AVTO

Bahalı maşınları satmaq üçün – YENİ ÜSUL TAPILDI
04 MAY
1528

Bahalı maşınları satmaq üçün – YENİ ÜSUL TAPILDI

2016-05-04 11:50:00

Azərbaycan avtomobil bazarında son bir ayda barter canlanıb. Söhbət iri mühərrikli və bahalı avtomobillərin nisbətən ucuz modellərlə dəyişdirilməsindən gedir. 

Tıxacda 33 litr benzin yandırmaq sərfəli deyilmiş 

Avtomobil ekspertləri bildirirlər ki,  Bakıda böyük mühərrikli avtomobilləri sürmək artıq sərfəli deyil. Əvvəl avtomobilin bahalı və brend model olmasına görə alanlar yanacaq sərfini düşünməyiblər. Amma iqtisadi durğunluq 50-100 min manatlıq avtomobil sahiblərinin də diqqətini yanacaq  sərfinə yönəldib. Əvvəl şəhəriçi yollarda 100 kilometrə 30-35 litr yanacaq işlədən avtomobillərlə gəzən maşın sahibləri artıq bu maşınlardan imtina edirlər. Nəticədə avtomobil bazarında  satışa çıxarılan amma alıcı tapa bilməyən 100 kilometrə  20 litrdən yuxarı yanacaq işlədən avtomobillər xeyli artıb. 

Endirim də satışa kömək etməyib

Belə maşınların qiymətlərini xeyli ucuzlaşdırması da alıcıların diqqətini cəlb etmir. Bahalı  və çox yanacaq işlədən avtomobilindən qurtulmaq istəyən sürücülər çıxış yolunu onu dəyərindən xeyli aşağı digər modellərlə barter etməkdə görürlər. Ona görə də avtomobil bazarında hazırda iri ölçülü  “cip”lərlə bağlı  barter təklifi xeyli artıb.  Bunu avtmobil satıcıları ilə yanaşı, avtomobil elanları yerləşdirilən  saytlar da etiraf edirlər. 

Hər 3 bahalı maşından 2-si barter edilir 

Alsat.az saytının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, son bir ayda avtomobil barteriylə bağlı  təkliflərin 20 %-dən 60%-ə qədər yüksəlib. Məsələn, mart ayına qədər 5 təklifdən yalnız 1-i barterlə bağlı idisə, hazırda 3 avtomobil elanından 2-sində avtomobilin sahibi barterə də hazır olduğunu bildirir.  Barter təkliflərinin hamısı iri mühərrikli və yanacaq sərfiyyatı 20 litrdən yuxarı  olan avtmobillərlə bağlıdır.  

İri mühərrikli “cip”ləri 10-15 min dollar ucuz dəyişirlər 

V.Hüseynovun sözlərinə görə, bu avtomobillər  iri krossoverlərdir. Məsələn, avtomobil bazarında satılmayan 4.4 -4.8 litr mühərrikli “BMW X5”, “BMW X6”, “Galendevagen”, “Dodge Drango”, “Porsche Cayenne” və  “Jeep Grandsheroke” kimi modelləri  buna misal göstərmək olar. V.Hüseynov bildirib ki,  avtomobil sahibləri bu modelləri hətta bəzi hallarda 10-15 min dollar aşağı dəyərləndirirlər. Məsələn, 40 min dollarlıq avtomobilin 30 min dollarlıq  modellə barteri təklif edilir. 

Sürmək üçün  “BMW X5”, “BMW X6”nı  “Hyundai” və “KİA”larla  dəyişirlər 

Ekspertlər bildirirlər ki, bu təkliflərdə iki formadadır. Birincilər daha az yanacaq işlədən  digər  krossoverlə başa-baş dəyişib sürmək istəyirlər. Bu şəxslər  adətən “Hyundai” və “Kia”nın az yanacaq işlədən modellərində üstünlük verirlər.  Əvvəllər  “cip” sürməyə öyrəşən avtmobil sahibləri  ona görə də “X5” “X6”larını,  əlavə cəmi 3-5 min manat almaq şərtlə  “Hyundai Santa FE”,  “İX 35”, “KİA Sportage”, “KİA Sorento” modellərinə dəyişmək istəyirlər. V.Hüseynov bildirib ki, son belə br barter 2009-cu il model “X6” modeli ilə bağlı olub.  Avtomobilin sahibi onun 20500 dollar dəyərləndirərək   əlavə 5 min dollara 2012-ci ilin “KİA Sportage ” modelinə  dəyişməyə razılıq verdi.  

“BMW X5”i  “ Hyundai Santa Fe” ilə başabaş dəyişirlər

Bəzi hallarda isə hətta bahalı maşınlarından bezənlər onu başabaş dəyişməyə razı olurlar. V.Hüseynovun sözlərinə görə,  10 avtomobildən 3-4-ü başabaş dəyişdirilir: “Məsələn, 2008-ci ilin “X5” modelini 2012-ci ilin  “ Hyundai Santa Fe”sinə başabaş dəyişdilər”.

Satmaq üçün “Toyota Prado” ilə  barter edirlər

Bəzi avtomobil sahibləri isə iri mühərrikli krossoverləri  sata bilmədikləri üçün barterə razılaşırlar. Barteri bazarda daha çox satılan modellərlə edirlər. Daha sonra həmin maşını  da sataraq bir neçə min manat əlavə pulla istədikləri maşını seçirlər.  Bu formada barter isə  avtomobil bazarında məşhur 2.7 l mühərrikli “Toyota Prado” modelləri ilə edilir. Çünki bu maşınların hər zaman alıcısı var. 

Bahalı maşın həvəsi  ucuz maşın sahiblərini aldadır 

Qiymətlərin dollarla göstərilməsi isə əvvəllər ucuz avtomobil sürənləri həvəsləndirirlər. Məsələn, 45 min manatlıq  “X5” modeli elanda 27 -30 min dollara göstərilir. Bu avtomobillərin kaprizlərindən xəbərsiz 18 min dollarlıq  “KİA” və ya “Hyundai” sürücüləri  qiymət fərqinin aşağı olmasını görüb həvəslənirlər. 3-5 min dollar əlavə ödəməklə  barterə razılaşırlar.  Bir neçə ay sürəndən sonra onlar da bezərək daha ucuz qiymətə  barter təklifi edirlər. Nəticədə avtomobil bazarında  barter  təklifləri ilə kəskin artıb.

“Hər şey bankların qərarından aslı olacaq” 

Ekspertlər hesab edirlərki, barter təkliflərinin xeyli artımı həmdə bankların avtomovbil kreditlərini dayandırmasıdır. V.Hüseynov bildirib ki,  bahalı maşını kreditlə satmaqdan məhrum olan sürücülər nəticədə onu real dəyərindən daha aşağı qiymətə dəyişməyə məcbur olurlar.  Onun sözlərinə görə, dollar kreditləri ilə bağlı  son qərar və dolların məzənnəsinin  yenidən qalxması ehtimalları bankları bir müddət  avtomobil kreditlərindən çəkindirəcək. Ona görə də  növbəti bir-iki ay ərzində banklardan avtomobil krediti gözləməyə dəyməz. Bu isə o deməkdir ki, avtomobil barteri ilə bağlı təkliflər  artmaqda davam edəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271