AVTO

Bu avtomobillərin texniki baxış müddəti başa çatır – 1 GÜN QALDI
27 APREL
1976

Bu avtomobillərin texniki baxış müddəti başa çatır – 1 GÜN QALDI

2016-04-27 11:50:00

Azərbaycanda bu avtomobillərin texniki baxış müddəti başa çatmaq üzrədir. Fins.az-ın "Avtosfer"-ə istinadən məlumatına görə, qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, 1 yanvar – 30 aprel aralığında “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobilləri və motosikletlər texniki baxışdan keçməlidir. Digər xarici ölkələrdə istehsal olunan minik avtomobilləri isə 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust – 31 oktyabr aralığıdır. Avtosfer.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. 

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edilib. Ona görə də texniki baxışa gedən nəqliyyat vasitəsi sahibləri yalnız baxış üçün dövlət rüsumu ödəyəcəklər. Dövlət rüsumu isə avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulmuşdur. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxış zamanı həmin rüsumdan və rüsumu bank vasitəsilə ödədiyiniz halda 1 manatdan artıq olmayan bank xərcindən əlavə hər hansı ödəniş nəzərdə tutulmur və heç kəs belə ödənişi sizdən tələb edə bilməz. 

Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri də təqdim etməlidir:

1) sürücülük vəsiqəsi; 

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi); 

3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;

4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi. 

Əgər nəqliyyat vasitənizin istismarı texniki baxışdan əvvəl texniki nasazlıq səbəbi ilə müvafiq aktla qadağan edilmiş olubsa və bu nasazlığı özünüz yox, texniki-təmir sahəsi (stansiyası) aradan qaldırıbsa, onda bu qadağaya səbəb olan nasazlıqların aradan qaldırılması barədə həmin texniki-təmir sahəsinin sənədini də texniki baxış zamanı təqdim etməlisiniz. 

Qanunvericilikdə birbaşa nəzərdə tutulmasa da, son illər yaranmış təcrübəyə əsasən, nəqliyyat vasitəsini texniki baxışdan keçirərkən ödənilməmiş cərimələrin olub-olmadığı da yoxlanılır. Bu, əslində yaxşı haldır. Çünki sürücülərin ödənilməmiş cərimələrlə bağlı problemləri onların diqqətinə çatdırılır. Lakin ödənilməmiş cərimənin olması texniki baxışdan imtina üçün əsas deyil.

Bundan başqa, texniki baxışa təqdim edəcəyiniz əsas şey saz vəziyyətdə olan nəqliyyat vasitənizdir. Nəqliyyat vasitəsinin sazlığına dair tələb “Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsində verilib. 

Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275