AVTO

Avtomobili etibarnaməsiz sürənlərə - XƏBƏRDARLIQ
20 APREL
2009

Avtomobili etibarnaməsiz sürənlərə - XƏBƏRDARLIQ

2016-04-20 12:37:00

Azərbaycanda avtomobil satışı zamanı maşını yoxlamağın ən yaxşı üsulu müştərinin avtomobilə oturub onu idarə etməsidir. Bu üsul artıq qaydaya çevrilib – həm maşın satınlar, həm də alıcılar bunu adi hal sayırlar. Amma bu məsələ ilə bağlı ciddi problem mövcud imiş. Bu məsələ bir qədər əvvəl baş verən bədbəxt hadisə və ondan sonra sığorta şirkəti bağlı yaranan böyük mübahisədə ortaya çıxıb.

Avtomobili  sürüb yoxlamaq üçün götürdü, oğlu qəzada öldü

Söhbət  2013-cü ilin mayın 4-də  Ağsu rayonunda baş verən qəzadan gedir. Həmin vaxt Bakı sakini Ceyhun Heydərov  “Mercedes” markalı avtomobilini satmaq istəyib. Bu zaman müştəri - Mütəllib Şirəliyev sürüb yoxlamaq üçün avtomobili ondan bir neçə günlük alıb. C.Heydərov avtomobili müştəriyə verərkən heç bir sənəd verməyib. M.Şirəliyev öz növbəsində avtomobili sürmək üçün oğluna (Elmir Şirəliyev)  verib. E.Şirəliyev isə avtomobili özü deyil, idarə etməık üçün dostu Abil Abdullayeva həvalə edib. Abil Abdullayev həmin avtomobillə 2013-cü il, mayın 4-də  Ağsu rayonunda qəza törədib.  Qəza nəticəsində  sürücünün yanında əyləşən Elmir Şirəliyev ölüb. Ağsu rayon məhkəməsi qəzada sürücünün təqsirkar olması qənaətinə gələrək Abil Abdullayevin 4 il müddətində həbs edib. 

“Xalq Sığorta” ölən sərnişinə görə ödənişi vermir

Qərardan sonra qəzada dünyasını dəyişmiş Elmir Şirəliyevin  atası Mütəllib Şirəliyev 2014-cü il iyunun 18-də sığorta ödənişini almaq üçün sığorta şirkətinə müraciət edib. Qeyd edək ki, haqqında söhbət gedən avtomobil “Xalq Sığorta” şirkətində icbari sığortalandığı üçün sığorta ödənişi də həmin şirkətdən tələb edilib. Amma «Xalq sığorta» hadisə ilə bağlı gec müraciət edildiyini əsas gətirərək sığorta ödənişi verməkdən imtina edib. “Xalq Sığorta” bəyan edib ki, onlar avtomobil qəzasının sığorta hadisəsi olub-olmadığını və dəymiş zərərin məbləğini müəyyən edə bilməyiblər. Buna görə də, ödəniş verilməyəcək. 

Yasamal rayon məhkəməsi ödənişin verilməsini tələb edib 

Bu prosesdə avtomobilin sahibinin hüquqlarını müdafiə edən "Mitra"  hüquq şirkətinin direktoru direktoru  Muxtar Şiriyev fins.az-a bildirib ki, həmin vaxt məsələ ilə bağlı Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət edilib. Məsələni araşdıran xidmət “Xalq sığorta” şirkətindən ödənişin verilməsini tələb etsə də, şirkət bu tələbi icra etməyib. Nəticədə tərəflər mübahisəni məhkəmədə davam etdiriblər. Yasamal rayon məhkəməsi «Xalq sığorta» şirkətinin sığorta ödənişinin verilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün ötən il dekabr ayının 9-da  qətnamə qəbul edib. 

Məhkəmələr əks qərar çıxarıb 

Rayon məhkəməsinin qərarı ilə razılaşmayan «Xalq Sığorta» bu qərardan Apellasiya məhkəməsinə müraciət edib. Ardıcıl olaraq həm Apellyasiya, həm də Ali Məhkəmə  mübahisədə sığorta şirkətini haqlı çıxarıb. Yəni, ölən sərnişinə sığorta ödənişi verilməməlidir. Hər iki məhkəmə buna sürücünün avtomobili idarə etmə hüququnun olmamasını əsas gətirib. Belə ki, sürücü avtomobilin sahibi deyil və  heç etibarnaməsi də yoxdur. Həm Apellyasiya, həm də Ali məhkəmə  belə qənaətə gəlib ki, əgər qəza başqa şəxs tərəfindən  törədilibsə, ölən sərnişin zərərçəkən hesab edilmir və  ona görə ödəniş verilə bilməz. 

Əsas günahkar avtomobilin sahibidir

Amma qarşı tərəf bu dəlillərlə razılaşmayıb. M.Şiriyev bildirir ki, məhkəmə burada avtomobilin sahibinin onun qanunsuz şəkildə başqasına sürülməyə icazə verməsi halını nəzərə almayıb. (Qanunun 25-ci maddəsində icbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları göstərilib). Belə ki,  qanuna əsasən belə olan halda subroqasiya hüququ yaranır. Yəni, avtomobil sahibi heç bir sənəd olmadan  avtomobili başqasına sürməyə icazə verdiyi üçün məsuliyyət daşıyır. Sığorta şirkəti də ölən sərnişinə görə ödəniş etməli və dəyən ziyanı avtomobilin sahibindən tələb etməlidir. M.Şiriyev məsələ ilə bağlı Konstitusiya məhkəməsinə kasassasiya şikayəti veriləcəyini bildirib. 

Belə mübahisələlər qanuna şərh verilməməsinə görə yaranır  

Sığorta eksperti Tural Şükürov da fins.az-a bildirib ki, qanunla ölən sərnişinə sığorta ödənişi verilməlidir: “Problem ondadır ki, məsələ Ali məhkəməyə qədər gəlsə də, düzgün həllini tapmayıb”. Sığorta  şirkəti və məhkəmə istinad edib ki, avtomobilin sahibi (“sığorta olunan) avtomobili idarə etmədiyi halda baş vermiş hadisə sığorta hadisəsi sayılmır və buna görə də ödənişin verilməsindən imtina edilir. Amma Mülki Məcəllənin 21.1 maddəsinə əsasən avtomobilin  etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edilməsi  ödənişin verilməsindən imtinaya səbəb ola bilməz.  

Sığorta mübahisələri ilə bağlı xarici təcrübə 

T.Şükürovun sözlərinə görə, sığorta ilə bağlı yaranan mübahisələri  Qazaxıstanda ombudsman, Rusiyada isə  Rusiya Sığortaçılar Assosasiyası həll edir. Azərbaycanda qanunla bağlı təklifi dövlət qurumları verdiyi üçün onun məhkəmədə şərhini də bu qurumlar verməlidir. Sığorta ilə bağlı hazırda məhkəmələrdə qanuna şərh verən dövlət orqanı isə yoxdur.Bu isə problemin ciddiləşməsinə gətirib çıxarır. 

İstənilən halda ölən sərnişinə görə ödəniş verilməlidir

Hüquqşünas Fuad Musa da “İcbari Sığortalar haqqında” qanuna əsasən  sərnişinə görə sığorta ödənişinin verilməli olduğunu deyir. Onun sözlərinə görə,  avtomobili idarə edən şəxsin sürücülük hüququnun olub-olmamasından aslı olmayaraq  sığorta ödənişi mütləq verilməlidir. Sığorta  şirkəti  ödəniş etdikdən sonra avtomobili qanunsuz idarə edən sürücüyə və ya onu sənədsiz olaraq başqasına sürməyə icazə verən sahibinə qarşı məhkəmə iddiası qaldıraraq dəyən ziyanı tələb edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272