiyyəti yoxdur - EKSPERT
05 MAY
6585

Yol polisinin buna səlahiyyəti yoxdur - EKSPERT

2016-05-05 10:05:00

Cərimənin gecikdirilməsinə və yaxud ödənilməməsinə görə yol polisinin sürücülük vəsiqəsini almaq hüququ yoxdur. Bunun fins.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə eksprt Ərşad Hüseynov deyib. 

Xatırladaq ki, söhbət cərimə ilə bağlı sürücülük vəsiqəsinin tələb edilməsi və avtomobilin cərimə meydançasına aparılması hallarından gedir. Son vaxtlar avtomobil sahibləri tərəfindən belə şikayətlər artıb. Avtomobil yüksək sürətlə bağlı radara düşür və yaxud  sürücü digər bir qayda pozuntusu ilə bağlı cərimələnir. Amma ona ya bu barədə gec məlumat verilir, ya da sürücü o zaman bu haqda xəbər tutur ki, yol polisi avtomobili cərimə meydançasına aparır.Bəzi hallarda isə sürücüyə cərimə ilə bağlı sənəd göndərilmədiyi halda əlavə faiz də hesablanır. Belə faktlardan biri ilə bağlı fins.az-a müraciət daxil olub. 

Cərimələri ödəsə də, avtomobilini meydançaya  aparıblar 

Fins.az-ın oxucusu bildirir ki, dekabr ayının 28-da avtomobili düzgün yerdə park etmədiyi üçün  ona cərimə yazılıb. Cərimə sistemə yalnız fevral ayının 2-də qeyd edilib. Amma cərimə haqqında avtomobil sahibinə heç bir məlumat verilməyib. Sürücü digər cərimələrini ödəyərkən belə bir cəriməsinin olduğunu bilməyib.May ayının 3-də isə yol polisi sürücünü saxlayaraq cərimənin gecikdirildiyinə görə, avtomobilini meydançaya aparıb və sürücülük vəsiqəsinin isə alınacağını deyib.Sürücü isə dərhal bu cəriməsini ödəyib. Amma, bu halda belə avtomobilin cərimə meydançasında saxlanılacağı bildirilib.Halbuki, yol polisinin qanunla buna  heç bir hüququ yoxdur. 

Sürücülük vəsiqəsi yalnız məhkəmənin qərarı ilə alına bilər 

Ekspertlər isə  DYP  tərəfindən  yol verilən belə halların tamamilə qanunsuz olduğunu deyirlər. Birincisi cərimə olduğu  halda belə vətəndaş sürücülük vəsiqəsindən yol polisi deyil, yalnız məhkəmənin qərarı olduqdan sonra məhrum edilə bilər. 

Yazılı sənəd olmadan cərimə qüvvəyə minmir 

Bundan əlavə sürücüyə cərimə haqqında hər hansı yazılı sənəd göndərilməyibsə, cərimə qüvvəyə minməmiş hesab edilir.Qüvvədə olmayan cəriməyə görə isə  nə gecikdirilmə ilə bağlı  əlavə faiz hesablana bilər, nə də avtomobili cərimə meydançasına aparmaq olmaz.  Ekspert Ərşad Hüseynov fins.az-a bildirib ki,  İnzibati Xətalar Məcəlləsinin 57 və 125-ci maddələrinə əsasən bu halda  əlavə cərimə hesablaması və avtomobilin cərimə meydançasına aparılması qadağandır. 

Cərimə yerində ödənilirsə, avtomobil cərimə meydançasına aparıla bilməz 

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 159-cu maddəsində  avtomobilin cərimə meydançasına aparılması və sürücülükdən məhrumetmə hüququ olan orqanlar göstərilib. Sürücülük hüququndan məhrum etmə  yalnız məhkəmənin qərarı ilə ola bilər. Əgər belə bir qərar yoxdursa, yol polisi sürücülük vəsiqəsini ala bilməz.  Digər tərəfdən yol polisi cərimə ödənişi  3 aydan artıq gecikdirildiyi halda avtomobili cərimə meydançasına apara bilər.  Amma sürücü saxlanılarkən cəriməni dərhal ödəyirsə, bu zaman avtomobili cərimə meydançasına aparmağa ehtiyac yaranmır.  Və ödəniş edildiyi halda belə avtomobili cərimə meydançasına aparmaq tamamilə qanunsuzdur. Bundan əlavə  məhkəmə prosesi zamanı avtomobil sahibi  cəriməni ödəyirsə, məhkəmə qərara xitam verir. Yəni, sürücü cəriməni ödəyib avtmobili meydançadan götürə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271